Azedu.az

Şirvan-Salyanda çalışan musiqi və təsviri incəsənət müəllimlərin SAYI

Region təhsili

Şirvan-Salyan

24 Noyabr 2025, 10:58
Şirvan-Salyanda çalışan musiqi və təsviri incəsənət müəllimlərin SAYI

Rayonlarda yerləşən ümumtəhsil müəssisələrində bəzi fənlər üzrə xüsusilə də musiqi və təsviri incəsənət sahəsində ciddi kadr çatışmazlığı mövcuddur. Müvafiq sahələr üzrə pedaqoji kadr hazırlığının məhdud olması həmçinin mövcud müəllimlərin həmin rayon və kəndlərdə işləməyə maraqlı olmaması bu vəziyyəti daha da dərinləşdirir. 

Maraqlıdır, regionlarda musiqi və təsviri incəsənət fənni üzrə neçə müəllim fəaliyyət göstərir?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Şirvan-Salyan Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.

İdarədən sorğumuza cavab olaraq bildirilib ki, ümumilikdə 282 nəfər musiqi, 447 nəfər isə təsviri incəsənət müəllimi kimi fəaliyyət göstərir:

"Belə ki, Neftçala rayonu üzrə ümumtəhsil məktəblərində 22 nəfər musiqi müəllimi, 23 nəfər təsviri incəsənət müəllimi, Biləsuvar rayonu üzrə ümumtəhsil müəssisələrində 24 nəfər musiqi müəllimi, 29 nəfər təsviri incəsənət müəllimi, Hacıqabul rayonu üzrə ümumtəhsil müəssisələrində 23 nəfər musiqi müəllimi, 30 nəfər təsviri incəsənət müəllimi, Şirvan şəhəri üzrə ümumtəhsil müəssisələrində 18 nəfər musiqi və 18 nəfər təsviri incəsənət müəllimi, Salyan rayonu üzrə ümumtəhsil müəssisələrində isə 195 nəfər musiqi müəllimi və 347 nəfər təsviri incəsənət müəllimi fəaliyyət göstərir".

Təhlil göstərir ki, bölgələr üzrə musiqi və təsviri incəsənət müəllimlərinin sayında ciddi fərqlər mövcuddur. Bu, həm əhalinin sıxlığı, məktəb sayı, həm də tədris planlarının bölgələr üzrə tətbiqindəki müxtəlifliklərlə izah oluna bilər. Xüsusilə Salyan rayonunda bu sahədə kadr təminatının yüksək olması diqqət çəkir. Digər tərəfdən, bəzi bölgələrdə müəllim sayı minimal həddədir ki, bu da keyfiyyətli tədris imkanlarını məhdudlaşdıra bilər. Gələcəkdə bölgələr üzrə balanslaşdırılmış kadr siyasətinin həyata keçirilməsi, təhsil resurslarının bərabər şəkildə paylanması və ucqar ərazilərdə müəllimlərin stimullaşdırılması məsələlərinin aktuallığını artırır.

Müəllimlərin 8 saatlıq iş qrafikində maaşlar necə hesablanacaq? - Müəmmalar
Son xəbərlərDaha çox