Azedu.az

Abituriyentlər Bakını seçir - Regional universitetlər harada uduzur?

Region təhsili

26 Yanvar 2026, 15:17
Abituriyentlər Bakını seçir - Regional universitetlər harada uduzur?

"Son illərdə Azərbaycanda ali təhsil sistemində müşahidə olunan əsas tendensiyalardan biri abituriyentlərin böyük əksəriyyətinin öz bölgələrindən kənarda, xüsusilə Bakı şəhərində yerləşən ali təhsil müəssisələrini seçməsidir. Bu meyil təkcə fərdi seçim deyil, eyni zamanda iqtisadi, psixoloji və sosial prosesdir".

Bu fikirləri AzEdu.az-a açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Mehriban Vəliyeva qeyd edib. 

176578

Deputatın sözlərinə görə, abituriyentlərin Bakı universitetlərinə yönəlməsinin birinci səbəbi təhsil keyfiyyəti ilə bağlı formalaşmış ictimai rəy ilə əlaqədardır:

"Paytaxtdakı ali məktəblər daha güclü akademik heyətə, geniş elmi-tədqiqat imkanlarına və beynəlxalq əlaqələrə malik qurumlar kimi qəbul edilir. Bu təsəvvür bəzi hallarda real fərqlərə əsaslansa da, bəzən regional universitetlərin inkişafı barədə məlumat çatışmazlığı ilə bağlıdır.

Digər mühüm amil karyera perspektivləridir. Bakı həm dövlət, həm də özəl sektorun əsas mərkəzi olduğundan, tələbələr üçün təcrübə proqramları, iş imkanları və peşəkar şəbəkələşmə baxımından daha cəlbedici görünür. Paytaxtda təhsil almağın gələcəkdə iş tapmaq ehtimalını artırdığı düşünülür.

Sosial və mədəni faktorlar da seçimə ciddi təsir göstərir. Paytaxtda daha aktiv tələbə həyatı, müxtəlif mədəni tədbirlər, kurslar və beynəlxalq mühit gənclər üçün cəlbedici görünür. Bununla yanaşı, bir çox ailələr üçün Bakı universitetində oxumaq prestij göstəricisi hesab olunur".

Regional və paytaxt universitetləri arasında müəyyən obyektiv fərqlər mövcuddur

"Bunlara elmi laboratoriyaların səviyyəsi, beynəlxalq mübadilə proqramlarının sayı, tədqiqat maliyyələşməsi və əmək bazarı ilə əlaqələr daxildir. Lakin bu fərqlər bütün regional universitetlərə şamil edilə bilməz.

Bir sıra regional ali təhsil müəssisələri, xüsusilə pedaqoji, aqrar və müəllim hazırlığı sahələrində bəzi Bakı universitetlərindən geri qalmır, hətta üstün mövqedədir. Problemin əsas səbəbi bu universitetlərin uğurlarının kifayət qədər tanıdılmaması və sistemli inkişaf strategiyasının olmamasıdır.Qarabağ Universitetinin və ya Qazax Müəllimlər Semnariyasının timsalında regional ali təhsil müəssisələrində yaradılmış imkan və təşviq seçimin səbəblərini aydın göstərir.

Abituriyentlərin regional universitetlərə marağını artırmaq üçün dövlət səviyyəsində məqsədyönlü proqramların həyata keçirilməsi: hədəfli dövlət sifarişləri, məzuniyyət sonrası işlə təminat, regional təqaüd proqramları və güzəştli sosial paketlər effektiv mexanizmlər hesab oluna bilər.

Eyni zamanda, aparıcı Bakı universitetləri ilə regional ali məktəblər arasında birgə proqramların, beynəlxalq ikili diplom imkanlarının və akademik əməkdaşlığın genişləndirilməsi regionlarda təhsilin keyfiyyətini və cəlbediciliyini artıra bilər. Xarici müəllim və mütəxəssislərin region universitetlərə cəlb olunması da mühüm rol oynayır".

Beynəlxalq reytinqlər ali təhsil müəssisələrinin akademik nüfuzunu və tədqiqat fəaliyyətini ölçən mühüm göstəricilərdir

"Bu da universitetlərin nüfuzuna təsir edən amildir.Abituriyentlərin bölgələrdən kənarda təhsil alması paytaxt üçün intellektual kapitalın artması baxımından müsbət təsir göstərsə də, eyni zamanda şəhərdə sıxlıq, işsizlik riski və yaşayış xərclərinin artması kimi problemlər yaradır. Bölgələr üçün isə bu proses “beyin axını”, gənc əhalinin azalması və sosial-iqtisadi durğunluqla nəticələnir.

Ümumiyyətlə, bəzi  universitetlərin regionlara köçürülməsi və ya hər region üçün universitet imkanları həmin regionun mədəni inkişafı,  demoqrafik vəziyyəti baxımından mühüm əhəmiyyət daşıyır.Regional ali təhsil müəssisələrinin nüfuzunun artırılması üçün akademik, sosial və maddi təşəbbüslər paralel şəkildə həyata keçirilməlidir. Universitetlərin konkret sahələr üzrə ixtisaslaşması, elmi tədqiqatların stimullaşdırılması və məzunların uğur hekayələrinin ictimaiyyətə təqdim edilməsi akademik nüfuzun formalaşmasına töhfə verə bilər.

Regionlarda mövcud olan filial universitetlərin maddi-texniki bazasının, infrastrukturunun, akademik və tədris keyfiyyətinin artırılması, yeni və müasir regional universitetlərin yaradılması seçimi cəlbedici edə bilər.Sosial baxımdan aktiv tələbə həyatı, beynəlxalq və regional layihələrdə iştirak, müasir kampus infrastrukturu və yaşayış şəraitinin yaxşılaşdırılması  mühüm əhəmiyyət daşıyır. Maddi təşviqlər, o cümlədən təqaüdlər və müəllimlər üçün motivasiyaedici əməkhaqqı sistemi də bu prosesdə əsas rol oynayır.

Azərbaycanda  Regional ali təhsil müəssisələrinin gücləndirilməsi yalnız təhsil sahəsinin deyil, bütövlükdə bölgələrin sosial-iqtisadi inkişafının əsas şərtlərindən biridir. Düzgün və ardıcıl dövlət siyasəti ilə regional universitetlərin kəmiyyət və keyfiyyət baxımdan inkişafı regional ali məktəbləri real alternativə çevirə bilər".

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
Son xəbərlərDaha çox