Saytımıza Şabran rayon Padar kənd tam orta məktəbinin istilik sisteminin işləməməsi və sinif otaqlarının divarlarının dağılması ilə bağlı valideynlərdən şikayətlər daxil olub.
Müşahidələr göstərir ki, məktəbdə istilik sistemi qənaətbəxş vəziyyətdə deyil, sinif otaqlarının divarlarında isə ciddi aşınma və dağılmalar mövcuddur. Mövcud vəziyyət xüsusilə payız-qış mövsümündə tədris prosesinə mənfi təsir göstərir.
AzEdu.az mövzu ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsinə sorğu unvanlayıb.
İdarədən sorğumuza cavab olaraq bildirlib ki, Şabran rayon Padar kənd tam orta ümumtəhsil məktəbinin mövcud vəziyyətindən xəbərdarıq:
"Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması, yeni məktəb binalarının inşası və mövcud məktəb binalarının əsaslı təmiri idarənin əsas prioritetlərindən biridir:
Son iki il ərzində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan 67-dən çox məktəbdə cari, 12 məktəbdə isə əsaslı təmir işləri həyata keçirilib. Eyni zamanda, 5 modul tipli məktəb istifadəyə verilmiş, 8 məktəb binası isə tam sökülərək yenidən inşa edilib.
Hal-hazırda Quba, Qusar və Şabran rayonlarında yeni məktəb binalarının tikintisi davam edir. Belə ki, Quba rayonu Hacıhüseynli kəndində 528 şagird yerlik məktəb binası, Qusar rayonu Kuzunqışlaq kəndində 220 şagird yerlik məktəb binası, Şabran rayonu Ağalıq kəndində isə 648 şagird yerlik tam orta ümumtəhsil məktəbinin tikintisi aparılır.
Bildiririk ki, Şabran rayon Padar kənd tam orta ümumtəhsil məktəbinin mövcud vəziyyətindən xəbərdarıq. Binanın əsaslı təmiri və yenidən tikintisi ilə bağlı məsələ qeydiyyata alınıb.
Qeyd edirik ki, təhsil müəssisələrinin tikinti və təmiri növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir".