Rayonlarda yerləşən ümumtəhsil müəssisələrində bəzi fənlər üzrə xüsusilə də musiqi və təsviri incəsənət sahəsində ciddi kadr çatışmazlığı mövcuddur. Müvafiq sahələr üzrə pedaqoji kadr hazırlığının məhdud olması həmçinin mövcud müəllimlərin həmin rayon və kəndlərdə işləməyə maraqlı olmaması bu vəziyyəti daha da dərinləşdirir.
Maraqlıdır, regionlarda musiqi və təsviri incəsənət fənni üzrə neçə müəllim fəaliyyət göstərir?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Quba-Xaçmaz Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.
İdarədən sorğumuza cavab olaraq bildirilib ki, ümumilikdə 194 nəfər musiqi, 171 nəfər isə təsviri incəsənət müəllimi kimi fəaliyyət göstərir:
"Belə ki, Xaçmaz rayonunda 56 nəfər təsviri incəsənət müəllimi və musiqi müəllimi fəaliyyət göstərir. Siyəzən rayonunda 12 nəfər təsviri incəsənət müəllimi və 17 nəfər musiqi müəllimi çalışır. Şabran rayonunda 19 nəfər təsviri incəsənət müəllimi və 31 nəfər musiqi müəllimi mövcuddur. Qusar rayonunda 30 nəfər təsviri incəsənət müəllimi və 32 nəfər musiqi müəllimi fəaliyyət göstərir. Quba rayonunda isə 54 nəfər təsviri incəsənət müəllimi və 58 nəfər musiqi müəllimi çalışır".
Yuxarıda təqdim olunan məlumatlar göstərir ki, qeyd edilən rayonlarda həm təsviri incəsənət, həm də musiqi müəllimlərinin sayı ümumilikdə tədrisin davamlılığı və müəllim təminatı baxımından qənaətbəxşdir. Lakin bölgələr arasında müəllim sayında nəzərəçarpan fərqlər mövcuddur. Xüsusilə Quba və Xaçmaz rayonlarında hər iki sahə üzrə kadr təminatının daha yüksək olduğu müşahidə olunur. Siyəzən və Şabran rayonlarında isə müəllim sayının nisbətən az olması bu ərazilərdə incəsənət fənlərinin tədris potensialının gücləndirilməsinə ehtiyac yarada bilər.