Məktəbəqədər təhsil uşaqların inkişafında və gələcək təhsil uğurlarında mühüm rol oynayan mərhələdir. Bu baxımdan bölgələrdə məktəbəhazırlıq qruplarının sayı və orada təhsil alan şagirdlərin sayı təhsilin keyfiyyəti və əlçatanlığı haqqında önəmli göstəricidir.
Maraqlıdır, Qarabağ Regional Təhsil İdarəsi tabeliyində məktəbəhazırlıq qruplarında neçə şagird təhsil alır?
AzEdu.az mövzu ilə bağlı sözügedən idarəyə sorğu ünvanlayıb.
İdarədən sorğumuza cavab olaraq bildirilib ki,Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəhazırlıq qruplarında ümumilikdə 6116 şagird təhsil alır:
"Belə ki, onlardan 2788-i qız, 3328-i isə oğlandır. Ağcabədidə 1421 (642 qız, 779 oğlan), Ağdamda 1139 (507 qız, 632 oğlan), Ağdərədə 55 (16 qız, 39 oğlan), Bərdədə 1700 (776 qız, 924 oğlan), Füzulidə 770 (378 qız, 392 oğlan), Xankəndidə 94 (36 qız, 58 oğlan), Xocalıda 36 (17 qız, 19 oğlan), Xocavənddə 106 (52 qız, 54 oğlan), Şuşada 94 (35 qız, 59 oğlan), Tərtərdə isə 701 şagird (329 qız, 372 oğlan) məktəbəhazırlıq qruplarında şagirdlər təhsil alır".
Təqdim olunan məlumatlar göstərir ki, Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəhazırlıq qruplarında şagirdlərin sayı kifayət qədər yüksəkdir və bölgələr üzrə balanslı şəkildə bölünüb. Ümumi şagird sayında oğlanların sayı qızlardan bir qədər çox olsa da, demək olar ki, bütün rayonlarda cins nisbəti yaxın göstəricilərlə təmsil olunur. Ən çox məktəbəhazırlıq şagirdi Bərdə və Ağcabədi rayonlarında cəmləşir ki, bu da həmin rayonlarda təhsil infrastrukturu və əhali sayının yüksək olması ilə izah edilə bilər.