Peşə təhsili məzunlarının hazırkı əmək bazarına inteqrasiya səviyyəsi və məşğulluq göstəriciləri cəmiyyətdə daim maraq doğuran məsələlərdəndir. Xüsusilə də son illər peşə təhsilinə marağın artması bu sahədə monitorinqin nə dərəcədə səmərəli aparıldığı ilə bağlı suallar yaradır.
Məzunların hansı sahələrdə çalışdığı, işəgötürənlərin tələblərinə uyğunluq və təhsil proqramlarının real bazar ehtiyaclarını qarşılayıb-qarşılamadığı diqqət mərkəzindədir.
Bəs mövcud izləmə sistemi peşə təhsili məzunlarının real məşğulluq mənzərəsini tam əks etdirməyə nə dərəcədə imkan verir?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Peşə Təhsili üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb.
Agentlikdən sorğumuza cavab olaraq bildirilib ki, peşə təhsili alt sistemində məzunların məşğulluğunun izlənilməsi modulu yaradılıb:
"Sistem ƏMAS ilə inteqrasiya olunub, real vaxt rejimində məzunların əmək müqaviləsi üzrə məşğulluğunu ölçmək mümkündür.ƏMAS - Əmək Müqavilələri Alt Sistemi. Peşə təhsili məzunlarının məşğulluğu əsasən əmək müqavilələri üzrə statistik baza vasitəsilə izlənir. Lakin bu rəqəmlər yalnız bir hissəni əks etdirir, çünki məzunlar sahibkarlıq fəaliyyəti, platforma iqtisadiyyatı və ya ixtisasdan kənar işlərlə də məşğul ola bilirlər. Statistik göstəricilər BMT-nin “decent work” standartlarına uyğun olaraq, məzun işə başlayandan 6 ay sonra hesablanır.
Makro səviyyədə məşğulluğun izlənməsi ƏƏSMN və Milli Observatoriya tərəfindən həyata keçirilir. Agentlik proqramların effektivliyini ölçmək və məzunların əmək bazarına inteqrasiyasını dəstəkləmək üçün PTM-lərdə karyera mərkəzləri vasitəsilə mikro səviyyədə izləmə aparır".