Azedu.az

Müraciət rekord həddə - peşə ixtisaslarına tələb ARTIR

Peşə təhsili

6 Fevral 2026, 16:37
Müraciət rekord həddə - peşə ixtisaslarına tələb ARTIR

Müasir dövrdə əmək bazarının tələblərinin dəyişməsi təhsil sahəsində də yeni yanaşmaların formalaşmasına səbəb olub. Xüsusilə praktik bilik və bacarıqlara əsaslanan peşə təhsili gənclər üçün daha cəlbedici seçimə çevrilib. Son illər bu sahəyə olan marağın artması peşə təhsilinin cəmiyyətdəki rolunun və əhəmiyyətinin getdikcə gücləndiyini göstərir.

Son beş il ərzində peşə təhsilinə maraq artıb? Peşə təhsilində iştirak baxımından qızlar, yoxsa oğlanlar daha çox üstünlük təşkil edir?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Peşə Təhsili üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb.

Agentlikdən sorğumuza cavab olaraq bildirilib ki, peşə təhsilinə marağın və qəbul göstəricilərinin son illərdə sabit artım dinamikası müşahidə olunur:

"Belə ki, 2020/2021-ci tədris ilində qəbul olunanların sayı 14 795 nəfər, 2025/2026-cı tədris ilində isə bu göstərici 27 021 nəfər təşkil edib. Bu, təxminən 80–85% artım deməkdir. Eyni zamanda plan yerlərinin dolma faizi də illər üzrə yüksək səviyyədə qalmaqla (təxminən 76–81% aralığında) peşə təhsilinə tələbatın davamlı olduğunu göstərir. 2020/2021-ci tədris ilində  19 400, 2025/2026-cı tədris ilində 32 620 nəfərlik plan yeri ayrılıb. Bütün bu göstəricilər peşə təhsilinə marağın son beş ildə artdığını deməyə əsas verir.

Məlumatlara əsasən, bütün illər üzrə peşə təhsilinə qəbulda oğlanlar çoxluq təşkil etsə də, qızların payında illər üzrə artım tendensiyası müşahidə olunur.Məsələn, 2021/2022-ci ildə qəbul olunanların təxminən 70,4%-i oğlan, 29,6%-i qız olub.2022/2023-cü ildə bu nisbət təxminən 67,6% oğlan, 32,4% qız, 2023/2024-cü ildə 66,3% oğlan, 33,7% qız, 2024/2025-ci ildə isə 64,0% oğlan, 36,0% qız təşkil edib.

2025/2026-cı tədris ili üzrə statistik məlumatlara əsaslanaraq deyə bilərik ki, ən çox tələbat olan ixtisaslar həm müraciət sayının yüksəkliyi, həm də plan yerlərinin dolma faizi ilə seçilir. Xüsusilə bəzi ixtisaslar ön plana çıxır. Aşpaz ixtisası üzrə 2 200 plan yeri mövcud olduğu halda 12 718 nəfər müraciət etmiş, 1 829 nəfər qəbul olunub (dolma faizi təxminən 83,1%). Mühasibat uçotu ixtisası üzrə 360 plan yerinə 11 734 müraciət qeydə alınmış, 352 nəfər qəbul edilib (dolma faizi təxminən 97,8%).

Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı ixtisası üzrə 220 plan yerinə 8 152 müraciət olmuş, 218 nəfər qəbul edilib (dolma faizi təxminən 99,1%).Əməliyyatçı-mühasib ixtisası üzrə 1 200 plan yerinə 7 806 müraciət, 1 017 qəbul qeydə alınıb (dolma faizi təxminən 84,8%).

Bərbər-vizajist-manikürçü ixtisası üzrə 1 140 plan yerinə 6 946 müraciət olmuş, 1023 nəfər qəbul edilib (dolma faizi təxminən 89,7%). Bundan əlavə, Qrafik dizayner, Avtomobil üzrə elektrik, Veb dizayn və proqram təminatı, Kompüterlərin təmiri və xidməti üzrə texnik, Kiber təhlükəsizlik kimi ixtisaslar üzrə də müraciət sayının yüksək və plan yerlərinin dolma faizinin 90–99% aralığında olması bu sahələrə əmək bazarında ciddi tələbat olduğunu göstərir".

Bu göstəricilər onu deməyə əsas verir ki, xüsusilə qida sənayesi, mühasibatlıq və informasiya-kommunikasiya texnologiyaları istiqamətində olan ixtisaslar üzrə peşə təhsilinə maraq və tələbat daha yüksəkdir.

Putinin generalı G*ÜLLƏLƏNDİ - Rusiyada ara qarışır
Son xəbərlərDaha çox