Peşə tanınması üzrə sınaq imtahanında müraciət sayına uyğun olaraq ən çox imtina alan 4 ixtisas "Hüquqşünaslıq", "Yanğın təhlükəsizliyi mühəndisliyi", "Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi" və "İbtidai sinif müəllimliyi" olub.
AzEdu.az xəbər verir ki, bu barədə məlumat Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) 2025-ci ilin IV rübü üzrə elektron bülletenində öz əksini tapıb.
Bülletendə qeyd olunur ki, 19 dekabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş peşə tanınması üzrə sınaq imtahanında iştirak üçün 188 nəfər namizəd qeydiyyatdan keçib. Onlardan 150 nəfəri imtahanda iştirak edib, yalnız 67 nəfər isə keçid balını toplayaraq uğurlu nəticə əldə edib.
İmtahan 18 ixtisas üzrə keçirilib və ümumi müvəffəqiyyət göstəricisi 45 faiz təşkil edib. Nəticələr göstərir ki, iştirakçıların 55 faizi imtahandan uğursuz nəticə ilə çıxıb.
Təhlillərə əsasən, “Hüquqşünaslıq” ixtisası üzrə sınaq imtahanında 75 nəfər iştirak edib. Onlardan yalnız 37 nəfəri keçid balını toplayaraq müsbət nəticə göstərib. Bu isə ixtisas üzrə iştirak edənlərin təxminən yarısının imtahandan uğursuz nəticə əldə etdiyini göstərir.
Digər ixtisaslar üzrə də oxşar tendensiya müşahidə olunub. Mühəndislik istiqamətində "Yanğın təhlükəsizliyi mühəndisliyi" (66%), "Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi" (100%) və "Aerokosmik mühəndislik" (100%) kimi sahələrdə uğursuzluq faizi üstünlük təşkil edib.