Bu gün sosial şəbəkələrdə məşhurlaşan və fəaliyyətindən gəlir əldə edən blogerlər mövcuddur. Cəmiyyətdə belə təkliflər də səslənir ki, təhsil sahəsində ayrıca blogerlik ixtisası yaradılsın, çünki bu peşəyə maraq günbəgün artır.
Bu baxımdan sual yaranır: yaxın gələcəkdə belə bir ixtisasın yaradılması mümkün olacaqmı? Bununla bağlı hər hansı danışıqlar aparılıbmı? Yaxud bu ixtisasın yaradılması nə dərəcədə real görünür?
AzEdu.az mövzu ilə bağlı sosial mediada maraqlı kontent yaradan “Örnək müəllim”, ibtidai sinif müəllimi Günel Əkbərlə əlaqə saxlayıb.
Günel müəllimin fikrincə, bunun üçün mütləq ixtisaslaşmağa ehtiyac yoxdur:

"Ümumiyyətlə, blogerlik öz yaşam tərzini, həyat tərzini, düşüncələrini və fikirlərini müəyyən platformalar üzərindən paylaşmaqdır, düzdür? Bu, yazılı ola bilər, video şəklində ola bilər, şəkil formasında və ya başqa bir üsulla. Bunun üçün mütləq ixtisaslaşmağa ehtiyac yoxdur.
Əgər sən öz işini layiqincə yerinə yetirirsənsə - müəllim olaraq, həkim olaraq, aşpaz olaraq, jurnalist olaraq bu fəaliyyəti bloq şəklində cəmiyyətə təqdim etməkdə heç bir qəbahətli məsələ yoxdur. Buradan maddi qazanc əldə etmək də məncə qəbahət deyil.
Yenə deyirəm, əsas məsələ prinsipcə o təməl daşının, bünövrənin öz fəaliyyəti və işini vicdanla, doğru-düzgün yerinə yetirməkdən asılı olmasıdır. Əgər sən bunu doğru edirsənsə, indi öz sahəmə uyğun deyirəm – müəlliməmsə və yaxşı müəllim olmağa çalışıramsa, öz üsullarımı, fəaliyyətimi bölüşərək niyə də başqa insanlarda ruh yüksəkliyi oyatmayım? Niyə də onlara ilham verməyim? Çünki mən də vaxtilə öz müəllimlərimdən ilhamlanmışam".
Keçmişdə blogerlik anlayışı olmasa da, “influencer” olmaq anlayışı vardı:
"Təsirlənmək, ilhamlanmaq anlayışı hər zaman olub. Günümüz sosial media dövrüdür. Hər kəs istədiyini, istədiyi qədər öz əhatəsi ilə paylaşa bilər. Elə bilin ki, artıq dost-tanış beş-on nəfər yox, yüz minlərlə insandır. Təbii ki, onların hamısı sənə eyni gözlə baxmır və bu kütlə sənin yaxın çevrən ola bilməz.
Amma sən yaxşı bir iş görürsənsə və bunu paylaşmaqla insanlara müsbət enerji ötürə bilirsənsə, niyə də yox? Buradan müəyyən qazanc əldə edirsənsə, bu da niyə də yox? Açığı, mən “blogerlik üçün ayrıca ixtisas yaradılmalıdır” fikri ilə tam razı deyiləm. Çünki blogerliyi bir ixtisas kimi görmürəm. Burada ixtisas yaratmaq qapını açandan sonra aktyorluq etməyə bənzəyir. Yenə deyirəm, məncə buna ehtiyac yoxdur. Əsas odur ki, insan sahib olduğu peşəni layiqincə icra etsin".
Qeyd edək ki, mövzu ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq.

Sorğumuza cavab olaraq bildirilib:
“İxtisaslarla bağlı təkliflər müəyyənləşdirildikdən sonra hansı ixtisasların yaradılacağı və hansılarının davam edəcəyi məlum olur. Lakin, yalnız blogerlik ixtisasının yaradılması hazırkı mərhələdə real görünmür".