“Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı” üzrə onlayn görüş keçirilib.
AzEdu.az xəbər verir ki, görüşdə Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili, Hüquq şöbələrinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti, Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbələrinin, Dövlət Məşğulluq Agentliyinin, Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin, Ədliyyə Nazirliyinin Sosial normativ aktlar, Maliyyə və iqtisadiyyat idarələrinin və Penitensiar Xidmətin nümayəndələri iştirak ediblər.
Görüşdə sözügedən Fəaliyyət Planının cəzaçəkmə müəssisələrində peşə təhsili prosesinə kənar psixoloqların, karyera məsləhətçilərinin və peşə təhsili üçün zəruri bilik, bacarıq və səriştələrə sahib kənar mütəxəssislərin cəlb olunması, onların əməyinin ədalətli ödənilməsi üçün təkliflərin hazırlanması tədbirləri ilə bağlı geniş müzakirələr aparılıb. Müzakirələrdə cəzaçəkmə müəssisələrində peşə təhsili prosesinə cəlb olunacaq mütəxəssislərin dəqiq sayının müəyyən edilməsi, onların əməyinin ödənilməsinin forma və metodologiyasının müəyyənləşdirilməsi, hazırlanması zəruri olan normativ hüquqi akt layihəsinin forma və məzmununun müəyyənləşdirilməsi və dəyişiklik edilməli olan normativ hüquqi aktların dəqiqləşdirilməsi, eləcə də tədbirin icrası ilə bağlı qarşıya çıxa biləcək digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı” çərçivəsində görüşlərin mütəmadi olaraq təşkili planlaşdırılır.