Prezident İlham Əliyev peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Belə ki, əmək bazarının tələblərinə uyğun səriştələr formalaşdıran yüksəkkeyfiyyətli peşə təhsili məşğulluq səviyyəsinin və əmək məhsuldarlığının artırılmasına mühüm töhfə verir. Bu sahəyə yönəlmiş tədbirlərin həyata keçirilməsinin vacibliyi son illərdə qəbul edilmiş bir sıra sənədlərdə, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda öz əksini tapıb.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərova qeyd edib ki, bu Sərəncamı Cənab Prezident İlham Əliyev tərəfindən peşə təhsili sisteminin potensialının gücləndirilməsinə verilən olduqca mühüm və zamanın çağırışlarına tam uyğun bir qərar kimi qiymətləndirir:

"Bu addım onu göstərir ki, peşə təhsili artıq ölkənin sosial-iqtisadi inkişafının əsas prioritet istiqamətlərindən biri kimi qəbul olunur.Bu gün əmək bazarı bizdən sadəcə diplom yox, real bacarıq, səriştə və çevik ixtisas tələb edir. Peşə təhsilinin məhz bu ehtiyacı qarşılaması, gəncləri qısa müddətdə əmək bazarına hazır mütəxəssis kimi qazandırması çox böyük üstünlükdür.
Məşğulluğun və əmək məhsuldarlığının artırılması baxımından bu sahəyə yönələn tədbirlər birbaşa və davamlı nəticə verən mexanizmdir. Eyni zamanda bu yanaşma “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”-nda da əksini tapmışdı və hazırkı Sərəncam həmin strategiyanın real icra mərhələsinə keçdiyini bir daha təsdiqləyir.
Xüsusilə vurğulamaq istərdim ki, peşə təhsili artıq gənclər üçün sadəcə alternativ yol deyil, tam dəyərli və perspektivli karyera istiqamətidir. Dövlət səviyyəsində göstərilən bu ardıcıl dəstək valideynlərin, gənclərin və işəgötürənlərin peşə təhsilinə olan etimadını daha da gücləndirəcək.
İnanıram ki, qəbul edilən bu qərarlar yaxın illərdə həm işsizliyin azalmasına, həm də ixtisaslı kadr çatışmazlığının əhəmiyyətli dərəcədə aradan qalxmasına real töhfə verəcək. Bir sözlə, bu Sərəncam həm bugünün, həm də gələcəyin iqtisadi təhlükəsizliyi üçün son dərəcə dəyərli addımdır".