Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-03 17:34:33
Azərbaycanın  ilk  pianoçu-pedaqoqun təhsil yolu

Bu gün  Xalq Artisti,  Azərbaycanın  ilk  pianoçu-pedaqoqu, professor Kövkəb Səfərəliyevanın doğum  günüdür.

Kövkəb Səfərəliyevanın təhsil yolu…

O,  1907-ci ildə Bakı şəhərində anadan olub. 1915-ci ildə səkkiz yaşlı Kövkəb Marinski adına ümumtəhsil məktəbinə daxil olur. Eyni vaxtda o həm də fortopiano sinfində musiqi dərsləri də alırdı. Daha sonra təhsilini  1916-cı ildə  musiqi texnikumunda davam etdirir. 1926-cı ildə Musiqi texnikumunu bitirən Kövkəb Səfərəliyeva  çox gənc olmasına baxmayaraq, türk qadın seminariyasına işə dəvət olunur. Burada o, ilk pedaqoji fəaliyyətinə başlayır.  Daha sonra Kövkəb xanım Azərbaycan Dövlət Konservatoriyasının  fortopiano şöbəsinə daxil olur. Konservatoriyada  oxuduğu zaman öz dövrünün dəyərli mütəxəssislərindən dərs alır. Kövkəb Səfərəliyeva 1932-ci ildə konservatoriyanı bitirərək həmin tədris müəssisəsinin professoru olub.

Məktəb yaradan qadın...

Musiqi təhsilinin inkişafında böyük əməyi olan Kövkəb xanım  1937-ci ildə konservatoriyanın nəzdində orta ixtisas musiqi məktəbini yaradıb  (indiki Bülbül adına məktəb) və onun direktoru olub. O, bir sıra elmi-metodik dərsliklərin, fortepiano üçün külliyatın tərtibçisi, musiqi haqqında məqalələrin müəllifidir.

P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, K.Səfərəliyevanı yaxşı tanıyan Yakov Isakoviç Milşteyn özünün şifahi çıxışlarında Kövkəb xanımı Azərbaycan musiqi mədəniyyətinin unudulmaz simalarından biri, “həyatda daim milli pianoçuluq sənətinin alovlu entuziastı olan, yüksək intellektual mədəniyyətə malik  həssas musiqiçi-pedaqoq”  adlandırıb. 

O, bir  çox  Azərbaycan  musiqiçilərinin,  o  cümlədən  dünya  şöhrətli  müğənnimiz Müslüm  Maqomayevin  ilk  müəllimlərindən biri olub. Pianoçu-pedaqoq 1972-ci  ildə  Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülüb.  

Qeyd edək ki, Bakı şəhərində 16 saylı Uşaq Musiqi Məktəbi Kövkəb Səfərəliyevanın adını daşıyır. Eyni zamanda o, Asəf  Zeynallının həyat yoldaşı olub.

Günel Yaşarqızı
Müəllifin digər yazıları