Azedu.az

Azərbaycan tarixi bütün ixtisas qruplarında olmalıdır - SƏBƏBLƏR

Xəbərlər

5 Dekabr 2025, 13:40
Azərbaycan tarixi bütün ixtisas qruplarında olmalıdır - SƏBƏBLƏR

Təhsil-milli şüurun tənzimləyicisi kimi

Məktəblərdə vətənpərvərlik mövzusunun təbliği istiqamətində atılacaq addımları, onların  kəmiyyət və keyfiyyət müstəvisində inkişafını sürətləndirmək  hazırda tədris prosesi üçün hava-su kimi vacib məsələlərdəndir. Lakin bu yöndə görüləcək işlər ən çox bir faktordan asılıdır: özünəməxsus olan, sırf milli təhsil brendimizin yaradılması və tədris prosesinin onunla tamamilə uyğunlaşdırılması. Belə olan təqdirdə milli vətənpərvərlik hisslərinin təbliği və onun faydalılıq mexanizmi uğurlu ola bilər. Yalnız bu zaman təhsil özü bir sistem olaraq milli dəyərlərin daha da gücləndirilməsi üçün çox güclü motivator rolunu oynamağı bacaracaq.

173757

Məktəb, təhsil azərbaycançılıq ideologiyasının, milli yaddaş konsepsiyamızın qorunmasında, gələcək nəsillərə çatdırılmasında hər zaman ən önəmli faktorlardan olub.

Bu gün isə Azərbaycan məktəbinin, təhsilinin üzərində ikiqat şərəfli və çətin missiya var: o, gəncliyi həm milli yaddaşın sağlam dəyərləri kontekstində formalaşdırmalı, həm də XXI əsrin modern inkişaf mexanizminin fonunda inkişaf etdirməlidir.

Milli şüurla bəşəri dəyərlərin ortaq nöqtəsində hərəkət yeni milli təhsil modelinin formalaşdırılmasını zəruri edir. Milli təhsil modelimiz Zəfərdən sonrakı dönəmdə məktəbyaşlı uşaqlardan başlayaraq, formalaşmaqda olan gənclik üçün milli bələdçi funksiyasını layiqli şəkildə həyata keçirə bilər.

Yeni təhsil standartları və məzmun xətlərini əhatə etməli olan milli təhsil modeli şəxsiyyət texnoloqu, insan mühəndisliyi funksiyasını prioritet hesab etməli, tədris prosesini informasiyanın təkcə qəbulu deyil, onun düzgün emalı, həyati tətbiqi mexanizmi kimi dəyərləndirməlidir.

Şagird üzərində şəxsiyyət mühəndisliyi rolunu oynamalı olan bu model fərdin çağdaş praktiki bilik və bacarıqlarının yalnız milli dövlətçilik meyarları üzərində inkişaf etməsini əsas götürməli, pedaqoji işin təşkilini ancaq bu halda düzgün hesab etməlidir.

Milli təhsil modeli və onun tədris prosesində tətbiqi mexanizminin hazırlanması, dünya təhsilinin öncül modellərinin uğurlu təcrübələri ilə milli təfəkkür, milli şüur, dövlətçilik ənənələrinin inkişafına xidmət edən örnək elementlərin sintezinə çalışmaq təhsil istiqamətində prioritet çağırışlar kimi qəbul edilə bilər.

Şəxsiyyət mühəndisliyi missiyasının praktiki məkanı sinif otağı yox, insanın şüuru, yaddaşı və psixoloji aurasıdır. Müəllim bu aurada necə qalacaqsa, mühəndislik funksiyasını da o cür yerinə yetirəcək. Amma bir məsələyə xüsusi diqqət edək: elə şəxsiyyət mühəndisliyi missiyasının da alt bazası, bünövrəsi elə sinif otağında formalaşır. Şagirdini şəxsiyyət, cəmiyyət üçün lazımlı kadr gözündə görən müəllim onu yalnız əzbərçi faktlarla yükləmir, situasiyaya görə düzgün qərarvermənin modullarını öyrədir, düşüncə dənizinin sahillərinə çıxarır, üzməyin ilk elementlərini ona başa salır.

Bunun üçün isə ilk növbədə aşağıdakı addımların atılmasına ciddi ehtiyac vardır:

Birincisi, məktəblilərdə vətənpərvərlik mövzusunun təbliği, milli dəyərlərin daha geniş piarı üçün öncə sırf bununla bağlı vahid proqram və tövsiyələr paketi hazırlanmalıdır. Həmin tövsiyələr paketi hər bir orta ümumtəhsil müəssisəsi üçün bələdçi rolunda çıxış etməlidir.  Hər məktəb daxilində sırf bu məqsədlə ictimai əsaslarla müəllim və rəhbər heyətin, həmçinin, bir neçə uyğun valideyndən ibarət komissiya yaradılmalıdır. Komissiya sinif rəhbərləri, ibtidai sinif müəllimləri ilə qarşılıqlı müzakirə fonunda tədris ili boyu sırf bu məqsədlə görüləcək işlərin proqramını tərtib etməli və onların icrasını, keyfiyyətini nəzarətdə saxlamalıdır.

Vətənpərvərlik mövzusu bir çox məktəbin əsas vizyonuna çevrilməlidir. Məktəbdaxili ab-hava  uşaqdan-böyüyə az qala, hər kəsə vətənpərvərlik mövzusunda ciddi təsir göstərməlidir. Bu gün bir çox məktəblərimizdə o ovqatı görürük. Məsələn,  bir çox siniflərin şəhid adları ilə adlandırılması, onlar haqqında məlumat və portretlərin şagirdlərə tanıtımı kimi addımlar çox vacibdir.

Lakin məsələnin bir başqa tərəfi də var: bu yolda məktəbi tək buraxmaq qətiyyən olmaz. Şagird həm də cəmiyyətin bir fərdi olaraq aid olduğu mühitin dəyərlərini məktəbə gətirir. Buna görə də ailə mühiti, yaxın çevrə hər məktəbli ilə ünsiyyət zamanı bu məsələyə xüsusi diqqət yetirməlidir.

Vətənpərvəlik hisslərinin əsas kodeksi-Azərbaycan tarixi fənni:

Azərbaycan tarixi fənninin orta ümumtəhsil məktəblərində tədrisi davamlı inkişaf edən, dərin və əhatəli biliyə, geniş dünyagörüşünə malik olan, faydalı bacarıq və vərdişlərə yiyələnmiş şəxsiyyət formalaşdırmağa, öz soykökünə, adət və ənənələrinə, milli-mənəvi dəyərlərinə hörmətlə yanaşan, tarixi keçmişinə dərindən bələd olan, ailəsini, vətənini və millətini sevən, onun inkişafına çalışan sosial məsuliyyətli vətəndaş yetişdirməyə xidmət edir. Azərbaycan tarixi fənni şagirdlərdə aşağıdakı mühüm keyfiyyətlərin formalaşmasına xidmət edir.

Azərbaycan tarixi fənninin yeni hazırlanan kurikulumunda  predmetin məqsəd və vəzifələri aşağıdakı kimi təsnifatlandırılıb:

  • Milli mənəvi və ümumbəşəri dəyərlərə hörmət və onları qorumaq, vətənpərvərlik duyğularına malik olmaq;
  • Başqaları ilə ünsiyyət qurmaq və əməkdaşlıq etmək;
  • Problemlərin həlli yolları ilə bağlı fikir yürütmək, mülahizələrini əsaslandırmaq;
  • Hüquqlarını qorumaq və başqalarının hüquqlarına hörmətlə yanaşmaq;
  • Dövlət, cəmiyyət və xalq qarşısında vəzifələrinə məsuliyyətlə yanaşmaq;
  • Ləyaqətli vətəndaş mövqeyinə malik olmaq

Ümumtəhsil müəssisələrinin qarşısında duran ən mühüm vəzifələrdən biri dəvətənpərvərlik dəyərinə malik şəxsiyyətlərin yetişdirilməsidir.  Bu baxımdan tarix dərslərinin xüsusi missiyası və rolu vardır. Odur ki, Azərbaycanda tədris prosesinin ümumi simasını təşkil edən qəbul imtahanı modelində Azərbaycan tarixi fənninə verilən yer daha da artırılmalıdır. Blok imtahanları üzrə hazırda yalnız II və III ixtisas qruplarında Azərbaycan tarixi fənninə aid suallar abituriyentlərə təqdim olunur. Lakin digər ixtisas qruplarında da Azərbaycan tarixi fənninin əlavə edilməsi yuxarıda sadalanan məqsədlər baxımından çox vacibdir. Bu, abituriyentlərin işini müəyyən qədər çətinləşdirə və onlarda hələ təklif müstəvisinə belə hər hansı qıcıq yarada bilər. Lakin həm fənnin özünün alt qatı, dərin məntiqi əlaqələndirilməsi, şüuraltı sistem üçün hazırladığı məzmun xətləri var. Azərbaycan tarixi fənni üçün isə bu  daha keçərlidir. Çünki tarix fənninin tədrisi dünya tədris mühitində əvvəllər yalnız  hadisə və faktların şagirdlərə əzbərlədilməsi,  onların ancaq quru bilgilərlə təmin edilməsi idisə, indi bu proses tamamilə dəyişib. Tədris prosesi üçün tarix fənni özü-özlüyündə bu proses tarix tədrisi anlayışı məzmun xəttinin yaranması və formalaşdırılması üçün zərurətə çevrildi. Bu, təbii ki, yalnız faktlara yönəlik yanaşma ilə müqayisədə daha ciddi və məzmunludur. Çünki Tarix tədrisi anlayışı şagirddə tarixi təfəkkür bacarıqlarının formalaşmasına  şagirdlərdə sübutların qiymətləndirilməsi, tənqidi düşünmə və problem həlletmə kimi bacarıqların aşılanmasına səbəb olan əsas faktordur.

Şagirdlərin tarixi bilikləri yaddaşda saxlayan deyil, onu istehsal və istifadə ə edən olması üçün onlar tarixi təfəkkür proseslərini öyrənməli, bacarıqlar qazanmalıdırlar. Sırf bu səbəbdən də Azərbaycan tarixi fənninin hətta qarşıdakı illərdə buraxılış imtahanlarındakı 3 əsas predmetlə yanaşı, dördüncü vacib element kimi daxil etmək olar.    Çünki buradakı məzmun xətti, kurikulumun tələb və gözləntiləri üçün hava-su kimi vacib olan və həyati boyu onu izləyən meyarlarla zəngindir. Bu meyarların başında gələn əsas element isə -vətənpərvərlik hiss, milli şüurdur. Təsadüfi deyil, milli şüuru qidalandıran, onu daha da möhkəm və inkişaf etdirən əsas mexanizm məhz təhsildir. Təhsilin funksiyası müxtəlif məzmun xətlərinin ortaq qovşağı olaraq milli ruhlu düşünən

Müasir qərarlar üçün keçmişin dərsləri

Tarixi düşünmə bacarıqlarını formalaşdırmaqda məqsəd şagirdlərə dərsliklərdəki məlumatları əzbərlətmək deyil, tarix fənninə məxsus təfəkkür bacarıqlarını aşılamaqdır. Tarixi hadisələri dərk etməklə onları şərh etmək, dəyərləndirmək və keçmişlə bu gün arasında əlaqələr qurmaq vacibdir. Şagirdlər tarixi hadisələrə, faktlara və məlumatlara tənqidi münasibət göstərməyi, tarixi düşüncə proseslərini öyrənib tətbiq etməlidirlər. Bu kontekstdə tarixi təfəkkür bacarıqları şagirdlərə mülahizə yürütməyə, hadisələr arasında səbəb-nəticə əlaqələri qurmağa, sosial-iqtisadi və siyasi sahələrdə, düşüncələrdə davamlılıq və dəyişiklikləri dərk etməyə imkan verir. Bu bəzi tarixi faktların davamlılıq xüsusiyyətlərini anlamağa və onları müasir hadisələrlə əlaqələndirməyə imkan verir.

Tarixi düşünmə bacarıqları adlanan öyrənmə nəticələri dünyanın inkişaf etmiş ölkələrinin kurikulumlarında mühüm yer tutur. Bu bacarıqlar əsasən altı sahəni əhatə edir:

  • xronoloji təfəkkür;
  • tarixi anlama (dərketmə);
  • tarixi təhlil və şərh
  • tarixi problemin təhlili və qərarların qəbulu;
  • tarixi araşdırmalara əsaslanan tədqiqat;
  • tarixi empatiya;

Tarixi problemlərin təhlili və qərar qəbul etmə bacarığı yalnız keçmişdə baş hadisələrlə bağlı bilgiləri deyil, o cümlədən, həyatın hər hansı bir mərhələsində üzləşdiyimiz situasiyalar zamanı bizdə dərin təhlil aparmaq qabiliyyətini ıks etdirəcəkdir. Burada əsas məsələ tarix predmetinin  məhz onun kurikuluma aid öhdəliklər əsasında tədrisidir. Bunun üçün isə köhnəlmiş və  deyərdim ki, indiki dövrdə aktuallığını çoxdan itirmiş faktoloji metodlardan imtina etmək lazımdır.

Tarixi öyrənmək həm də üçün keçmişdə yaşayan insanların problemlərindən, onların bu problemlər zamanı üzləşdikləri verdikləri qərarlardan, bu qərarlara təsir edən amillərdən və alınan qərarların nəticələrindən istifadə etmək olar. Bununla belə, tarixi sitatlar vasitəsilə aşkar edilən vəziyyət şəxsi mühakimələri, müxtəlif dilemmaları və ya çıxılmaz vəziyyətləri ehtiva edə bilər. Bu şəxsi mühakimələr, dilemmalar və ya çıxılmaz vəziyyətlər səbəbindən keçmişdə baş verən hadisələri şagirdlərin dərk etməsi üçün “Bu hadisələri həll etmək üçün başqa cür nə edilə bilərdi?” sualı verilə bilər. Sualın cavablandırılması yolu ilə şagirdlər tarixi hadisələri təhlil edir və keçmişdə yaşayan insanların düzgün və ya yanlış seçimlərinə təsir edən dəyər və inancları dəyərləndirirlər. Tarixi problemi öz tarixi kontekstində və hadisəni yaşamış insanların gözü ilə qiymətləndirir və dövrün şərtlərində nələr edilə biləcəyini düşünür. Keçmişdə yaşayan insanların kritik anlarda qarşılaşdıqları problemləri, dilemmaları və ziddiyyətləri anlayır. O, cari həll üsulu ilə alternativləri müəyyən edir, üstünlük verilməyən variantların nəticələri haqqında proqnozlar hazırlayır və onları üstünlük verilən həllərin nəticələri ilə müqayisə edərək qiymətləndirir.

Tarixi problemlərin təhlili və qərar qəbul etmə bacarıqlarına malik olan şagird:

• Müəyyən tarixi zamanda meydana gələn siyasi, sosial-iqtisadi problemlərin aid

olduğu və sonrakı dövrə təsirlərini müəyyən edir.

• İnsanların maraqlarını, dəyərlərini və keçmiş məsələlərə və problemlərə baxışlarını təhlil edir.

• Mövcud siyasi, sosial-iqtisadi problemlərin tarixi əsaslarını müəyyən edir.

• Mövcud siyasi, sosial-iqtisadi problemlərin yaranmasına səbəb olan keçmiş və indiki səbəblər haqqında nəticə çıxarır.

• Tarixi problemin həlli üçün fəaliyyət planı hazırlayır, ona uyğun olaraq problemi müəyyənləşdirir, onu yaradan amilləri təhlil edir və müxtəlif seçimlər arasından inandırıcı həll yolunu təklif edir.

• Tarixi hadisə zamanı verilmiş qərarın icrasını, təsirlərini və alternativ variantları

dəyərləndirir. (Mənbə: Azərbaycan tarixi fənninin təkmilləşdirilmiş kurikulumu, ARTİ)

NƏTİCƏ

Yuxarıda təqdim olunan meyarlar, məqsəd və vəzifələr Azərbaycan tarixi fənninin hər bir təhsilalan üçün nə dərəcədə önəmli predmet olduğunu əks etdirir. Təbii ki, bu meyarlar qədər vacib məsələ də onların nə dərəcədə tədris olunması, şagirdə nə qədər uğurlu çatdırılmasıdır. Lakin istər məzmunundakı millilik, milli şüurun inkişafı kodekslərinin daha da inkişaf etdirilməsi, istərsə də problemlərin təhlili və qərar qəbuletmə məzmun xətlərinə görə Azərbaycan tarixi fənni həm buraxılış imtahanlarına dördüncü vacib predmet kimi salınmalı, həm də bütün ixtisas qrupları üzrə blok imtahanlarının vazkeçilməz fənlərindən biri olmalıdır.

Bu predmet bizə təkcə universitetə qəbul olmaq üçün yox, bəlkə də ondan da böyük məzmun üçün vacibdir....

Elmin Nuri

Təhsil məsələləri üzrə tədqiqatçı

DTX Əli Kərimliylə bağlı buna icazə verdi - Xəbəriniz Var?
Son xəbərlərDaha çox