Cəmiyyətdə belə bir fikir formalaşıb ki, Azərbaycanda magistratura təhsili ilə bakalavr təhsili arasında ciddi fərq yoxdur. Bu isə belə bir sual yaradır: bakalavr və magistr təhsili arasında hansı fərqlər olmalıdır?
AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev danışıb.
O, qeyd edib ki, məzun bakalavr təhsilini bitirdikdən sonra pul qazanmağa fokuslandığı üçün əlavə təhsil ona ikinci planda qalır:
"Beynəlxalq təcrübədə magistratura, bakalavr təhsilinin bir üst pilləsi hesab olunur və bu mərhələni bitirənlər daha geniş perspektivlər əldə edirlər. Bizdə isə bu fərqin zəif görünməsi və magistraturaya marağın az olması müəyyən xüsusiyyətlərdən qaynaqlanır.
Məsələn, hər hansı bir şəxs bakalavr təhsilini bitirdikdən sonra əmək bazarına qoşulur və bunun nəticəsində magistratura təhsili almaq onun üçün çətinləşir; sadə dillə desək, pul qazanmağa fokuslandığı üçün əlavə təhsil ona ikinci planda qalır. Digər tərəfdən, magistr təhsili alanların bitirdikdən sonra əmək bazarında ciddi fərq görməməsi də magistraturaya marağı azaldır. Dövlət İmtahan Mərkəzinin və Təhsil Nazirliyinin məlumatlarına əsasən, son illərdə magistratura və hətta doktoranturaya müraciət edənlərin sayı aşağıdır. Bu da əsasən əmək bazarında magistr dərəcəsinin ciddi üstünlük yaratmaması ilə bağlıdır".
Bu məsələnin həlli üçün müəyyən alternativ təkliflərim var:
Məsələn, pedaqoji ixtisaslarda magistratura təhsilini bitirənlərə üstünlük verilməli, direktor və direktor müavini vəzifələrinin məhz magistr təhsili olan kadrlar arasından seçilməsi daha məqsədəuyğun olardı. Digər ixtisaslarda - məsələn, mühasibatlıq, mühəndislik, həmçinin dövlət qurumları və özəl sektorda da magistr dərəcəsinə əlavə üstünlüklər tətbiq edilməsi marağı artıra bilər. Hazırda gənclər magistratura təhsili alsalar belə, əmək bazarında yüksəlişin yalnız bakalavr dərəcəsi olan şəxslərə də bərabər şəkildə verildiyini gördükdə magistratura dəyərdən düşür".
Magistratura təhsili olanlarla olmayanlar arasında əməkhaqqı fərqi nəzərəçarpacaq dərəcədə olmalıdır:
"Avropa təcrübəsində təhsil dərəcəsi ciddi şəkildə nəzərə alınır və magistratura bitirənlərə daha çox üstünlük verilir. Bizdə isə bu sistem tam formalaşmayıb. Məsələn, filologiya ixtisası üzrə bakalavrlar MİQ imtahanına buraxılmır, lakin magistraturanı bitirdikdən sonra ali təhsil müəssisələrində çalışma imkanı əldə edirlər. Bu barədə cəmiyyət daha geniş məlumatlandırılsa, həmin sahədə magistratura təhsilinə maraq arta bilər.
Bundan başqa, magistratura təhsili olanlarla olmayanlar arasında əməkhaqqı fərqi nəzərəçarpacaq dərəcədə olmalıdır. Hazırda fərq çox az olduğu üçün magistraturaya maraq yaranmır.
Ümumiyyətlə, magistratura akademik dərəcə hesab olunur və dünyanın bir çox ölkəsində bu belədir. Magistraturanı bitirən şəxs həm akademik karyera qura, həm də məsələn, mühəndislik ixtisasını bitiribsə pedaqoji sahəyə yönələ bilər. Bu dərəcənin həm pedagoji, həm də əmək bazarında nəzərə alınması magistraturanın nüfuzunu artırar. Hazırda bu fərq hiss olunmadığı üçün gənclər magistraturaya yönəlmək istəmirlər".