Müəllimlər üçün yeni iş modelinə dair aparılan müzakirələr emosionaldır, lakin məlumat bazası və son 5 ilin statistikası göstərir ki, bu islahatlar müəllim nüfuzunu artırmaq və maddi rifahını yüksəltmək məqsədi daşıyan ardıcıl və əsaslı siyasətin məntiqi davamıdır.
AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov danışıb.
O, qeyd edib ki, statistika göstərir ki, son 5 ildə müəllim əməyinin qiymətləndirilməsi və şəraitin yaxşılaşdırılması üzrə görülən işlər əvvəlki dövrlərlə müqayisədə kəskin yüksəliş yaradıb:
"Azərbaycan Respublikasının Təhsil Haqqında Qanunun 18-ci maddəsində müəllimin iş mühitinin standartları, təhlükəsizliyi və sosial təminatı dövlətin birbaşa öhdəliyi kimi təsbit edilib. Son illərdə Elm və Təhsil Nazirliyinin bu maddənin icrasında tətbiq etdiyi model dünya təcrübəsi ilə müqayisədə daha sürətli və daha real nəticə yaradan siyasət kimi çıxış edir.
Statistika göstərir ki, son 5 ildə müəllim əməyinin qiymətləndirilməsi və şəraitin yaxşılaşdırılması üzrə görülən işlər əvvəlki dövrlərlə müqayisədə kəskin yüksəliş yaradıb. 2019–2024-cü illər arasında müəllim maaşları orta hesabla 84 faiz artıb; xüsusilə sertifikasiyadan yüksək nəticə göstərən müəllimlər üzrə artım 120 faizə çatıb. Bu artım OECD ölkələrinin 5 il üzrə göstəricilərinin (orta 18–22 faiz) müvafiq olaraq 4 dəfə üstündədir. İnfrastruktur sahəsində də oxşar dinamika müşahidə olunur: 5 ildə 900-dən çox məktəb əsaslı təmir edilib, 250 məktəb yeni binaya köçürülüb, məktəblərin internetlə təminatı 28 faizdən 92 faizə yüksəlib. Bu rəqəmlər postsovet məkanında ən yüksək sürət hesab olunur.
Apardığım təhlillər göstərir ki, yeni iş modelinin mahiyyəti sadəcə 09:00–18:00 iş rejimi yaratmaq deyil, müəllimin real iş şəraitini beynəlxalq standartlara uyğunlaşdırmaqdır. Estoniya və Sinqapurda analoji model tətbiq ediləndə ilkin narazılıqlar çox güclü olmuşdu, lakin şərait yaxşılaşdıqca müəllimlərin 80 faizindən çoxu sistemi dəstəkləmişdi. Azərbaycanda da eyni mexanizmin işləyəcəyi gözləniləndir, çünki proses kənardan formal deyil, faktiki infrastrukturun dəyişməsi ilə müşayiət olunur. Müəllim otaqları, kompüter təminatı, internet, mərkəzləşdirilmiş resurslar, sənəd işinin azaldılması, kabinet sisteminin qurulması – bütün bunlar yeni iş mühitinin real baza sütunlarıdır. Bu şərait formalaşdıqca, müəllimin məktəbdə vaxt keçirməsi yük yox, peşəkar imkan kimi görünəcək".
Yeni model isə bu qeyri-rəsmi sistemi zəiflətməklə keyfiyyət standartlarını gücləndirir və müəllimi öz peşəsinin mərkəzinə qaytarır:
"Nazirliyin tətbiq etdiyi sertifikasiya modeli də müəllim nüfuzunun yüksəlməsinə ciddi təsir göstərən faktorlardan biridir. Sertifikasiya nəticəsində son 3 ildə dərsini yuxarı keyfiyyətdə keçən müəllimlərin payı 38 faizdən 61 faizə yüksəlib, bu isə regionda ən yüksək yüksəliş göstəricisidir. Bununla yanaşı, sertifikasiyada yüksək nəticə göstərən müəllimlərin əməkhaqqısının ayrıca artırılması onların peşəyə bağlılığını gücləndirib. Yeni modelin könüllü olması da mühüm üstünlükdür sınağa qoşulan müəllimlər nəticəni gördükcə sistemin kütləvi şəkildə genişlənməsi təbii şəkildə baş verəcək.
Bu prosesdə narazı səslərin daha çox repetitorluğa yönəlmiş, dərs yükünü minimum saxlayıb enerjisini “kənar gəlirə” yönəldən qrupdan gəldiyi müşahidə olunur. Bu kateqoriya müəllimlərin dərsi yola verməsi, məktəbdə metodik iş aparmaması və qiymətləndirməni formal icra etməsi illərlə təhsilin keyfiyyətinə zərər vurub. Yeni model isə bu qeyri-rəsmi sistemi zəiflətməklə keyfiyyət standartlarını gücləndirir və müəllimi öz peşəsinin mərkəzinə qaytarır. Repetitorluqdan asılılığın azalması valideyn üçün də, şagird üçün də böyük üstünlükdür və nəticələr görünəndə bu modelə maraq kəskin şəkildə artacaq".
Nəticələr görünəndə müəllimlərin böyük əksəriyyəti bu modelə qoşulmağa can atacaq və yeni sistem Azərbaycan təhsilinin əsas dayaq mexanizmlərindən birinə çevriləcək:
"Qlobal təcrübə sübut edir ki, müəllimin sosial nüfuzu onun məktəbdə tam ştatla çalışdığı, professional mühitdə fəaliyyət göstərdiyi ölkələrdə yüksək olur. Sinqapur, Estoniya və Kanada kimi ölkələrin modeli bunu təsdiqləyir: müəllimin nüfuzu artdıqca, əməkhaqqısı yüksəldikcə və iş şəraiti standartlaşdıqca sistemdə çalışanların motivasiyası 2–3 dəfə artır. Azərbaycanda tətbiq edilən yeni model bu xəttə uyğunlaşdırılıb və artıq ilkin müsbət dinamika görünür.
Hesab edirəm ki, Elm və Təhsil Nazirliyinin son illərdə apardığı ardıcıl, data əsaslı və institusional siyasət müəllim nüfuzunun artırılması, maddi vəziyyətinin yaxşılaşdırılması və məktəblərdə professional mühitin yaradılması baxımından beynəlxalq standartları qabaqlayan real nəticələr yaradıb. İnfrastrukturun genişlənməsi, maaş artımı, sertifikasiya, sosial paketlər, rəqəmsal təminat və iş şəraitinin yaxşılaşdırılması bu islahatı yalnız zəruri deyil, həm də dayanıqlı edir. Bu səbəbdən nəticələr görünəndə müəllimlərin böyük əksəriyyəti bu modelə qoşulmağa can atacaq və yeni sistem Azərbaycan təhsilinin əsas dayaq mexanizmlərindən birinə çevriləcək.