Elm və Təhsil Nazirliyinin dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə 17-19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalına start verilib.
AzEdu.az xəbər verir ki, açılış mərasimində dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, rektorlar, Elm və Təhsil Nazirliyinin elmi-tədqiqat institutlarının direktorları, beynəlxalq təşkilatların nümayəndələri, media qurumlarının rəhbərləri, təhsil mütəxəssisləri, tanınmış ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra SAF festivalının 5 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub.
Açılış nitqi ilə çıxış edən "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov ilk olaraq bütün STEAM ailəsini festivalın 5 illik yubileyi münasibətilə təbrik edib.
İqrar Nəzərov qeyd edib ki, hər il minlərlə yeniyetmə və gənci ilhamlandıraraq onların yaradıcılıq potensialının üzə çıxarılmasına şərait yaradır:

“Eyni zamanda, bu tədbir beynəlxalq əməkdaşlıq üçün geniş və effektiv bir platforma funksiyasını yerinə yetirir.Layihə ilk tədris ilində 41 məktəb və 6.000 şagirdi əhatə edirdisə, hazırda bu göstəricilər əhəmiyyətli dərəcədə artaraq 400-dən çox məktəbi və 300.000-dən artıq şagirdi əhatə edir. Bu göstəricilər layihənin genişlənmə dinamikasını və təsir gücünü açıq şəkildə nümayiş etdirir.
Festival iştirakçıları STEAM ruhunu, yəni elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrasiyasını - layihələri və ideyaları vasitəsilə canlandırır. Festival həmçinin sənaye nümayəndələri, təhsil müəssisələri və gənc innovatorları bir araya gətirməklə güclü öyrənmə ekosistemi formalaşdırır.
Bu festivalın vizyonu və missiyası interdisiplinar düşüncə tərzini təşviq etmək, STEAM bacarıqlarını gündəmə gətirmək və regionda təhsilli, innovativ cəmiyyətin formalaşmasına töhfə verməkdir".
Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycanda STEAM təhsilinin 5 il ərzində böyük inkişaf yolu keçməsi, minlərlə şagirdin bu prosesə qoşulması və innovativ düşüncənin təhsil sistemində genişlənməsi festivalın əhəmiyyətini daha da artırır:

“Xüsusilə bu dəyişimin əsas hissəsini azyaşlı uşaqlar, məktəblilər və müəllimlər təşkil edirlər. Müəllimlərimizin də bu sahədə bilik və bacarıqlarının artması böyük əhəmiyyət daşıyır. Bu təşəbbüs ilk dəfə 2018–2019-cu illərdə ortaya qoyulanda, açığı, onun bu qədər geniş vüsət alacağı və böyük miqyasda inkişaf edəcəyi tam gözlənilmirdi. Amma elə həmin dövrdə göstərilən dəstək növbəti illərdə bizə imkan verdi ki, həm tərəfdaşların sayını artıraq, həm də layihəni ölkə üzrə genişləndirək.
Artıq ilk illərlə müqayisədə 50 dəfədən çox tədris resursu, metodologiya və sistem modeli hazırlanıb tətbiq olunur. Hazırda ölkənin 21 bölgəsində STEAM mərkəzi fəaliyyət göstərir.
STEAM Azərbaycan layihəsi artıq Qarabağ Universitetində, Xankəndidə fəaliyyət göstərəcək. İnanıram ki, həmin bölgə üçün də kifayət qədər üstünlük olacaq. Hər şeyin Bakıda deyil, Bakıdan kənarda da olması böyük töhfə vermiş olacaq. Məhz STEAM tədrisinin həm ayrı-ayrı fənnlər üzrə müəllim hazırlığını, həm də bir ayrıca ixtisas olaraq növbəti ildən tədrisinə başlayacağıq".
Çıxışlardan sonra festivalda yarışacaq komandaların təqdimatı və bədii hissə baş tutub.
Xatırladaq ki, festival çərçivəsində 18 yarış kateqoriyası üzrə 20-dən artıq ölkədən minlərlə şagird, tələbə, mentor və ekspert iştirak edir. Yarış kateqoriyaları robototexnika, süni intellekt, bərpaolunan enerji, dron və peyk texnologiyaları, incəsənət, innovativ layihələr və mühəndislik sahələrini əhatə edir.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizov SAF-2025 festivalı ilə təəssüratlarını bölüşüb.
Rektor qeyd edib ki, SAF -2025 STEAM Azərbaycan Festivalı ölkəmizdə öz işini davam etdirir:

“Son illər məktəblərdə STEAM laboratoriyalarının qurulması, eləcə də müxtəlif regionlarda STEAM mərkəzlərinin açılması bu sahəyə marağın artdığını göstərir. STEAM layihəsi çərçivəsində şagirdlər yalnız elm və mühəndislik üzrə nəzəri məlumatlar əldə etmir, həm də öz ideyalarını real modellərə çevirərək dizayn, sınaq və təkmilləşdirmə proseslərinə qoşulurlar. Bu isə biliklərin praktiki bacarıqlara çevrilməsində mühüm rol oynayır.
Artıq STEAM Azərbaycan həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə tanınmış brendə çevrilib. Azərbaycanın “STEAM hərəkatı ölkəsi” kimi formalaşması təhsildə innovasiya yanaşmasının vacib göstəricilərindən biri sayılır.
Bu il SAF 2025-də dünyanın 22 ölkəsindən tələbələr iştirak edir. Onların arasında ABŞ, Avstriya, Böyük Britaniya kimi inkişaf etmiş ölkələr də var. Bu baxımdan festival həm şagirdlər üçün öyrənmə və təcrübə imkanları yaradır, həm də ölkəmizin təhsildə yeni texnologiyaların tətbiqi istiqamətində atdığı addımların beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verir”.
Festival iştirakçısı Musa Kuçmebko Təfəkkür liseyinin 9-cu sinif şagirdi qeyd edib ki, layihə Qarabağın 4 zonasını əhatə edir:
“Zəngilan, Ağdərə, Xankəndi və Kəlbəcər zonalarıdır. Xüsusi maket Zəngilan zonasına aiddir. Həmin ərazidə günəş radiasiyası yüksək olduğuna görə buraya günəş panelləri yerləşdirmişik. Bizim məqsədimiz ekoloji təmizlik və yalnız alternativ enerji ilə işləyən bir make nümayiş etməkdir. Həmçinin birada uşaq bağçasının maketi də hazırlanıb. Bununla yanaşı yaşayış binası da var.
Bu tamamilə ekoloji zərərsiz layihədir. Həmçinin bu bir interaktiv bir layihədir. Digər şagirdlər öz əhatəsinə uyğun dəyişə bilərlər”.
Şəki şəhəri 5 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Ömər Mustafazadə bildirib ki, layihənin əsas məqsədi yaşlı insanlar və dərman peraparatlarından çox istifadə edənlərə hansı dərmanları qəbul edəcəkləri bağlı köməklik məqsədi daşıyır:

“Layihəmizin adı Smart pilboksdur. Cihazımızda 3 ədəd konteyner var. Hər bir konteynerin özünəməxsus lampası mövcuddur. Dərman içmə vaxtı çatdıqda həm işıq yanır, həm də səs siqnalı verilir. Həmçinin görmə əngəlli insanlar üçün xüsusi titrəmə funksiyası əlavə edilib ki, onlar dərmanın hansı qutuda olduğunu müəyyən edə bilsinlər. Hər düymənin özünəməxsus funksiyası var. Həmin düymələrdən biri də SOS funksiyasıdır. Bu düymə belə işləyir: əgər xəstə özünü pis hiss edərsə, SOS düyməsinə basır və dərhal Telegrama bildiriş göndərilir. Bununla da xəstəyə dərhal kömək göstərilməsi mümkün olur”.
Beynəlxalq STEAM Azərbaycan Festivalı 2025 19 noyabr tarixinədək davam edəcək. Festivalın final mərhələsinə 1400-dən çox iştirakçı vəsiqə qazanıb. Onlardan 202-si 19 xarici ölkəni təmsil edir. Ümumilikdə isə festivalda təmsil olunan ölkələrin sayı Azərbaycanla birgə 22-dir.
Qeyd edək ki, STEAM - 5 əsas sahənin birgə tədrisi modelidir. Belə ki, STEAM əsaslı tədris modeli elm (Science), texnologiya (Technology), mühəndislik (Engineering), incəsənət (Art) və riyaziyyatın (Math) inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub.