Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-26 12:52:26
“Ümid edirəm, əcnəbilər Azərbaycana oxumaq üçün də gələcəklər” - Macarıstanda təhsil alan gənclə MÜSAHİBƏ

O, oxuduğu Szeged Universitetində  Macarıstanın Təhsil Nazirliyinin xüsusi diplomları ilə təltif edilib.  Eyni zamanda, təhsildə əldə etdiyi nailiyyətlərinə  görə Macarıstanın Mərkəzi Bankı tərəfindən mükafatlandırılıb.

Bu gənc Szeged Universitetində təhsil alan həmyerlimiz İbad Bayramovdur.

Orta təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində alan İbad, hazırda Macarıstanın Szeged Universitetində Biznesin idarəedilməsi ixtisası üzrə təhsilini davam etdirir. İbadın 18 yaşı var.

AzEdu.az İ.Bayramov ilə müsahibəni təqdim edir:

-İbad, son zamanlar gənclərin xaricdə təhsil almağa marağı artıb. Bəs səndə bu maraq necə yarandı?  Bir az xaricdə təhsil almağının səbəblərindən danışaq…

- Oxuduğum məktəbdən məzun olanlar arasında xaricdə təhsil alanlar ildən-ilə artır. Bütün ölkə üzrə  də eyni tendensiya müşahidə olunur. Həqiqətən, son illər oxumaq üçün xaricə gedənlərin sayında nəzərə çarpacaq dərəcədə artım var . Fikrimcə, başlıca səbəb gənclərin yaxşı təhsil almaq və müstəqil həyata başlamaq istəkləridir. Şəxsən, mən öz ayaqlarımın üzərində durmağı daha tez bir müddətdə bacarmağı istəyirəm.  Bu isə yaxşı təhsil və kariyeradan asılıdır.  Mənə görə, ailə, yəni yaşadığın ev insanın en rahat olduğu zonadır və orada istəsən də tam məsuliyyətli ola bilmirsən. Çünki, atalar məsuliyyət haqqını bir çox hallarda oğulları ilə bölüşməyə tələsmirlər.  X aricdə təhsil almaq insanı daha  məsuliyyətli olmağa sövq edir.  Çünki, bu zaman sən yalnız özünü və ailəni deyil, həm də ölkəni təmsil edirsən.

Bundan əlavə, fərqli mühit gənclərin dünyagörüşünün inkişaf etməsinə bilavasitə kömək edir. Oxuduğum universitetdə  dünyanın müxtəlif ölkələrindən gələn tələbələr təhsil alırlar. Onların hər birinin özünəməxsus düşüncə tərzi olduğu üçün belə gənclərlə ünsiyyətdə olmağı çox sevirəm.

-Niyə məhz Macarıstanda ali təhsil almağa qərar verdin? Hansı özəllikləri diqqətini çəkdi?

- Bunun  başlıca səbəbi məktəb yoldaşımın hazırda oxuduğum universitet barədə müsbət rəyi oldu.  Onun Szeged Universitetinin  kitabxanası və tədris  imkanları barədə məlumatları məndə bu ali təhsil müəssisəsinə maraq yaratdı. Həmçinin Macarıstanın Avropa ölkəsi olması da belə bir qərarın verilməsində mühüm rol oynadı.

 -Gəlin, bir az da Azərbaycan təhsil sistemi barədə danışaq... Ölkəmizdə təhsilin keyfiyyətini necə qiymətləndirirsən?

- Azərbaycanda təhsil, məncə, hələ də yetərli səviyyədə deyil. Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyindəki təhsildən razı qalsam da digər məktəblərdə oxuyanların çətinliklərini çox görmüşəm.

Gəldiyim qənaət isə belədir: Son zamanlar təhsildə müsbət dəyişikliklər olsa da, müəllimlər işlərini kifayət qədər yaxşı bacarmadığı müddətdə şagirdlərdən yaxşı nəticələr əldə etmək mümkün olmayacaq. Hesab edirəm, müəllimlərin maaş azlığı ilə təhsilin keyfiyyəti arasında  birbaşa əlaqə var.

-Tələbə gözü ilə Macarıstanla Azərbaycanı necə müqayisə edərsən? Oradakı insanların yaşam və düşüncə tərzi ilə azərbaycanlıların hansı fərqlərini müşahidə etdin?

-Burada hər kəs öz həyatı ilə məşğuldur. Amma elə hiss edirəm ki,  bizim cəmiyyətdə insanlar öz fikirlərindən daha çox başqalarının fikrinə önəm verirlər. Azərbaycanlılar üçün öz həyatı qədər başqasının da həyatı maraqlıdır.

Ölkələr arasında  oxşar məqamlara gəlincə isə, demək olar ki,  yoxdur.  Macarlar bizim kimi türk kökənli olsalar da, burada xristian dini prioritetdir və insanlar da bayramları ona əsasən keçirirlər.

-Bəs Macarıstan səndə nələri dəyişib? Bu ölkənin fərqliliyi və qəribəlikləri haqqında nə deyə bilərsən?

- Ən əsası mən burada öz ayaqlarım üzərində durmağı öyrəndim. İkincisi, təhsildə nailiyyətlərim artdı. Ötən dərs ilində göstərdiyim nəticələrimə görə, yeni dərs ilində Macarıstanın Təhsil Nazirinin, Mərkəzi Bank sədrinin xüsusi diplomları ilə təltif olundum və onların təqaüdünü qazandım.

-Oxuduğunuz ölkədə müəllimlərin xarici tələbələrə münasibəti necədir?

- İngilis dilində təhsil aldığımıza görə, macarlarla birlikdə oxumuruq. Szeged Universitetinin xarici tələbələr üçün proqramı  artıq 7 ildir  ki fəaliyyət göstərir və buna görə də müəllimlər artıq müəyyən bir təcrübəyə malikdirlər. Doğrusu, Avropada müəllimlər Azərbaycandakı kimi tələbələrlə maraqlanmır. Yəni, onların işi mühazirəni keçib getməkdir. Bu səbəbdən onlar üçün tələbələrin dərsə gəlib - gəlməməsi və ya nə etdikləri o qədər də önəm daşımır.

- Maraqlıdır, bəs tələbə və müəllimlərinizin Azərbaycan haqqında düşüncələri ...?

-Azərbaycanlı  tələbələr burada həm çox aktiv olduqları, həm də yüksək nəticələr göstərdikləri üçün ölkəmiz  barəsində müsbət fikirlər formalaşıb. 

-Oxumaq üçün getdiyin ilk zamanlarda Macarıstanda hansı çətinliklərlə qarşılaşdın? Məsələn, adətləri, mətbəxləri , iqlimləri haqda danışaq...

- Yerli insanlarla anlaşmaq üçün ingilis dili biliyim, adətən, ünsiyyəti asanlaşdırsa da, bəzən macar dilində fikrimi izah etmək məcburiyyətində qalıram. Amma bu, o qədər də asan deyil, çünki macar dili dünyanın mürəkkəb dillərindən sayılır. Odur ki, dil fərqi istənilən halda problem yaradır.

Başlanğıcda yataqxana həyatı və məişət qayğıları mənə daha çətin gəlirdi.  Yaşadığım şəhərin tələbə şəhərciyi olması əyləncə və istirahət üçün imkanlarını azaldır, əslində buna imkan da qalmır. Xüsusilə, imtahanlara hazırlaşarkən başqa fəaliyyətlə məşğul olmağa vaxt tapa bilmirəm.

Yerli əhali mülayim və  gülərüzdür. Mətbəxləri əsasən donuz  ətindən  hazırlanan yeməklərdən ibarətdir.  Dünyanın ən məşhur salamilərindən  biri də elə macar salamisidir.  İqlimin fərqi isə havanın küləyli  olmamasıdır. Bu da hətta şaxtalı havanı belə dözüləbilən edir.

- Szeged Universitetində  əcnəbi tələbələr üçün hansı güzəştlər nəzərdə tutulub?

-Burada xarici tələbələr üçün xüsusi  güzəştlər yoxdur. Hər kəs bərabər hüquqlu və  eyni vəzifələrə malikdirlər. Szeged Universitetində hər il Beynəlxalq mədəniyyət günləri təşkil olunur: hər kəs təmsil etdiyi ölkənin mədəniyyətini nümayiş etdirir. Biz də hər il tədbirdə iştirak edərək Azərbaycanı layiqli təmsil etməyə çalışırıq.

-Azərbaycanı təmsil etmək üçün başqa hansı fəaliyyətləriniz olub?

- Szegeddə yenilikcə Macarıstandakı Azərbaycan Diasporasının Szeged nümayəndəliyini  qurduq. Məqsədimiz  Azərbaycanın  gözəlliklərini ölkədən kənarlara nümayiş  etdirməkdir.  Eyni zamanda, Azərbaycana  məxsus  önəmli   bayramları və tədbirləri Szegeddə keçirməkdir.

-Azərbaycanı layiqli təmsil etmək üçün cəhdləriniz, həqiqətən, təqdirəlayiqdir... Ümumiyyətlə, universitetdə  xarici tələbələr çoxdur? Hansı ölkə nümayəndələri üstünlük təşkil edir?

-Bəli, çoxdur. Müşahidələrimə əsasən, Monqolustan, Almaniya, İran, Çin, Cənubi Koreya, Polşa, Türkiyə və Tunisdən olanlar daha çoxdur. Həmçinin  Avropanın bir çox  yerlərində bura Erasmus mübadilə proqramı ilə gələn tələbələr də var.

-İbad, bəs Macarıstanda insanların sosial rifah halı barədə nə deyə bilərsən? Vətəndaşların aylıq maaş və tələbə təqaüdləri qənaətbəxş hesab oluna bilərmi?

- Macarıstanda orta aylıq əmək haqqı  650 avro, tələbələr üçün aylıq təqaüd  isə 260 avrodur. Lakin yaxşı nəticə göstərən tələbələrə Macarıstanın Mərkəzi Bankı və İnsan Resursları Nazirliyi  əlavə təqaüd verir.   

-Macarıstanda təhsil aldığın zaman başına gələn maraqlı hadisələrdən danışa bilərsən?

-Yaddaşımda iz buraxan iki hadisədən bəhs edə bilərəm. Birincisi, tələbə dostumla keçən ilin iyun ayında səfərdən qayıdanda təyyarəmiz səhvən Budapeştə deyil, Debreçenə enmişdi. Axşam vaxtı dəmiryol vağzalına gələndə məlum oldu ki, bundan sonra Budapeştə qatar getməyəcək.  Biz isə yaşadığımız  Szeged şəhərinə getmək üçün ilk olaraq qatarla Budapeştə yola düşməliydik.  Birdən yadıma düşdü ki, bir dəfə “shuttle bus”da gələrkən bir   Azərbaycanlı  ilə tanış olmuşdum, sağollaşmazdan əvvəl  isə onun” facebook” ünvanını soruşmuşdum.  Tez onunla əlaqə yaratdıq... Baxmayaraq ki,  bizi  yaxından tanımırdı, amma  bizə yardım etdi və gecəni onun yanında qaldıq. Həmin şəxslə əlaqə saxlamasaydıq, gecə otelə ödəniş etmək bizə çətin olardı.

İkinci hadisə isə Rumıniyada baş  verib. Rumıniyanın  Timisiora şəhəri  Macarıstan  ilə  sərhəddə  yerləşir. Ona  görə, bu  yaxınlarda dostumla  Almaniyadan  qayıdanda  təyyarə  biletini məhz o şəhərə  almışdım. Təyyarə iki saat gecikdiyinə və Rumıniyada  bizi “passport kontrol”da 20 dəqiqə   saxladıqlarına görə şəhər mərkəzinə gedən son avtobusu qaçırdıq. Gecəni  aeroportda  keçirib səhər avtobusla şəhərin mərkəzinə gələ bildik. Əsas problem isə mərkəzdən Szegede getmək üçün mindiyimiz avtobusda oldu.

-Səncə, Macarıstanda təhsil tələbələrə nə qazandırır?

-Fikrimcə, tələbələr üçün ən  böyük  üstünlük həyatlarını qurmağı öyrənmələridir. Həmçinin tam fərqli  ətraf  mühitdə  çox  önəmli bir qazancdır.

-Ümumiyyətlə, hər bir ölkə, adətən, müvafiq ixtisas və ya ixtisaslar üzrə peşəkarlaşır və məşhurlaşırlar. .. Bəs Macarıstanda hansı sahələrin tədrisində bu peşəkarlıq hiss olunur?

- Bizim universitetdə gördüyüm qədəri ilə tibb və kənd təsərrüfatı daha çox inkişaf edib. Budapeştdə oxuyanlar isə əsasən kompüter mühəndisliyi  sahəsində təhsil  alırlar. Ümumiyyətlə, bu ölkəni seçməkdə gənclərin bir sıra səbəbləri olsa da, əsas səbəb məhz təqaüd proqramıdır.

- Qeyd etdin ki,  “Biznesin  idarə ediməsi” üzrə  bakalavr  təhsili  alırsan. Bu ixtisasın  özəlliyi və perspektivi  haqqında nə deyə bilərsən?

-Burada daha çox marketinq  və iqtisadiyyat  üzrə dərslər  keçirik. Fikrimcə, təhsilin səviyyəsi açıq-aydın ortadadır.  Əsasən mənə marketinq dərsləri   maraqlı gəlir.  Marketinq çox mürəkkəb, müasir, dinamikdir və  zaman keçdikcə önəmi daha da artır. Bundan başqa  biz proqrama əsasən 6 ay  təcrübə də keçməliyik. Fikrimcə, bu çox önəmlidir.  Çünki istənilən universitetin tədris etdiyi nəzəri biliklər təkbaşına yetərli olmur.

-Asudə vaxtlarını necə dəyərləndirirsən? Ümumiyyətlə, Macarıstanda təhsil alan tələbələr boş vaxtlarını necə keçirirlər?

-Asudə vaxtımı əsasən fransız dili öyrənərək və internetdə videolara  baxaraq keçirirəm. Macarlar spirtli içkiləri xoşladıqları üçün, demək olar, bütün həftə  sonlarını əylənərək başa vururlar.

-İbad, mümkünsə, universitetdəki dərs sistemini təsvir et...

-Digər Avropa ölkələrində olduğu kimi burada da qayıb məsələsi arxa  plandadır. Bəzi  dərslər bilavasitə kompüter üzərindən keçiririlir,  bəzilərində   isə  müəllim mühazirə deyir. Əsasən, semestr ortası  “mid term” imtahanlar və  sonunda final imtahanı veririk. Lakin bu hər dərsdə belə deyil. Təqdimat tələb olunan və həftəlik imtahanlar olan dərslərimizdə  mövcuddur.

-Azərbaycan müəllimi ilə Macarıstan müəlliminin nə kimi fərqləri var?

-Burada müəllimlər tələbələrlə maraqlanmırlar. Məsələn: 3 semestr təhsil  alsam da, cəmi 3 müəllim mənim adımı bilir. Dərsə gəlib-gəlməmək onlar üçün çox da önəm daşımır.

-Təhsildən başqa maraq göstərdiyin məşğulliyyətin varmı?

-Bəli, futbol, basketbol və üzgüçülüklə maraqlanıram. Bundan başqa, texnologiya ilə bağlı son informasiyalardan xəbər tutmağı və videolar   izləməyi  sevirəm. Üstəlik, səyahət etmək də maraq dairəmdədir.

-Bəs Macarıstanda elə bir universitet varmı ki, Azərbaycanlı gənclərin orada təhsil alması onlara heç nə qazandırmaz…? Yəni tövsiyə etməyəcəyin universitet və şəhərlər…

-Elə bir şəhər olduğunu düşünmürəm. Szeged Universiteti  biznes, kənd   təsərrüfatı , Debreçen isə tibb üzrə məşhurdur.  Əsas məsələ, tələbələrin onları xoşbəxt edəcək bir fakültə və ixtisasda oxumalarıdır.

- Xaricdə təhsil almaq istəyən gənc həmyerlilərimizə nə tövsiyə edərdin? 

-Xaricdə təhsil almaq, məncə, hər kəs üçün çox böyük müsbətdir. Eyni zamanda, nə  qədər çətinliklər olsa da, xaricdə təhsilin onlara çox şey  qazandıracağına  inanıram. Gənclərə də bu yolda daha inamlı olmağı arzulayıram.

 -Sonda əlavə etmək istədikərin...

-Ümid edirəmki, yaxın gələcəkdə Azərbaycan təhsilində olan problemlər  aradan qalxacaq və xaricilər də Azərbaycana oxumaq üçün  gəlmək  istəyəcəklər...

Günel Yaşarqızı
Müəllifin digər yazıları