Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-12 13:30:00
“Nüfuzlu  jurnallar  iqtisadi maraqlarına görə məqalələrimi növbəsiz çap ediblər”–Almaniyada çalışan alimimiz 

“Alman alimlərinin yerinə yetirdiyi elmi layihələrdə çox vaxt  tələbələr üçün “tələbə köməyi” adlanan ştat vahidləri olur. Bu vəzifələr bacarıqlı tələbələrə verilir və onlar real elmi layihənin yerinə yetirilməsində iştirak edirlər“.

Bu sözləri də portala müsahibəsində budəfəki müsahibimiz-elmi uğurları ilə ölkə sərhədlərini aşan, uzaq Almaniyada Azərbaycan elmini təmsil edən Cavid Səfərov deyib.

Beləliklə, AzEdu.az xaricdə yaşayan və orada elmi fəaliyyətlə məşğul olan müxtəlif elm adamları ilə silsilə müsahibələri davam etdirir.

Bu sözləri də portala müsahibəsində budəfəki müsahibimiz-elmi uğurları ilə ölkə sərhədlərini aşan, uzaq Almaniyada Azərbaycan elmini təmsil edən Cavid Səfərov deyib.

Kimdir Cavid Səfərov?

Bu suala cavabı “Qürbətin doğma ziyaları” rubrikasının növbəti müsahibəsi əsnasında tapacağıq.

Müsahibədə nüfuzlu xarici impakt faktorlu jurnallarda məqalələrin dərci  üçün qoyulan tələblərdən tutmuş, Almaniyada təhsil alan gənclərin potensiallarına qədər bir sıra məsələlər əks olunub.

Dosye – Qürbətdəki doğma ziya...

Cavid Səfərov 1965-ci il dekabrın 10-da Qazax rayonunun Ürkməzli kəndində anadan olub. 1982-ci ildə Ürkməzli kənd orta məktəbini bitirib, həmin il də indiki Azərbaycan Texniki Universitetinin Mexanika fakültəsinin “Soyuducu-kompressor maşın və qurğuları” ixtisasına daxil olub. 1989-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirərək, “Mühəndis-mexanik” ixtisasına yiyələnib.

Tələbəlik illəri, 1986-cı il

Elə həmin il indiki Azərbaycan Texniki Universitetinin “İstilik və soyuqluq texnikası” kafedrasında tədqiqatçı-mühəndis kimi fəaliyyətə başlayıb. 1991-ci ildə  bu universitetdə əyani aspiranturaya daxil olub. 1993-cü ildə vaxtından əvvəl “Alifatik spirtlərin və onların binar qarışıqlarının termal xassələri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi elmi dərəcəsi alıb.

Elmi təcrübələr apararkən. 1991-ci il.

1993-2004-cü illərdə Azərbaycan Texniki Universitetinin “İstilik və soyuqluq texnikası” kafedrasında baş laborant, assistent, dosent vəzifəsində çalışıb. 1995-ci ildə Türkiyənin Ankara şəhərinin nüfuzlu Bilkent Universietində elmi təcrübə keçib.

2005-ci ildə Azərbaycan Texniki Universitetinin “İstilik və soyuqluq texnikası” kafedrasının dosenti diplomunu alıb. 2005-2006-cı illərdə dosent Cavid Səfərov Almaniyanın Erlangen-Nürnberq Universite­tində elmi işçi kimi çalışıb. 2006-cı ildən Almaniyanın Rostock Universitetinin “Texniki Termodinamika” kafedrasının elmi işçisi kimi çalışır.

Dünya şöhrətli alim, Bilkent Universitetinin qurucusu İhsan Doğramacı ilə, Ankara, 1995-ci il.

-Cavid müəllim, əksər elm adamları başqa ölkələrə istədiklərini vətənlərində həyata keçirə bilmədiklərinə görə üz tuturlar. Bəs, sizi uzaq Almaniyaya aparan səbəb nə oldu?

-Azərbaycan Texniki Universitetində işləyəndə Təhsil Nazirliyi və başqa təşkilatların xarici ölkələrə elmi ezamiyyətlərə getmək üçün universitetə göndərilən informasiyalarını məktublar şəklində mütəmadi alırdım. Universitetin rəhbərliyi və əlaqədar bölmələri bizə xaricdə elmi təqaüd, fond, ezamiyyətlər haqqında məlumatlar verirdi. O vaxtlar hələ internet sistemi çox da geniş yayılmamışdı. Mən də Almaniya, İsveç, İsveçrə, Türkiyə, Yunanıstan və s. kimi ölkələrə elmi təqaüdlə bağlı sənədlər göndərmişdim. Məqsədim həmin ölkələrdə termodinamikanın, istilik-fizikasının müasir yeniliklərini öyrənmək idi. Yəni, bu aktivliyin “istədiklərini həyata keçirə bilməyəndə digər ölkəyə üz tuturlar” ifadəsi ilə heç bir əlaqəsi yox idi.

1998-ci ildə İsveçrə elm fondu məni Moskvaya müsahibəyə çağırmışdı. Başqa fondlar da əlaqə saxlayırdılar. Hansısa fonda sənəd göndərəndə o dəqiqə müsbət cavab gəlmir, buna görə ruhdan düşmək lazım deyil. Əksinə, daha da əzmkarlıqla davam etmək lazımdır. İndi hər şey internet vasitəsi ilə yerinə yetirilir, sənədlər onlayn göndərilir. Bu sahədə xeyli inkişaf var.

Nəhayət, 2001-ci ildə Alman Elm Fondu məni Köln şəhərində 76-cı Beynəlxalq Bunsen "Qlobal Faza Diagramları" diskussiya mitinqinə iştirak etməyə dəvət etdi. Onlar bütün ezamiyyə xərclərini ödədilər. Orada professorlarla tanış oldum, elmi əlaqələrim daha da genişləndi.

2002-ci ildə Almaniyanın Deutscher Akademischer Austauschdienst (DAAD) təqaüdünü almağa nail oldum. Bir il sonra, 2003-cü ildə isə dünyanın bir nömrəli nüfuzlu elm fondu olan Aleksandr von Humboldt (AvH) fondunun elmi təqaüdlərinə layiq görüldüm. 3 il ərzində müasir təcrübi termodinamikanın, istilik fizikasının bütün nailiyyətlərini öyrəndim, 20-dən çox elmi məqalə və konfrans çıxışları hazırladım. Nüfuzlu elmi jurnallarda məqalə hazırlamaq biliklərinə yiyələndim.

Aleksandr von Humboldt fondunun baş katibi Dr. Georg Schütte ilə, 2004.cü il.

2004-cü ilin payızında Yaponiyanın nüfuzlu Japan Society for the Promotion of Science (JSPS) elmi təqaüdlərinə layiq görüldüm və Yokohama şəhərinin Keio Universitetində elmi araşdırmalar apardım.

Naqana şəhərində elmi konfransda, Yaponiya, 2004-cü il.

-Həm Azərbaycan, həm də Almaniyada pedaqoji fəaliyyətlə məşğul olmusunuz. Xaricə getdikdən sonra özünüzdə hansı fərqləri müşahidə etdiniz? Digər ölkə bu istiqamətdə fəaliyyətiniz üçün stimulverici nələr verdi?

-Xaricə getdikdə öncə dil fərqi ilə qarşılaşırsan. Mən AzTU-da pedaqoji fəaliyyətimi Azərbaycan dilində yerinə yetirirdim. Almaniyada isə mühazirə, məşğələləri əsasən almanca və nisbətən də ingiliscə aparmaq lazım gəlir.

Almaniyada tələbələr daha tələbkardırlar. Bu, onların gələcəkdə elm və sənaye sahələrində ciddi, prestijli işlərdə çalışmalarını anladıqları üçün daha dərindən elmi biliklərə nail olmaq istəklərindən irəli gəlir. Bunun üçün universitetlərdə bütün şərait var. Almaniya Universitetlərinin kitabxanaları tam elektron sistemdə çalışır və bir-biri ilə bağlıdırlar. Bu da tələbənin istədiyi kitabı, elmi məlumatı Almaniyanın istənilən kitabxanasında axtarması və sifariş verməsi üçün şərait yaradır. Sifariş verilən materiallar ən geci 10-12 günə ünvana çatdırılır, və ya oxuduğu universitetin kitabxanasına göndərilir.

Universitetlər bütün elmi və tədqiq məlumatları ilə zəngindir. Tələbələr birbaşa real qurğularda tədqiqatlar aparırlar. Alman alimlərinin yerinə yetirdiyi elmi layihələrdə çox vaxt tələbələr üçün “tələbə köməyi” adlanan ştat vahidləri olur. Bu vəzifələr bacarıqlı tələbələrə verilir və onlar real elmi layihənin yerinə yetirilməsində iştirak edirlər.

Universitetlərdə çoxsaylı elmi yarışlar təşkil edilir. Tələbələr hazırladıqları detalları, modelləri nümayiş etdirirlər. Bütün bunlar onları daha dərin oxumağa sövq edir. Bu, dərs deyən müəllim qarşısında böyük tələblər qoyur.    

-Müxtəlif təqaüdlərə layiq görülmüsünüz. Bəziləri düşünür ki, təqaüd qazanmaq şans məsələsidir. Siz necə fikirləşirsiniz, təqaüd üçün nələr, nə kimi göstəricilər lazımdır?

-Bunun üçün əzmlə çalışmaq, daha çox səy göstərmək lazımdır. Son illər daha çox siyasi xarakter daşıyan fondlar əmələ gəlib. Təqaüd qazanmaq üçün əsas rolu müasir jurnallarda çap edilən məqalələrin sayı deyil, onların keyfiyyəti, nəzərdə tutulan elmi planın müasirliyi, aktuallığı oynayır. İddiaçı haqqında nüfuzlu alimlərin rəyləri müstəsna rola malikdir. Bu rəylər yüksək elmi bazası olan xarici ölkə universitet­lərinin nüfuzlu alimlərinə məxsus olsa, daha yaxşı olar. Aleksandr von Humboldt fondu təqaüdçüləri məhz bu kriteriyalar ilə seçir.

-Bir çox beynəlxalq konfranslarda iştirak etmisiniz. Bu konfranslarda azərbaycanlı gənclərin aktivliyi necədir?

-Mən əsasən termodinamika, istilik-fizikası, kimya termodinamikası, fiziki-kimya konfrans­larında iştirak edirəm. Özüm də hər il bu sahədə “THERMAM” adlı konfrans təşkil edirəm. Artıq 7 konfrans keçirmişəm. Odur ki, mən yalnız bu elmi sahələri əhatə edən konfranslarda rast gəldiyim azərbaycanlı alimlər haqqında danışa bilərəm. Konfranslarda ən çox Azərbaycan Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft və Kimya Prosesləri İnstitutunun gəncləri ilə görüşürəm. Başqa elmi tədqiqat mərkəzlərinin gənc alimləri ilə də müxtəlif konfranslarda rastlaşmışam. Burada əsas məsələ gənc alimlərə konfrans üçün maliyyə xərclərinin ayrılmasıdır.

Qraz şəhərində elmi konfransda, Avstriya, 2017-ci il.

Çalışdığınız Rostock Universitetində azərbaycanlı tələbələr varmı?

-Bəli, hazırda Rostock Universitetində 5 azərbaycanlı tələbə təhsil alır.

-Azərbaycanlı tələbələrlə Almaniyada görüşürsünüz? Onların bacarıqları hansı səviyyədədir?

-Almaniyada oxuyan azərbaycanlı tələbələrlə əsasən Azərbaycanın oradakı səfirliyinin təşkil etdiyi dövlət tədbirlərində görüşürəm. Buraya təhsil almaq üçün savadlı və bacarıqlı həmvətənlərimiz gəlir. Onların bacarıqları çox yüksək səviyyədədir, tez bir zamanda yerli mühitə uyğunlaşır, dərslərin və imtahanların öhdəsindən bacarıqla gəlirlər. Azərbaycanlı gənclərin Almaniyada bir çox elmi cəmiyyətləri var. Onlar tez- tez müxtəlif tədbirlər təşkil edirlər.

-Almaniyada elm adamları üçün hansı stimulverici addımlar atılır?

-Bu suala cavab vermək üçün çox danışmaq olar. Qısa olaraq onu deyim ki, Almaniya fundamental elm üzərində qurulmuş və dünyada elm-təhsil sahəsində lider dövlətlərdən biridir. Dövlət elmi tədqiqat mərkəzlərinə, universitetlərə, elm və təhsil sahəsində çalışan insanlara daha çox qayğı göstərir. İstehsal müəssisələri, dünya şöhrətli firmalar elmi-tədqiqatlara böyük miqdarda maliyyə vəsaiti ayırırlar. Elm, təhsil, istehsalat, iqtisadiyyat, cəmiyyət - bunlar böyük, tam mexanizm kimi çalışır.

-Almaniyada Fizika və Kimya elminin durumu hansı vəziyyətdədir? Ölkə bu sahədə hansı yeniliklərə imza atıb?

-Almaniyada bu elmlər ən yüksək səviyyədədirlər. Almaniya bəlkə də bu sahə üzrə dünyada birinci yerdədir. Çoxsaylı elm mərkəzləri yaradılıb, güclü iqtisadiyyat və istehsal mövcuddur. Sadəcə, bir neçə kimya müəssisələrini (BASF, Bayer, Merck, Evonik, Sigma-Aldrich və s.) nümunə göstərmək olar ki, Almaniyada kimyanın inkişafı barədə təəssürat yaransın. Fizika sahəsi də eyni qaydada sürətlə inkişaf edir. Elmi sahələrin inkişafı, müasir qurğuların, materialların yaradılması bacarıqlı ixtisasçıların hesabına əmələ gəlir. Deməli, yenə də elm və təhsilin keyfiyyəti məsələsinə qayıdırıq. Buna xüsusi diqqət yetirmək lazımdır.     

Tour şəhərində elmi konfransda, Fransa, 2018-ci il

-Xaricdəki azərbaycanlı alimlərdən kimlərin məqalələri nüfuzlu jurnallarda daha çox dərc olunub?

-Mən bu suala cavab olaraq çox alimləri misal gətirə bilərəm. Azərbaycan alimləri son onilliklərdə müxtəlif nüfuzlu impakt faktorlu jurnallarda çox dəyərli məqalələr çap etdirirlər. Artıq Springer və digər nüfuzlu elmi mərkəzlərdə də Azərbaycan alimlərinin kitabları dərc edilir. 

-Almaniyada elmi məqalələrin impakt faktorlu jurnallarda dərci üçün nə tələb olunur? Azərbaycanlı elm adamları bəzən bizim jurnallarda çap üçün pul tələb olunmasından gileylənirlər. Sizcə, bu, elmin inkişafına nə kimi zərbələri vurur?

-Nüfuzlu impakt faktorlu jurnallarda çap olunmaq üçün məqalə fundamental elmi araşdırmaları əks etdirməlidir. Alınan nəticələr düzgün və daha ətraflı şərh edilməli, dərin ədəbiyyat analizi veriləndən sonra məqalən qrammatik səviyyədə ingilis dilində yazılmalıdır. Uzun illər ərzində öz məqalələrimin çap olunması proseduralarına əsaslanıb deyə bilərəm ki, bəzən məqalədəki informasiya jurnal üçün çox maraqlı olur və onlar hətta ingilis dilində qrammatik qaydaları  da özləri düzəldirlər.

Məqalə bütün proseduraları keçəndən sonra jurnalın xüsusi bölməsinə (article in press) yerləşdirilir və daxilolma tarixlərinə görə növbəli çapa verilir. Bəzən təkcə bu gözləmə prosesi 1 ildən artıq çəkir. Dəfələrlə olub ki, məqalələrimi 1-2 həftə ərzində növbə gözləmədən çap ediblər. Bu isə jurnalın birbaşa iqtisadi marağından irəli gəlir. Bilirsiniz ki, American Chemical Society, Springer, Science Direct və s. kimi nəşriyyatların nüfuzlu impakt faktorlu jurnallarında məqalə çap etdirmək tam pulsuzdur. Sadəcə nəşriyyatların marağı həmin məqalələrin sonradan internet saytı üzərindən satılması ilə maliyyə qazanmaqdır. Son illərdə əvvəlcədən rəsmi pul ödəməklə çap edilən kommersial jurnalları nəzərdə tutmuram. Onların keyfiyyətləri elə də yüksək deyil.

Əvvəlcə məqalələr tam elmi araşdırmalardan keçirlər. Redaktor oxuyur və məqalənin əlyazması rəylərə verilir. Daha sonra məqalənin çap edilib-edilməməsinə qərar verilir. Rəyçilər tərəfindən göstərilmiş iradlara, suallara cavablar hazırlanır. Məqalə tam çap üçün məsləhət olunandan sonra çap üçün növbəyə qoyulur. Məhz bundan sonra kommersiya marağı hərəkətə keçir və daha maraqlı, daha çox onlayn satıla biləcək məqalələri növbəsiz çap edirlər. Yadımdadır, bizim bir məqalə 2 ay ərzində 300 dəfəyə yaxın oxunmuşdu. Müəlliflər bu kommersial satışdan heç bir maliyyə almırlar. Çünkı qeyd etdiyim kimi məqalənin çap edilməsi tam pulsuz başa gəlir.

-Almaniyada çalışan azərbaycanlı elm adamları ilə bir araya gəlib nə kimi işlər görürsünüz?

Almaniyada çalışan azərbaycanlı elm adamları ilə sıx əlaqələrim var. Almaniyada Azərbaycan Texniki Universitetində təhsil alıb, daha sonra elmi təqaüdlərlə buraya gələn, elmi dissertasiya müdafiə edərək elmi ad alan xeyli soydaşlarımız çalışır. Başqa elmi sahələrdə çalışan azərbaycanlı alimlər çoxdur. Mən əsasən, maşınqayırma, texnika sahəsində çalışan azərbaycanlı alimlərlə elmi əlaqələr saxlayıram.

-Hazırda hansı istiqamətdə işlər görürsünüz?

Hazırda alternativ yanacaqların, ionlu mayelərin, karbon qazının atmosferə tullanmasının azaldılması üçün onun mayelərdə həllolunmasının və s. elmi sahələrdə araşdırmalar ilə məşğulam.