Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-28 09:11:00
“Müharibə vəziyyətində” olan hərb dərsləri - “Məktəblərdə bu avadanlıqlar yoxdur”

Müharibə nə qədər bütün inanc və dinlərdə qəbul edilməsə də, insanlıq tarixi savaş meydanlarından ibarətdir. Tarix taxt-tac uğrunda müharibələr üzərində qurulub. Keçmişdən gələn bu ənənə hələ də davam edir. Azərbaycan da müharibə şəraitində olan dövlətlərdən sadəcə, biridir.

Bu səbəbdən, dünyada şagirdlərə uşaqlıqdan hərbi rejimi aşılayan xüsusi məktəblər mövcuddur. Amma orta məktəblərdə 13-14 yaşındakı şagirdlərə hərbi hazırlıq dərsləri keçən ölkələrin sayı  azdır. Dünyada orta məktəbdə hərbi dərslərin mövcud olduğu 9 ölkə var. Bunlar - Banqladeş, Fransa, Malayziya, Nigeriya, Pakistan Portuqaliya, Rusiya, BƏƏ və Tailanddır.

Rusiyada  uşaqları hərbçi kimi yetişdirən və onlara vətənpərvərlik ruhu aşılayan məktəblər var. Belə məktəblərdə XIX əsrdə zadəganların övladları oxuyub. Bu gün Rusiya ordusunun hərbi qulluqçuları öz uşaqlarını bu məktəblərə göndərirlər. Orada qızlara və oğlanlara təlim keçirilir və onlara hərbi davranış vərdişlərini öyrədilir. Bu cür məktəblərdən biri də Stavrapoldakı General Yermolovun məktəbidir.

Banqladeşdə 12 orta məktəbdə hərbi dərslər keçirilir. Bunlardan  üçü qız məktəbidir. Hərbi hazırlıq dərslərinin keçirildiyi belə məktəblərdən biri də Fransada yerləşir. Bura hərbi akademiyalara qəbul olmaq  istəyən şagirdlər üçün hazırlıq mərkəzi sayılır.

ABŞ-da hərbi hazırlıq dərsləri təhlükəli zonalarda, dağətəyi ərazilərdə təşkil olunur. Şagirdlərin hər biri fərdi şəkildə silah-sursatla təmin olunur, onlara hərbi texnika ilə davranış qaydaları öyrədilir. Hər şagird hərbi forma geyinməli və bu dərslərdə iştirak etməlidir. ABŞ məktəblərinin bəzilərində xüsusi hərbi kitabxana da fəaliyyət göstərir.

Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Bakıdakı orta məktəblərin yuxarı sinif şagirdlərinə “Gənclərin çağırışaqədərki hazırlığı” dərsləri keçirilir.

AzEDU müharibə şəraitində olan Azərbaycanda bu dərslərin hansı səviyyədə aparıldığını araşdırıb.

Azərbaycan Yazıçılar Birliyinin Hərbi Vətənpərvərlik Komissiyasının sədri Şahin Musaoğlu AzEDU-ya açıqlamasında bildirib ki, bu fənn 10-11-ci siniflərdə normal səviyyədə keçirilir:

“Məktəblilər arasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsinin xətti ilə  yarışlar təşkil olunur. Şəhid və milli qəhrəmanların adına olan  məktəblərdə də bu problem həll olunub. Rayonların işğal günlərində, milli qəhrəmanın və ya şəhidin doğum günündə vətənpərvərliklə bağlı tədbirlər keçirilir. Şəhidlərin adını daşıyan bəzi məktəblərdə isə unudulmalar ola bilər. Vətənpərvərlik həm yeniyetmələr, həm də gənclər üçün ideologiya deyil, ideologiyadan da üstün  dəyərlər  sistemi olmalıdır. Şagirdlərə ata-baba yurduna sahiblənmək, soy kökünə bağlılıq, adət-ənənəni unutmamaq, vətənə sədaqət, eyni zamanda bu hissləri, dəyərləri şərəflə, qürurla daşımaq təlqin olunmalıdır. Bu dəyərlərin təbliği orta məktəblərdə 1, 2, 3-cü siniflərdən başlamalıdır.  Hesab edirəm ki, bunu yalnız məktəblərin boynuna qoymaq olmaz. Ailə övladını tərbiyə edərkən məsələylə məşğul olmalı, bu sahədə olan mütəxisslər də uşaqlarla işləməlidirlər”.

shahin-musaoglu.jpg

Şahin Musaoğlu  şagirdlərə hərbi biliklərin aşılanması üçün növbəti layihəyə başlanıldığını da qeyd edib:

“Təzəlikcə İlyas Əfəndiyev adına Elitar Gimnaziyada 2, 3, 4-cü siniflərdən ibarət “Patriot” adlı qrup yaratdıq. Onlara xüsusi hərbi geyimlər hazırlamışıq. Məqsədimiz layihə nəticəsində digər məktəblərə də örnək olmaqdır”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanovun sözlərinə görə, orta məktəblərdə gənclərin çağırışaqədərki hazırlığı  dərsləri təsdiq olunmuş proqram əsasında keçirilir və məqbul qiymətləndirilə bilər:

“Dərs proqramı müvafiq qurumlarla, eləcə də Müdafiə Nazirliyi ilə razılaşdırılır. Nə proqramda, nə də dərs vəsaitlərində ciddi problem yoxdur. Amma dərs vəsaitlərinin sayının çox olması daha məqsədəuyğundur. Bildiyimə görə, dərs vəsaitləri, yalnız dərs keçən müəllimlərdə olur. Elə etmək lazımdır ki, kitabları şagirdlər özləri də ala bilsinlər. Kitabxanalarda və ya mağazalarda əlavə vəsaitlərin olması şagirdlərin  biliyini zənginləşdirmək baxımından faydalıdır.  Təəssüflər olsun ki, hərbi sahədə belə dərsliklər yoxdur. Əlavə ədəbiyyat nə kitabxanalarda, nə də mağazalarda var. Bu kitablar elektron variantda da ola bilər. Bunun üçün müəyyən saytlar olmalıdır ki, şagird  saytda axtardığını tapa bilsin.  Bir neçə belə sayt olsa da, şagirdlərin bu haqda məlumatı yoxdur”.

29663528_1728106910584689_389310040_n.jpg

Müsahibimiz bu fənni tədris edən müəllimlərin mütəxəssislər olduğunu vurğulayıb:

“Azərbaycan Dövlət  Pedaqoji Universitetində hərbi müəllimləri hazırlayan fakültə var. Bundan əlavə, müəyyən kurs keçmiş zabitlər də fənni tədris edirlər. Amma bəzi çatışmayan cəhətlər də  özünü göstərir. Məsələn, şagirdlər üçün məlumatlandırıcı lövhələr yoxdur. Dərslərin silahla təminatı zəifdir. Rabitə qurğuları, minalar, qumbaralar yalnız lövhədə yox, real vəziyyətinə yaxın maket formasında, sıradan çıxmış avadanlıqlar isə təhlükəsizlik tədbirlərinin görülməsi şərtilə məktəblərə istifadə üçün verilə bilər. Atış dərsləri də məhduddur. Orta məktəblərdə nəzəri dərslər həddindən çox aparılır. Hərbi elə bir sahədir ki, təcrübi  dərslər daha çox olmalıdır. Məktəblərin özündə olmasa da, hərbi hissələrlə razılaşdırıb çöl dərsləri təşkil etmək lazımdır ki, şagirdlər müəyyən paltarla bu dərslərdə biliklərini praktiki şəkildə zənginləşdirsinlər. Yəni, çatışmayan cəhətlər proqramla yox, təminatla bağlı məsələlərdir. Bu da məktəbin rəhbərliyindən, təşkilatçılıqdan asılıdır. Hesab edirəm ki, tərtib olunmuş dərs  proqramı bugunkü tələblərə tam cavab verir.  Məhdudiyyətlər maddi-texniki bazayla-silah sursatla  bağlıdır. Bu problem həll edilsə, hərbi dərslər daha məqsədyönlü, maraqlı və keyfiyyətli keçirilər”.

29550657_1728052957256751_899575188_n.jpg

29745226_1728052953923418_1710257366_n.jpg

29666575_1728052960590084_766920589_n.jpg

29664234_1728052990590081_331401668_n.jpg

29663466_1728052950590085_480435494_n.jpg

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları