Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-11 11:30:00
Tələbələrimizin son illərdə Macarıstana getməsinin heyrətamiz səbəbləri - “Müqayisə etmək belə doğru deyil”  

Hətta  təhsilin ən  yüksək  inkişaf dövrünü  yaşayan  ölkələrdə  belə insanlar bəzən, xaricdə  təhsil almağa üz tutur.

Azərbaycanda da  xarici ölkələrdə  təhsil almaq  və ya təhsilini davam etdirmək  istəyənlər çoxdur. Kimisi, ABŞ, kimisi Avropa ölkələri, kimisi isə Asiya  ölkələrində təhsil  almağı hədəf seçib.

Son zamanlar tələbələr  Macarıstanda təhsil almağa daha çox üstünlük verir.

Maraqlıdır, görəsən,  tələbələrin Macarıstanda ali təhsil alması Azərbaycan təhsilinə nə qazandırıb?

AzEdu.az bununla bağlı yazını sizə təqdim edir:

“Gəncliyin Elmi-Mədəni  İnkişafı”  İctimai Birliyinin sədri, xaricdə təhsil üzrə  ekspert  Sərdar Yusifoğlu sözlərinə görə,  Macarıstanda  ali təhsil almaq   hər  zaman tələbələrin diqqət mərkəzində olub: 

“Macarıstanda  ali təhsil almaq o tələbələrin diqqət mərkəzində olub ki, onlar xüsusi  seçilmiş, aktivlərdir.  Macarıstan Azərbaycan vətəndaşları üçün  xüsusi proqram hazırlayıb. Bu proqramda   tələbələr   təhsil haqqından azaddırlar. Tələbələrin yaşayış xərclərinin qismən  ödəmək nəzərdə tutulduğuna görə   orada  oxumağa daha üstünlük verirlər.  

Macarıstanla  müəyyən milli, həm də beynəlxalq  münasibətlər sahəsində çoxlu bağlantılarımız var. Xalq olaraq  mədəniyyətlərin bölüşməsi baxımından Macarıstanda təhsil almaq  yaxşıdır. Macarıstan Mərkəzi Avropa  ölkəsi olaraq  düşünürəm ki, Azərbaycan təhsil sahəsindən daha  üstündür.   Ali təhsil ocaqlarında   təhsilin  keyfiyyəti müəllimlərin məvacibləri ilə  ölçülür. Nəzərə salsaq ki,   Macarıstanın  ali təhsil ocaqlarında dərs deyən  müəllimlərin professor və müəllim heyətinin məvacibləri  də yüksəkdir. Macarıstanda təhsil alan tələbələrin digər şansları da odur ki,    Avropa Birliyinin  və müxtəlif Avropa komissiyasının təşkil  etdiyi ERASMUS  buna oxşar digər   təqaüd  proqramlarında onlar kifayət qədər iştirak edirlər. Bu baxımdan tələbə üçün həmin ölkənin  universitetlərində təhsil almaq  faydalıdır”.

Xaricdə təhsil üzrə mütəxəssis Fuad Hacıyev açıqlaması zamanı bildirib ki, Avropada  ali  təhsil almaq Azərbaycanda  illərlə xərc ödəyib, alınan təhsildən hər mənada üstündür:

“Avropa təhsili ilə  Azərbaycandakı təhsili  müqayisə etmək nə dərəcədə düz olduğunu bilmirəm.  Bu təhsil xüsusən  təqaüdlü olarsa...   Azərbaycanlı tələbələrin  Macarıstanda   onların hesabına ali təhsil alması maddi imkanı az olan ailələrə xaricdə oxumaq şansı verir.Orada oxumaq bizim təhsildən narazı olan tələbələrə  daha gözəl təhsil şansı yaradır. Bir sözlə  xərc ödəmədən  Avropa  təhsili almaq, illərlə  xərc ödəyib Azərbaycanda  aldığın  təhsildən hər mənada  dəfələrlə üstündür.

 Macarıstanda  Budapeşt Business School-da təhsil alan Murad Aslanın sözlərinə görə,  orada ali  təhsil almaq  tələbələri daha çox tənqidi düşünməyə meyl etdirir:

“Macarıstanda təhsil almaq mənə beynəlxalq tədris metodikasında biliklər, karyera irəliləməsi qazandırdı. Azərbaycanda  təhsil  daha çox nəzəriyyə əsaslıdır, Macarıstanda isə daha çox tənqidi düşünməyə meyl edilir”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları