Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-27 12:45:25
“Bizdə universitetlərlə real sektor, iqtisadiyyat arasındakı bağ demək olar ki, qopub” - Ekspert

2016-cı il 14 noyabrda 14 dövlət təşkilatı Publik Hüquqi Şəxs elan olunub. 2017-ci ildən etibarən isə bu status universitetlərə tətbiq olunmağa başladı. Belə ki, ötən il Azərbaycan prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında sərəncam imzalayıb.

Ölkəmizdə publik hüquqi şəxslərin yaradılması, fəaliyyət qaydaları "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının Qanunu  ilə tənzimlənir. Qanuna əsasən  publik hüquqi şəxs müflis elan oluna bilməz.

Xatırladaq ki, bu anlayışın tarixi 200 il bundan əvvəl təsadüf edir. XIX əsrin axırlarından başlayaraq bir çox Avropa ölkələrində bu mexanizm tətbiq olunmağa başlayıb. Baltik ölkələrində, Gürcüstanda, Ukrayna və Moldova da hüququn yeni doktrinasından istifadə edilir. Bəs Azərbaycan universitetləri Publik Hüquqi Şəxs statusuna nə dərəcədə hazır idilər? Bu status alan ali təhsil ocaqlarının iqtisadi sərbəstliyində hansı dəyişikliklər olub?

Mövzu ilə bağlı AzEDU-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Publik Hüquqi Şəxs stausunun verilməsi imkansız ailələrin övladlarının təhsildən kənar qalmasına səbəb olur:

“Dünyada, xüsusilə də Avropa ölkələrində proses biliyi, bacarığı olan şəxslərin pulsuz  ali təhsil almasına yönəlib. Məsələn, Almaniya və Fransada artıq tamamilə ödənişsiz təhsil sisteminə keçilib. Orada bilikli, bacarıqlı tələbələrin keyfiyyətli təhsilin alması əsas diqqət mərkəzindədir. Bu, ölkəyə çox yaxşı təsir göstərəcək müsbət predmentdir.

Universitetlərin Publik Hüquqi Şəxs statusu alması onların özlərini maliyyələşdirməsinə, ödənişli təhsilin ön plana keçməsinə gətirib çıxarır. Təbii ki, belə getsə, universitetlərin gəliri artacaq. Ölkənin gələcəyinə, 10-15 il sonrakı perspektivə baxdıqda mənə elə gəlir ki, bu, müsbət yanaşmadır. Lakin bu, eyni zamanda kifayət qədər biliyi, oxuma həvəsi olan, amma maliyyə imkanı olmayan şəxslərin təhsildən kənar qalmasına gətirib çıxaracaq. Çünki təhsil haqqları Azərbaycanda çox yüksəkdir. Hətta Türkiyədən belə bahadır. Buna görə də çox tələbə orada təhsil almağı Azərbaycandan üstün tutur”.

14645.jpg

O, qeyd edib ki, Azərbaycanda təhsil xərclərinin çoxluğu tələbələri əcnəbi ölkələrə üz tutmağa sövq edir:

“Bu yaxınlarda çox maraqlı bir rəqəm açıqlandı. Artıq müxtəlif yollarla, valideynlərin maddi dəstəyi ilə Türkiyəyə gedənlərin sayı on beş minə çatıb. Əslində bu, çox ciddi siqnaldır. Açığı həm Azərbaycandakı təhsilin keyfiyyəti o qədər də ürəkaçan deyil, həm də təhsil bahadır. Universitetlər isə Publik Hüquqi Şəxsə çevrildikcə  daha  da bahalaşacaq. Bu da imkansız ailə övladlarının ali təhsil almaq hüququnu məhdudlaşdıracaq. Mənə elə gəlir ki, bu mövzuda inkişaf etmiş Avropa ölkələrinin təcrübəsini öyrənmək lazımdır. Yəni, ali təhsil əlçatan olmalıdır və bacarığı biliyi olanlar üçün qapılar açıq olmalıdır”.

Ekspert həm də təhsil müəssisələrinə müəyyən sərbəstliklər verilsə də, yanaşmanın düzgün olmadığını vurğulayıb:

“Publik Hüquqi Şəxsə çevrildikcə universitetlərin idarəetmədə, maliyyə mənbələrin tapılmasında sərbəstliyi artır. Ölkədə ali təhsil almaq istəyən, hər il universitetlərə sənəd verənlərin sayı təqribən 60-70 min olur. Keçid balının aşağı düşməsi həm də keyfiyyətin aşağı düşməsinə təsir edir. Balı həm də ona görə aşağı salırlar ki, az bal toplayan şagirdlər ödəniş edib təhsil alsın və  universitetlər daha çox pul qazansın. Yəni təhsil müəssisələrinin müəyyən sərbəstlikləri olacaq, amma ümumiyyətlə yanaşmanın fəlsəfəsi düzgün deyil. Biliyi, bacarığı olan şəxslərin  ödənişsiz təhsil alma imkanları artmalıdır.

Çox yayılmış bir fikir var ki, xaricdə universitetə qəbul olmaq asandır, oxumaq isə çətindir.  Bizdə də belə olmalıdır. Təhsilin keyfiyyəti qalxmalıdır. Publik Hüquqi Şəxs statusu almaq müəyyən sərbəstlik yaradacaq, amma bu o demək deyil ki, təhsilin keyfiyyəti də artacaq”.

Ekspert bildirib ki, bizim universitetlərlə iqtisadiyyat arasında bağ qopub:

“Daxili resurslar hesabına hər iki valideynini itirmiş tələbələrin təhsil almalarına şərait yaradılmalıdır. Amma universitetlərin prezident fərmanını pozmağa ixtiyarları yoxdur. Belə tələbələrin sayı az olduğuna görə düşünmürəm ki, ciddi problem yaradacaq. Təbii ki, həmin tələbələrin təhsil haqqından azad edilməsi müsbət addımdır. Amma elə tələbələr var ki, valideynləri sağdır, biliyi də var, amma təhsil almaq imkanı yoxdur. Burada əsas məsələ heç bir tələbənin təhsildən kənar qalmaması olmalıdır.

Publik Hüquqi Şəxsə çevrilən universitetlər özünün idarəsini də yenidən qurmalıdırlar. Bizdə universitetlərlə real sektor, iqtisadiyyat arasındakı bağ demək olar ki, qopub.  Xarici ölkə universitetlərində artıq birinci kursdan başlayaraq şirkətlər bilik  ovuna çıxır. Yaxşı oxuyan tələbələri nəzarətə götürür və onlara  maliyyə dəstəyi verməklə dəstək olurlar. Sonra isə onları işə cəlb edirlər. Bizdə isə universitetlərinbunda maraqlı deyil”.

Ekspert Azərbaycanda pedoqoji təhsilə marağın az olmasını da iqtisadi amillərlə əlaqələndirib:

Azərbaycan universitetləri heç də hamısı Publik Hüquqi Şəxs statusuna hazır deyil. Obrazlı desək, bizdə çox qəribə döngə də yaranıb. Keçid balı ən aşağı və ucuz olan pedoqoji universitetlərdir. Abituriyentlər imkanı çatmadığına görə ora daxil olur. Həmin bilik səviyyəsi aşağı olan şəxslər pedoqoji universitetlərə daxil olub, sonradan da çox da yaxşı oxumadan məzun olurlar. Universitetlər də yaxşı oxumayan tələbələrin kınarlaşdırımasında maraqlı deyil. Çünki, tələbə azaldıqca ali məktəbin kassasına daxil olan pul da azalır. Ona görə də rəhbərlik belə tələbələri yola verir. Onların məzun olmalarına  şərait yaradırlar ki, təhsil haqqını ödəsinlər. Sonradan həmin pedoqoji kadrlar məktəbləərə gəlib keyfiyyətsiz təhsil verirlər. Hər il təhsilin keyfiyyəti aşağı düşməyə başlayır. Əcnəbi ölkələrdə isə vəziyyət başqadır. Məsələn, Yaponiyada ən yüksək bal məhz pedoqoji universitetlərdədir. Orada pedoqoji təhsil almaq istəyənlərin sayı çoxdur, rəqabət yüksəkdir. Bu da onların arasından ən yaxşılarının seçilməsinə şərait yaradır. Bizdə yanaşma tərzi kökündən dəyişməli və bu keyfiyyətlər tətbiq olunmalıdır”.

Lamiyə Süleymanlı

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları