Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-03 15:20:07
“Əkiz bacım direktordur, mən də  olsam, məktəbə maddiyat kimi baxmayacağam” – DİQ imtahanlarının ikincisi  

Direktorların işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi artıq yekunlaşıb. İmtahanda minimum 40 % nəticə göstərənlər müsahibə mərhələsində iştirak hüququ qazanıblar.

Test imtahanlarından ən yüksək nəticə 49 bal olub. İkinci yerdə isə 48 ballıq göstərici ilə Sədaqət Şükürova gəlir. O, Yevlax ərazisində yerləşən Kəlbəcər rayon 30 saylı tam orta məktəbin təşkilati işlər üzrə direktor müavinidir.

“Müəllim olmağımın yeganə səbəbi direktorluq arzum idi. İstəyirəm, həm öz xəyyallarımda olan, arzuladığım, həm də dövlətin tələblərinə cavab verən ümumtəhsil müəssisəsi formalaşdırım. Bilirəm ki, bu, bir az zaman alacaq. Amma bu potensialı özümdə hiss edirəm”

Bunu imtahan təəssüratlarını AzEdu.az-la bölüşən ibtidai sinif müəllimi, direktorluğa namizəd Sədaqət Şükürova deyib. O, imtahan suallarının o qədər də mürəkkəb tərtib olunmadığını bildirsə də, məntiqdən çətinlik çəkdiyini etiraf edib:

 “Məntiq direktorların işə qəbul imtahanına  yeni salınıb.15 sualdan cəmi 9-nu düz cavabladım. Yəni, səhv cavablarımın çoxu məntiqdən idi.

Amma məncə, öz üzərində çalışan namizədlər üçün imtahan sualları orta səviyyəli idi. Məntiqdən üzərimdə işləsəydim, nəticəm 50 balı keçərdi”.

“O sualları cavablaya bilmək üçün qanunvericiliyi mükəmməl bilmək lazım idi”

İmtahan suallarından danışan Sədaqət xanım bildirib ki, qanunvericiliklə bağlı testlər yüksək səviyyədə tərtib olunmuşdu:

“Amma suallar həm də məntiq tələb edən və çaşdırıcı idilər. O sualları cavablaya bilmək üçün qanunvericiliyi mükəmməl bilmək lazım idi. Mənim günüm təhsilə aid normativ hüquqi aktları, təhsil qanunvericiliyini oxumaqla keçib.

Mən əvvəlki illərdə də imtahanlarda iştirak etmişəm. Onda 40 sualdan 36-nı yazmışdım. Nazirin qəbulunda olanda da mənə bu yüksək nəticələrlə müsahibə mərhələsində iştirak etməyimi məsləhət gördü. Dedi ki, ola bilər növbəti il müsabiqə bir qədər çətin olsun. Mən isə etiraz etdim. Cənab nazirə dedim ki, bunu özüm üçün çətin hesab etmir və yenidən imtahanda iştirak etmək istəyirəm”.

Sədaqət xanım direktorların işə qəbul imtahanında hansı vəsaitlərlə hazırlaşdığını açıqlayıb. O bildirib ki, növbəti illərdə imtahanda iştirak edəcək namizədlərə də bu vəsaitlərdən yararlanmağı məsləhət görür:

“Təhsil haqqında” Qanunu oxumuş, Əmək Məcəlləsinin 317 maddəsinin hər birini əzbərləmişdim. Təlimçi Cavid Cəfərzadənin, Xəyyam Fərəcovun direktorların işə qəbul müsabiqəsi üçün nəzərdə tutulan kitablarını, “Təhsil sahəsində normativ hüquqi aktlar,I və II hissəni oxumuşdum. Bununla bərabər, edu.gov.az saytından bütün normativ hüquqi sənədləri yükləmiş, hamısı barədə məlumatlanmışdım”.

“Direktor olsam, heç vaxt məktəbə maddiyyat kimi baxmaram”

Niyə direktor olmaq istəyirsiniz? sualına cavab olaraq müsahib bildirib ki, bu, onun uşaqlıq arzusudur:

“Deyirlər ki, zabit olmaq istəməyən əsgər, əsgər deyil. Mənim müəllim olmağımın yeganə səbəbi direktorluq arzum olub. Direktor olmaqda məqsədim isə təhsil sahəsindəki yeniliklərin, uğurlu tədbirlərin bir ümumtəhsil müəssisəsi fonunda reallaşdırılmasıdır.  İstəyirəm ki, həm öz xəyyallarımda olan, arzuladığım, həm də dövlətin tələblərinə cavab verən ümumtəhsil müəssisəsi formalaşdırım. Bilirəm ki, bu, bir az zaman alacaq. Amma bu potensialı özümdə hiss edirəm. Fikrimcə, buna nail ola bilərəm”.

 “Direktor olsanız, məktəb fəaliyyətinizə hansı 3 yeniliyi tətbiq etməklə başlayarsız?”

“Öncə həmin ümumtəhsil müəssisəsi ilə tanış olaram. Oradakı maddi-texniki bazadan tutmuş, infrastruktura, kadr çatışmazlığına qədər - hamısını araşdıraram.

Həm müəllim, həm də şagirdlər üçün vahid geyim formasını yaratmaq istəyərəm. Zəif şagirdlərə daha çox diqqət ayırıb, nəticələrinin yüksəldilməsi üçün çalışaram. Şagirdlərim və müəllimlərimin daha yüksək nailiyyətlər əldə etməsini təmin edərdim. Təlimin keyfiyyətini yüksəltməyə çalışaram. Fikrimdə tutduğum  o qədər yenilik var ki...”

“Direktor güclü olsa, bir şagird niyə repetitora müraciət etsin?”

Direktorluğa namizəd hazırki məktəb rəhbərlərinin fəaliyyətlərində yol verdikləri boşluqlardan da söz açıb:

“Hazırda işlədiyim məktəbin direktoru mükəmməl rəhbər, idarəedicidir. Mənim əkiz bacım da məktəb direktorudur. Amma ümumi mənzərəni nəzərə alıb deyə bilərəm ki, əksər direktorların əmək qanunvericiliyi, sənədləşmə bilgiləri zəifdir. Zəif şagirdlərlə işi sistemli qura bilmirlər. Müəssisənin rəhbəri güclü olsa, bir şagird niyə repetitora müraciət etsin? O düzgün bölgü aparsa, həm müəllim, həm də şagirdlərini razı sala bilər. Direktor olsam, heç vaxt məktəbə maddiyyat kimi baxmaram”.

“Məktəbi sırf dövlətin ümidinə qoymaq olmaz”

Sədaqət xanım məktəb direktorlarını təhsilin inkişafı naminə əlindəki imkanlardan maksimum istifadə etməyə çağırıb:

“Məsələn, mənim əkiz bacım məktəbə Kəlbəcər 23 nömrəli məktəbə rəhbər təyin ediləndə oranın maddi texniki bazası çox pis idi. İnfrastrukturda xeyli çatışmazlıqlar vardı. Şagird sayı az idi. O, öz şəxsi vəsaiti hesabına məktəbi təmir etdi. İstilik sistemini qurdu, internet xəttə çəkdirdi.  O, qəsəbədə fəaliyyət göstərən yeganə qaçqın məktəbidir.

Bu mənada rəhbərdən çox şey asılıdır. Məktəbi sırf dövlətin ümidinə qoymaq olmaz. Respublikada xeyli məktəb var. Dövlət vaxt ayırmağa çalışır. Amma direktorlar da əlindən gələni etməlidirlər. Direktorlara demək istəyirəm ki, məkətb üçün əlinizdən gələni edin. Dövlət, valideynlər bunu qiymətləndirəcək. Bunu dəyərləndirməmək mümkün deyil. Ona görə də, öz imkanlarınızdan məktəbin xeyrinə istifadə edin”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları