https://www.zirve.edu.az/
27.03.2018 07:13
Şagirdlərimizin cibində gəzdirdiyi bəla - Avropa bunu qadağan edir, bəs biz?

Texnologiya inkişaf etdikcə, ondan yararlananların sayı da çoxalır. Əvvəllər gənc və orta nəslin nümayəndələrinin  istifadə etdiyi “ağıllı” telefonları indi bir çox uşağın əlində görmək mümkündür. Mütəxəssislər hesab edir ki,  telefon istifadəsi uşaqlarda, xüsusilə, məktəblilərdə bir sıra problemlərin başlanğıcı hesab olunur. Bu səbəbdən, dünyanın bir çox dövlətləri şagirdlərə məktəbdə telefondan istifadəni qadağan edir.

Bəs, Azərbaycanda bu yöndə vəziyyət necədir?

Azərbaycanda təhsil müəssisələrində zərurət olduğu təqdirdə tədris prosesi zamanı mobil texnologiyalardan - mobil telefonlardan, planşetlərdən istifadə edilə bilər və bununla bağlı Təhsil Nazirliyi  tərəfindən heç bir məhdudiyyət qoyulmayıb.

Təhsil Nazirliyindən AzEDU-ya verilən məlumata görə, dərs zamanı mobil texnologiyalardan məlumatların vizuallaşdırılması, hansısa bir təqdimatın edilməsi məqsədilə, başqa sözlə mobil texnologiyalar yalnız məqsədli təyinat üzrə istifadə edilə bilər. Digər hallarda isə dərs prosesinə mane olduğu üçün telefon və planşetlərdən istifadə etmək yolverilməzdir.

Dərs zamanı məlumatların şagird və tələbələrə mobil texnologiyalardan istifadə etməklə təqdim edilməsi üçün məktəb rəhbərliyinin tabe olduğu qurumlardan, eləcə də nazirlikdən xüsusi icazə almasına ehtiyac yoxdur.

Qeyd etdiyimiz kimi, dünyanın bir sıra aparıcı dövlətlərində orta məktəb şagirdlərinin “ağıllı” telefonlardan istifadə etməsinə qadağa qoyulub.

Avropanın nəhəng dövlətlərindən biri hesab olunan Fransa 2018-ci ilin sentyabr ayından etibarən, məktəblərdə telefon istifadəsini rəsmi şəkildə qadağan edəcək. Bu qanun bütün ibtidai  və orta məktəb şagirdlərini əhatə edir. Məktəblilərin, yalnız vacib məqamlarda telefon gətirməsinə icazə verən ölkə, dərs zamanı, hətta tənəffüs vaxtı belə mobil cihazdan istifadəyə qəti qadağa qoyacaq. Qanunun “ağıllı” telefonlara görə diqqətini dərsə verə bilməyən şagirdlərin bunun sayəsində dərsi daha yaxşı qavramalarına yardımçı olacağı gözlənilir.

Türkiyədə məktəbə telefon gətirməyə rəsmi icazə olsa da, dərsdə mobil cihaz işlətmək qadağandır.

Məsələylə bağlı İngiltərə məktəblərində  dövlətin hər hansı qanunu yoxdur. Hər məktəb öz qanunlarını tərtib edir. Burada təhsil alan 13-19 yaşlı gənclərin 90%-nin telefonu var, ancaq hər 3 məktəbdən biri mobil cihazdan istifadəyə qadağa qoyub

ABŞ-da dərs zamanı telefon istifadəsini qadağan edən məktəblərin sayının az olmasına baxmayaraq, bu il daha bir məktəb - “Massaçusets Framinqem” orta məktəbi dərs vaxtı “ağıllı” telefona baxmağı belə qadağan edib.

Avropada problemə həssaslığın olduğu digər ölkə İsveçdir. 10-15 yaş qrupundakı hər 10 şagirddən 4-ü siniflərdə heç bir halda telefon istifadə etmir.

Uqandada 2013-cü,  Malayziyada isə 2014-cü ildə qəbul olunan qanuna əsasən, məktəblərdə mobil cihazdan heç bir şəkildə yararlanmaq olmaz.

Araşdırmaya görə, məktəbə telefon gətirməyən şagirdlərin dərs qiyməti digər şagirdlərə nisbətən daha yüksəkdir.

Dünyanın ən böyük şirkətlərindən hesab olunan “Microsoft”un qurucusu Bill Qeyts övladlarına 14 yaşına qədər telefon almayıb:

“Google” şirkətində yüksək vəzifədə çalışan Alan İql “New York Times” qəzetinə açıqlamasında 5-ci sinfə gedən qızının hələ “Google”dan istifadə etməyi bilmədiyini bildirib: “Bunun yerinə sinifdəki digər uşaqlar kimi tikiş bacarıqlarını inkişaf etdirməyə çalışır. “iPad”in və ya hansısa “ağıllı” telefonun övladıma oxumağı ya da riyaziyyatı daha yaxşı  öyrədəcəyi fikri isə çox gülməlidir”.

Uşaqların kompüter, mobil telefon və planşetə uzun müddət məruz qalması onların inkişafını və qavrama qabiliyyətinə mənfi təsir edir. Araşdırmalar göstərir ki, şagirdlər mobil cihazlardan nə qədər uzaq olsalar, xəyal gücləri, yaddaşları  və əl qabiliyyətləri bir o qədər inkişaf edər.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları