Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-24 09:00:00
“Atam məni döyüb dedi ki, məktəb üçün aldığın pulu niyə başqa yerə xərcləmisən?!” – Əli Mirəliyevin etirafları

Məktəb illəri  hər kəs üçün  həyatında ən yaddaqalan  dövrdür. Bu mərhələ  insana  uşaqlıq, gənclik   illərini xatırladan  unudulmaz xatirələr bankıdır...

AzEdu.az-ın  “Parta etirafları” rubrikasını davam etdirir. Budəfəki qonağımız tanınmış müğənni  Əli Mirəliyevdir.

Məktəbi xoş və işıqlı xatirələrlə yada saldığını deyən Ə. Mirəliyev o illərin onun üçün çox əziz olduğunu bildirib:

“Məktəb  illərim çox  maraqlı olub.  1957-ci ildə  7  yaşım olan zaman internat məktəbinə getmişəm. Orada bizə  səhər tez oyanmağı, öz çarpayımı özüm səliqəyə salmağı öyrətdilər. İnternat  məktəbində  bir növ əsgərliyi keçmişəm.   Orada  oxumağım məni sözün əsl mənasında, kişi, ciddi insan,  əsl vətəndaş etdi.  İnternat məktəbində “əsgər” kimi böyüdüyüm üçün  əsgərlik həyatı olduqca mənə rahat idi.   Məktəb illərində  müəllimlərimin  hər zaman sevimlisi olmuşam.  O illərdən gözəl səsə malik olsam da,  amma atam oxumağa qoymurdu.

 Daha  sonra  atam  müğənni olmağımın qarşısını ala bilmədi. Çünki istedad elə bir şeydir ki, o heç vaxt itə bilməz.

Məktəbdə ən çox sevdiyim dərs  elə  Musiqi olub. Musiqi müəllimim hər zaman deyirdi ki,  gözəl səsə maliksən, gələcəkdə  çox tanınmış  müğənni olacaqsan. Parta yoldaşım var idi, adı Mehriban, ona hər zaman deyirdim ki, mən ən tanınmış müğənni olacağam. O isə gülüb deyirdi, yaşayarıq görərik”.

Əli Mirəliyev gülərək yada saldığı məktəb xatirələrini də bizimlə bölüşüb:

“Dərslərimdən heç bir zaman   kafi qiymət almamışam. 6-cı sinfə qədər  əlaçı  şagird olmuşam. Amma 7-ci sinifdən sonra  o qədər də yaxşı oxumadım. Daha sonra  sinif yoldaşlarımla birlikdə məktəbə yox, kinoteatrlara gedirdim. Adımız məktəbdə, özümüz isə kinoteatrlarda olurduq. Sinif rəhbərimiz anamı  çağırırdı ki, övladınız məktəbə gəlmir. Anam isə deyirdi ki, necə gəlmir axı?! Axı  hər səhər mən onu dərsə yola salıram! Müəllim də cavab verirdi, vallah,  bir həftədir,  övladınız dərsə gəlmir. Atam da məni döyürdü ki, sənə məktəb adı ilə pul verirəm sən isə kinoteatrlara gedirsən...(gülür)  Deyirdim, ata kinoteatrda maraqlı  kino olduğu üçün gedirəm. Atam isə  məktəbə getdikdən  sonra  kinoteatra getməyimi bildirirdi.

                                                                                           ****

Neçə illərdir kitab oxumuram. Amma oxuduğum kitablar çox olub. İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Əliağa Vahid kimi insanların qəzəllərini oxumuşam.

Təəssüf ki, mən bunların hamısı bildiyim halda mən hasarın bir tərəfində qalmışam zəif oxuyanlar isə hasarın o tərəfində qalıb”.

Qeyd edək ki, Əli Mirəliyev 1949-cu ildə Bakıda anadan olub. 1972-ci ildən "Dan ulduzu” ansamblının, Səid Rüstəmov adına orkestrin, Dövlət Mahnı Rəqs Ansamblının solisti olub.

Günel Yaşarqızı
Müəllifin digər yazıları