Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-14 11:24:00
Milli “Sofiya” robotumuz  olarsa, adı nə qoyulsun? – Jurnalistlərin “Biləndər”, “Zəlimxan”, “Buta” cavabları

Milli “Sofiya” robotumuz  olarsa adı nə qoyulsun – Jurnalistlərin “Biləndər”, “Zəlimxan”, “Buta” cavabları

“Robot” sözü ilk dəfə  elmi –fantastik ədəbiyyatın ən güclü nümayəndələrindən olan Ayzek Azimov və  çex yazıçı   Yozef  Karel  Çapek   tərəfindən işlənib.

Dünyada ilk süni intellektə sahib  humanoid  robotu Sofiyadır. Bu robot 2015-ci ildə Hanson Robotiks şirkəti tərəfindən hazırlanıb və süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilir.

İlk humanoid robot üçün Sofiya adının seçilməsi də çox maraqlıdır. Bir müddət öncə, akademik Rasim Əliquliyevin robotu nəzərdə tutaraq bizim də öz “Günay”larımız, “Orxan”larımız və s. olacaq deməsi, sosial şəbəkələrdə maraqla qarşılanmışdı.

Maraqlıdır, görəsən, media təmsilçiləri Azərbaycan süni intellektə malik öz  milli  robotunu yaratsa, onun adının nə olmasını istəyərlər?

AzEdu.az bununla bağlı jurnalistlərin fikrini öyrənib:

Ölkə.az saytının əməkdaşı İntiqam Valehoğlu nə zamansa yaranacaq robotun  ad seçimi ilə bağlı maraqlı təklif irəli sürüb:

“Sualın özü verəcəyim cavabdan maraqlıdır. Buna deyirlər, atı almamış yəhərin dərdini çəkmək. Təbii ki, mövzu nə qədər ciddi olsa da, son günlər robot sözünü eşidəndə adamın üzündə təbəssüm yaranır. Ona görə də zarafatsız keçinmək mümkün olmur. Məsələni maraqlı edən məqamlardan biri də həmin robotun üzərində çalışan mütəxəssislərin kimliyidir. Əgər biz digər icadlarımız kimi burda da sadəcə, ad sahibi olacağıqsa, o robotun olmaması daha yaxşıdır. Yəni, arzuolunandır ki, həmin robotun hazırlanmasında azərbaycanlı mütəxəssislərin əməyi əhəmiyyətli dərəcədə olsun.

O ki qaldı konkret ad məsələsinə, məncə, bunu da sosial şəbəkələrdə, elektron mediada hansısa sorğu keçirməklə qismən həll etmək olar. Məsələn, hər bölgəyə xarakterik bir ad seçilir və səsverməyə çıxarılır. Səsvermədə Balaqədeş (Bakı və Bakıətrafı), Ağagül (Cənub bölgəsi), İsabala (Şimal bölgəsi), Zəlimxan (Qərb bölgəsi) kimi adları səsverməyə çıxarmaq olar. Qoy hansı bölgə daha çox səs toplasa, həmin ad da qalib gəlsin. Əgər robot "qadın" olarsa, yenə də eyni üsuldan yararlanmaq mümkündür. Ölkəmizdəki qeyri-millətlərin də hüququnu tapdalamaq olmaz. Onların da səs verməsi üçün şərti olaraq Saşa və Sveta adlarının namizədliyini irəli sürmək olar”.

Modern.az saytının əməkdaşı Namidə Bingöl   milli robotumuzun yaranmasının istəmədiyini vurğulayıb:

“Son günlər insanları idarə edən robotlar daha çox gündəmə gəlir. Əsasən də “Hanson Robotics” şirkətinin süni intellekt əsasında hazırladığı “Sofiya”nın Azərbaycana gəlişindən sonra daha çox gündəmə gəldi.

Diqqət çəkən məqam o idi ki,  insana xas olan xüsusiyyətləri robot edə bilirdi. Düşünürəm ki, bu gün dünya şöhrətli, tanınmış adı verdiyimiz robotlar sabahımız üçün təhlükədir. Məsələn, bir neçə gün bundan öncə Çində efirə robot oğlan çıxartmışdılar. Robot xəbər aparıcılığı edirdi. Təsəvvür edirsiniz, bu nə deməkdir?! Bu gün robotların insan cildində təbliğatının aparılmasının insan amilinə vurduğu zərbəni görmürük. Efirdə aparıcı robot, futbolda qapıçı robot, danışan robot və digərlərini icad etməklə gələcəkdə insan kapitalı sıfıra endiriləcək. Hətta evlərimizə də robotlar daxil olsa, insana xas xüsusiyyətləri itirməli olacağıq. Ona görə də milli robotumuzun yaradılmasını istəməzdim. Unutmayaq ki, robotların təbliğatı əks effekt verə bilər”.

Mətbuat.az saytının baş redaktoru  Tural İsmayılov sualımıza cavab olaraq  milli robotumuz olarsa  adını “AzRob” olmasını istəyib:

 “Azərbaycan və robot sözlərinin qısaltması olduğu üçün AzRob mənə maraqlı və kreativ ad kimi gəlir. Ümid edirəm ki, tezliklə buna nail olunar”.

Sputnik.az saytının əməkdaşı İradə Cəlil isə  əgər öz milli robotumuz  olarsa, tarixdə qızıl hərflərlə iz  salmış  insanlarımızın adlarının ona verilməsini istədiyini vurğulayıb:  

“Azərbaycan öz milli robotunu yaratsa…  Əgər bu mümkün olarsa, yaxşı olardı ki, tarixə nəzər salınsın.   Azərbaycan tarixində çox gözəl, unudulmaz, savadlı və dövrünün öndəgedən xanımları olub . Yəqin ki, onlardan birinin adının verilməsi yaxşı olar. Bu seçim isə, yəqin ki, aidiyyatı şəxslər tərəfindən ediləcək”.

 Faktor.az saytının baş redaktoru Əziz Əlibəyli isə milli robotumuz olarsa, ona  “Buta” adı verilməsini vurğulayıb:

“Azərbaycanda son illər texnologiya inkişaf edir. Hətta bu yaxınlarda  Elmlər Akademiyasının müvafiq institutu belə bir layihə reallaşdırımışdı. Amma o süni intellektə malik deyildi. İndi isə artıq müəyyən bilikləri, mühəndisləri cəlb etməklə yerli robotu yaratmaq mümkündür. Adına gəldikdə, bu heç də sadə elmi - tətbiqi proses deyil, həm də brend olmalıdır. Məhsul kimi də satmağı, təqdimat etməyi bacarmaq lazımdır. Sırf buna görə adının "Buta" olmasını istərdim”.

Azvision.az saytının əməkdaşı Anar Kəlbiyev sözlərinə görə Azərbaycanın öz milli robotunu yaratması yaxşı olardı:

“Hazırda dünyada texnologiya sürətlə inkişaf edir.  Süni intellekt, robotlaşdırma və digər sahələrdə bunu görmək olar. Ölkəmizdə də bu sahəyə diqqətin ayrılması müsbət haldır. Əlbəttə, Azərbaycanın öz milli robotunu yaratması yaxşı olardı. Düşünürəm əsas məsələ milli robotun yaradılmasıdır. Adını sonra da müəyyən etmək olar”.

 ARB 24 televiziyasının əməkdaşı Fərid Azəri bildirib ki,milli robotumuz olarsa  “Biləndər” adı verilməsi daha yaxşı olardı:

“Qədim zamanlardan nağıllarımızda “Biləndər” çox şeyi bilmək və ya hər şeydən xəbərdar olmaq, ağıllı bir insan mənasını daşıyır. Biləndər adlananlar başqa insanlardan elə bu xüsusiyyəti  ilə fərqləndiyi üçün  milli robotumuza bu ad çox yaraşardı”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları