Corc Vaşinqton, Oxford və Kembricdə təhsil alan gənc: “Oxumağa davam edəcəm”

14 Avqust 2024, 10:32
Corc Vaşinqton, Oxford və Kembricdə təhsil alan gənc: “Oxumağa davam edəcəm”

Dövlət Proqramı ilə nüfuzlu xarici universitetlərdə təhsil alacaq namizədlərin siyahısı təsdiq olunub.

 

Nüfuzlu universitetlərə qəbul olunan tələbələrdən biri də əvvəlki müsahibimiz Cavid Rəhimlidir.

 

O, ilk təhsilini Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində alıb. Daha sonra ABŞ-nin Corc Vaşinqton və İngiltərənin Oxford universitetlərində Milli təhlükəsizlik və xarici əlaqələr hüququ ixtisasısı üzrə davam etdirib. Bu ildən etibarən isə dövlət proqramı ilə Kembric Universitetinin magistratura pilləsi üzrə Hüquq fakültəsində təhsilini davam etdirəcək.

 

Cavidin uğurunun sirlərini bilmək üçün özü ilə həmsöhbət olduq.

 

-Cavid bəy, niyə görə magistratura təhsilinizi yenidən almaq qərarına gəldiniz?

 Açıklama yok.

-ABŞ-də təhsil aldığım zaman qrup yoldaşlarımdan geri qaldığımı gördüm. Özümü daha da inkişaf etdirmək üçün yenidən magistr oxumağı qərara aldım və sadəcə 2 proqrama müraciət etdim: Kembricdə hüquq və Oxfordda diplomatiya proqramı. Kembrici də ona görə seçdim ki, həm Oxfordda az da olsa, təcrübəm var idi, həm də öz ixtisasım üzrə davam etmək daha məntiqli gəldi.

 

-Xarici ölkədə təhsil almaq, oranın mühiti nəyi ilə fərqlənir? Xarici universitetlərdə ən bəyəndiyiniz məqamlar hansılardır? Ölkəmizdəki ali məktəblərdə hansı xarici təcrübənin yer almağını istəyərdiniz?

 

- Bu mövzu ilə bağlı dəfələrlə təkliflərimi səsləndirmişəm. Cənab nazirlə görüşdə də aşağıdakı məqamları diqqətə çatdıracam:

 

Xarici universitetlərdə təhsil mühiti tələbələrin müstəqil düşüncə və tədqiqat bacarıqlarını inkişaf etdirməyə yönəlib, tələbələrə geniş seçim imkanları verilir və fənlər üzrə dərsləri öz maraqlarına uyğunlaşdırmaq imkanı tanıyır, eləcə də xaricdə universitetlər sənayə ilə güclü əməkdaşlıq edirlər.  Akademik azadlıq isə nəinki universitetin, bir dövlətin inkişafını şərtləndirən əsas amildir. Hansı ki, bu, əksər universitetlərimizdə ciddi promlemdir. Tələbə və ya müəllim müstəqil şəkildə istədiyi mövzuda araşdırma edə bilməli, universitet ona dəstək olmalıdır.

 

Mənim Azərbaycandakı təcrübəm BDU-nun hüquq fakültəsində olub. Ona görə də təkliflərimi bu istiqamətdə deyə bilərəm.  

 

Əvvəla, universitetdə sillabuslar Sovet sistemi üzərində qalıb. Müasir mənbələr tədrisə daxil edilməlidir. Psixoloji sağlam olmayan müəllimlər akademiyadan kənarlaşdırılmalıdır. Dərsi əzbər soruşub, bir sözü səhv deyəndə qiymət kəsən şəxslər gələcəyin hüquqşünasını yetişdirməməlidir.

 

BDU-nun gəlirinin əksər hissəsinin hüquq fakültəsindən gəlməsinə rəğmən hüquq fakültəsinin şəraiti zəifdir. Orta yaşlı hüquqşünas həmkarlarımla danışanda deyirlər ki, 30 ildə normal dəyişiklik yoxdur. Sırf hüquq fakültəsi üçün ayrıca inzibati bina olmalıdır.

 

-Cavid bəy, bəs, Kembrici bitirdikdən sonra yenə təhsil almağı düşünürsünüz?

 

-Bəli, 5 il doğma vətənimdə işlədikdən sonra ABŞ və ya İngiltərədə beynəlxalq hüquq üzrə doktorantura oxumaq istəyirəm.

 

-Çox gözəl. Maraqlıdır təhsilə olan marağınız ailədən gəlir? Ailənizdə sizin kimi uğurlu insanlar var?

 

-Ailəmdə uğurlu insanlar olsa belə, akademik cəhətdən mənim kimi uğurlu olan yoxdur. Hətta qohumlarım arasında belə ABŞ-də ilk mən təhsil almışam. Bu da anlaşılandır, çünki mənim ailəm və qohumlarımın əksəriyyəti Qərbi Azərbaycandan qaçqındır.

 

-El-obanıza bağlı olduğunuz çox bəllidir. Ötən il sizinlə müsahibəmizdə Qərbi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istədiyinizi vurğulamışdınız. Bunun üçün nələrsə edirsinizmi?

 Açıklama yok.

-Bəli, keçən il müsahibədə demişdim ki, ABŞ-də bu istiqamətdə müəyyən işlər görməyi planlayıram. Şükür ki, buna nail ola bildim. Belə ki, elmi araşdırmamı Qərbi Azərbaycana qayıdış hüququ üzrə tamamladım, müxtəlif ştatlarda bununla bağlı tədbirlər təşkil etdim. BMT-də və ABŞ konqresində siyasətçilər və diplomatlara öz keçmişim - deportasiya faciələri barədə məlumat verdim. Bu iş məni həqiqətən də xoşbəxt edir. Odur ki, bu istiqamətdə fəaliyyətimə davam edəcəm. Dəstək tapa bilsəm, dissertasiyamı kitab şəklində çap etmək istəyirəm.

 

-Son olaraq, bir sualımız daha var. Bir çox abituriyent sizin kimi hüquq təhsili almaq istəyir. Ali məktəbə hazırlaşan abituriyentlərə nə kimi tövsiyələriniz var?

 

-Azərbaycanda son illərdə təhsil sahəsində ciddi inkişaf olsa belə, hələlik dünyanın qabaqcıl universitetlərindən çox geridəyik. Ona görə də imkanı olan bakalavrı xaricdə oxusun. Bu istiqamətdə cənab Prezidentin rəhbərliyi ilə ərsəyə gəlmiş xaricdə təhsil üzrə dövlət proqramı da onların tədrisini maliyyələşdirə bilər. Hüquq tədrisi üçün Azərbaycan hüquq sisteminə yaxın olduğu üçün Almaniyada hüquq üzrə bakalavr oxumağı tövsiyə edərdim. Beynəlxalq hüquq üzrə ixtisaslaşmaq istəyənlər üçün isə Fransa yaxşı seçim ola bilər. Azərbaycanda isə hüquq üzrə ən yaxşı universitetlər ADA və BDU-dur. Ola bilsin, Qarabağ Universiteti də onların sırasına qoşuldu. DİM imtahanından balı çatmayıb hüquqşünas olmaq istəyənlər isə dediyim kimi ya xaricdə bakalavra hazırlaşa bilər, ya da burda bakalavr bitirdikdən sonra ABŞ-də Yuris Doktor(magistr) proqramına daxil olub hüquqşünas ola bilərlər.

Son xəbərlərDaha çox