https://www.zirve.edu.az/
07.11.2018 12:50
“MİQ-də uğur  qazanmayan müəllimlər ya möcüzə gözləyir, ya da Rusiya bazarlarına üz tuturlar” –  Açıq tənqid
Çap et

“Heç işsiz hərbçi, həkim və ya polis gördünüzmü? Şəxsən mən görməmişəm! İşsiz qalanların əksəriyyəti məhz müəllimlərdir”, - Vahid Fəxri

Gənc müəllim Vahid Fəxri  “Yüksəliş Tədris Mərkəzi”-nin  təsisçisidir.

Kurikulum tipli dərsliklərlə ənənəvi dərsliklərin fərqi…

“Ənənəvi vəsaitlər və tədrislə müasir tədrisi, yəni kurikulumu  müqayisə edəsi olsaq, müxtəlif sahələrdə bir çox fərqli məqamlar meydana çıxar”.

Vahid Fəxri AzEdu.az-a bu fərqlərdən danışır:

“Bu fərqlər arasında müsbətlər də var, mənfilər də... Məsələn, kurikulumla olan tədris və vəsaitlər təhsilalanları inkişaf etdirir, düzdür.  Bu inkişaf, əsasən, şagirdlərin müstəqil şəkildə daha gözəl düşünmələri, ifadə etmələri, ifadə etdiklərini sərbəst tətbiq etmələrində və s. özünü göstərir. Bütün bunlar, təbii ki, müsbət irəliləyişlərdir. Amma, təəssüf, mənfi hallar  da özünü göstərir. Məsələn, başlayaq, elə dəqiqlikdən... Vəsaitlərlə tanış  olan müəllimlər haqq verər ki, kurikulum tipli vəsaitlərdə, tapşırıqlarda bəzən, dəqiqlik çatışmır. Yəni, sual qoyulur, düzgün cavab tələb olunur, amma verilən variantlar arasında dəqiq cavab olmur. Bu hal artıq istər-istəməz şagirdlərdə öz bilik və bacarıqlarına şübhə yaradır”.

Dərsliklərdəki müxtəlif mətnlər barədə…

-Bu tip tapşırıqlarda daha çox xarici ədəbiyyat və mədəniyyət nümayəndələrinə, terminlər,  xarici incəsənətə və s. üstünlük verilir. Belə olduqda,  xarici mətnlərə uyğun xarici rəsmlər öz əksini tapır. Mən bu halı bəyənmirəm. Çünki həmin mətnlər arasında elə sözlər, elə terminlər verilir ki, təsəvvür edin, nəinki şagirdlərin, hətta müəllimlərin belə adicə tələffüz etməkdə çətinlik çəkdiyi sözlər yer alır. Beləcə dil dərsi "yanıltmac" dərsinə çevrilir... Bu nəyə lazımdır? Hansısa bir xarici ədəbiyyat nümayəndəsi niyə verilir? Mənim millətimin ədəbiyyatçısı, şairi, yazıçısı azdırmı ki, biz kimlərdənsə danışırıq?! Deyəcəksiniz ki, nə ziyanı var, şagirdlərin dünyagörüşünü artırır. Şagirdlərimizin dünyagörüşünü artıraq, əlbəttə ki, onunla razıyam və borcumuzdur. Amma unutmayaq ki, biz müharibə şəraitindəyik və hazırda ən gözəl dostumuz elə özümüzük.

Müəllim olmaq istəyənlərin imtahandan keçmək və özünütəkmilləşdirmə məqsədilə istifadə etdiyi vəsaitlər barədə…

-Müəllimlərin İşə Qəbulu(MİQ), Diaqnostik Qiymətləndirmə, Sertifikasiya(olacağı təqdirdə) - ümumiyyətlə müəllim olmaq istəyənlərin və müəllimlərin istər hər hansı bir imtahan mərhələsindən keçmək, istərsə də ki, özünütəkmilləşdirmə məqsədilə istifadə etdikləri vəsaitlərdə də bütün təhsil sistemində olduğu kimi, dəyişikliklər mövcuddur. Bunlar özünü həm tədris formasında, həm də, qeyd etdiyim kimi, vəsaitlərdə özünü göstərir. Təxminən 8-10 il öncəsinə nəzər yetirsək, görərik ki, o zamanlar müəllimlərin işə qəbulu imtahanla deyil, sadəcə pedaqoji ixtisaslı müəllimlər tələbat olan vakant yerlərə təyin olunurdular. Daha sonra işə qəbul müəyyən imtahan və müsahibə mərhələlərindən ibarət olan bir işəqəbul prosedurundan asılı oldu. Bir neçə il ərzində bu qəbul formaları bir neçə dəfə dəyişdi. Artıq növbəti illərdə keçiriləcək MİQ-lərdə də yeni qaydaların, xüsusən materialların artırılması labüddür. Bu barədə hələ dəqiq məlumatlar yoxdur, sadəcə vəziyyət onu göstərir ki, bütün fənlərdən olan həm proqramların sayı arta bilər, həm də sualların. Məsələn, ədəbiyyat fənnindən MİQ qəbul sualları, əsasən, 10 və 11 - ci sinifləri əhatə edirdi. Bundan sonra isə suallar 5-11 həcmində olacağı barədə söyləntilər var. Və təbiidir ki, imtahan verəcək şəxslərin işi qat-qat çətinləşəcək. Deyək ki, bu sistem ən gözəl, ən savadlı müəllimlərin seçilməyində rol oynayır. O zaman biri mənə desin, əgər o imtahanda "lazımi" balı topladı, amma, "kifayət etmədi" deyə işdən kənar qalan diplomlu gənclər kifayət qədər savadlı deyildilərsə, ali məktəbdən necə məzun oldular? Diplom imtahanları məgər beləmi asan olur ki, təxminən  90 faiz tələbələr məzun olur, amma, işə qəbulda təxminən elə o nisbətdə şəxslər işdən kənar qalır.

Ümumi keçid balını toplamayanları başa düşdük. Deyək ki, savadsızdırlar. Bəs keçid balını toplayıb kənarda qalanlar necə?

-Hər il imtahan verən təxminən 30 min nəfərdən 7-8 mini işlə təmin olur, digərləri isə ya möcüzə gözləyir, ya növbəti ili, ya da xarici ölkələrə, Rusiya bazarlarına üz tutur. Elə onun göstəricisidir ki, bir sıra qonşu ölkələrdə heç bir ali təhsil tələb etməyən işlərdə müəllim diplomlu azərbaycanlı gənclər çalışırlar. Nə etsinlər, axı bir yolla özlərini dolandırmalıdırlar. Demirəm ki, ölkəmizdə iş yoxdur, var. Onlar elə öz ölkəmizdə də müəyyən işlərdə çalışa bilərlər. Lakin bu an ortaya heç bir ekspertin, psixoloqun diqqət mərkəzinə çəkmədiyi bir nüans çıxır ortaya. Bilirsizmi nə nüans? 11 il orta məktəb, 4-5 il universitet oxuyan, diplom alan, üstəgəl, 1 il də xidmət keçib dönən bir gənc imtahan verir, yetəri balı, hətta ondan da artığını toplayıb heç bir təyinat əldə edə bilmirsə, artıq onlarda "küskünlük" yaranır. Bəli-bəli, küskünlük! Bu küskünlük ən başda müəllim adına, müəllim peşəsinə yaranır, daha sonra ölkəmizə. O şəxslər bəlkə də nə həvəslə müəllim olmaq arzusu ilə imtahana gedir, amma, "bəzi" səbəblərdən, loru dildə desək, "çöldə qalır". Və bu hal artıq onların müəllim olmaq həvəsini, istəyini öldürür. Nəticədə, xarici ölkələrə üz tuturlar. Əksəriyyəti də hansısa sahədə uğur qazanır. Hansı ki, həmin uğurlu fəaliyyətlə öz ölkəmizdə məşğul olsa, onlara stimul verilsə idi, xeyri də ölkəmizə qalardı.

Bunlar belə… Bəs nə etməli?

-Qəbul sayını dəyişmək, daha dəqiq desək, azaltmaqçün sualları günü-gündən çətinləşdirirlər, mövzuları artırırlar, proqramları qəlizləşdirirlər ki, "ən güclü olan qazansın". Onu düşünənlər bəs ortalama hər 30 mindən yerdə qalan 22-23 min nəfər ali təhsilli insanın taleyini də düşünürlərmi? Ödənişli əsaslarla təhsilalanların ödədikləri təhsil haqqıları ilə dövlətimizin büdcəsinə, iqtisadiyyatına nə qədər xeyir verdiklərini də düşünürlərmi? Düzdür, kimi gəldi müəllim təyin etmək olmaz. Xarici ölkələrdə belədir ki, məsələn, Türkiyədə də müəllimlər imtahanla işə qəbul olunurlar, amma bizdəki qədər vakansiya həsrətli gənclər olmur...

Keçək başqa bir məsələyə... Müəllim olmaq istəyənlər müxtəlif kurslara, repititorlara müraciət edirlər…

-Bu il də mövzular artır, qaydalar dəyişir. Müəllim olmaq istəyənlərin də əksəriyyəti müxtəlif hazırlıq kurslarına, repititorlara müraciət edərək və ya özləri bir şəkildə hazırlaşıb imtahan verəcəklər. Yenə də keçənlər keçəcək, qalanlar qalacaq. Kənarda qalanların sayı da hər il artır. Tez-tez sual formalarını, vəsaitləri dəyişməyin heç də düzgün yol olduğunu düşünmürəm. Sadəcə vakansiyaya uyğun məzun sayı olarsa, düz mütənasib kəmiyyət qorunarsa, təbii ki, heç kim "çöldə qalmaz" və hər kəs potensialına uyğun yer və dərs yükü, maaş ilə təmin olunar. Bəlkə fərq yenə yaranar, təbii di, lakin böyük fərq olmaz, nisbət azalar. Diqqət yetirsək, görərik ki, hazırda ölkəmizin ali təhsilli vətəndaşları arasında müəllimlər üstünlük təşkil edir. Diqqət yetirin, heç işsiz hərbçi, işsiz həkim, işsiz polis gördünüzmü? Şəxsən mən görmənişəm. İşsiz qalanların əksəriyyəti məhz müəllimlərdir. Çünki, məsələn ölkəyə bu il 10 həkim lazımdırsa, məzunların da sayı 10 olur və bütün vakansiyalar lazımi şəxslər tərəfindən tutulur. Amma tutaq ki, 10 müəllim lazımsa, 30 müəllim məzun olur. Təbii ki, avtomatik 20-si yerdə qalacaq. İnanıram ki, mənim bu sözlərimi böyük əksəriyyət təsdiqləyər. Hər halda, qərar qəbul edə biləcək səlahiyyətlərimiz olmasa da, bir gənc olaraq düşüncələrimizi və görmək istədiklərimizi deməyə ixtiyarımız var.