Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-22 09:26:31
Neft və Qaz İnstitutu pilotsuz uçan aparatla təmin edilib

 

Məlum olduğu kimi, AMEA-nın  Yüksək Texnologiyalar Parkının  rezidenti olan “Elm və Texnologiya Parkı” MMC tərəfindən dünya standartlarına cavab verən çoxfunksiyalı yeni nəsil pilotsuz uçan aparatlar (dronlar) istehsal olunur.

Bu gün YT Parkda AMEA-nın  Neft və Qaz İnstitutuna elmi tədqiqat işlərində müxtəlif müşahidə və təcrübələrin aparılması üçün dron təhvil verilib.

AzEDU.az xəbər verir ki, tədbirdə YT Parkın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev  çıxış edərək son 3 il ərzində rəhbərlik etdiyi qurumda mülki və hərbi təyinatlı dronların hazırlanması istiqamətində işlərin görüldüyünü bildirib. Qeyd edib ki, 2017-ci ilin oktyabrından etibarən isə YT Parkın rezidenti olan “Elm və Texnologiya Parkı” MMC tərəfindən kütləvi seriya olan bir sıra dron modelləri hazırlanıb. O, dronların AMEA-nın elmi müəssisə və təşkilatlarının çöl şəraitində aparılan tədqiqatlarının keyfiyyətinin yüksəldilməsinə, bu sahədə işin səmərəliliyinin artırılmasına, kənd təsərrüfatında ərazinin spektral analizinin aparılmasına, müəyyən sahələrdə radiasiya və radiomaqnit şüalarının səviyyəsinin ölçülməsinə böyük töhfə verəcəyini söyləyib.

V.Babayev ilki baş tutan təqdimatın silsilə xarakter alacağını və AMEA-nın digər elmi müəssisə və təşkilatlarının da dronlarla təmin ediləcəyini diqqətə çatdırıb.

Sonra YT Parkın Layihələndirmə sektorunun baş eksperti Sübahət İsgəndərov çıxış edərək dronların və pilotsuz uçan aparatların mülki sektorda istifadəsinə dair məlumat verib.

Sonda müəssisələr arasında təhvil-təslim müqaviləsi imzalanıb. Müqaviləni YT Parkın direktoru V.Babayev və Neft və Qaz İnstitutunun baş mühəndis Rauf Mukimov imzalayıblar.