Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-09 14:38:00
“Regionlarda dövlət bağçalarının açılmasına ehtiyac var”

"Əgər bir insan kənddə, rayonda yaşadığı üçün hansısa bir xidmətdən məhrum qalırsa, bu sosial ədalət prinsipinin pozulmasıdır".

 

Bu sözləri təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov AzEdu.az-a açıqlamasında bildirib.

 

“Bağçaların açılmasına ehtiyac olduğu bir reallıqdır. Regionlarda özəl bağçaların açılmasına şərait yaradılması, ödəniş səbəbindən bir çox insan üçün əlverişli olmayacaq. Şagirdlərin azlıq təşkil etdiyi ərazilərdə dövlət yetəri qədər bağça aça bilmirsə, o zaman özəl dəstəkli, icma layihələri ilə yaxud da başqa formada yeni bağçaların açılmasına ehtiyac var. Hazırda məktəbəqədər müəssisələri bir formatdadır. Ancaq artıq yeni formatlara keçmək lazımdır. Bəlkə də o formaların bir qismində bağça açmaq üçün hazırda tələb olunan məsələlər bir az daha yumşaldıla bilər. Həmin kriteriyalar yumşaldıqda, bəlkə də şəxsi təşəbbüsü ilə öz evində, bağça xidməti göstərmək və yaxud da həyətində uyğun yer tikib bağça kimi istifadəyə vermək və digər məsələlər həll oluna bilər. Müxtəlif formalara, formatlara ehtiyac var ki, məktəbəqədər xidmət daha əlçatan olsun. Amma əlbəttə burada keyfiyyətə nəzarət məsələsi də var. Bu qədər bağçanın açlımasına şərait yaratmaqla paralel nəzarət mexanizmi də qurulmalıdır.

 

Düşünürəm ki, xüsusilə regionlarda dövlət resursu ilə yeni bağçalar açlmalıyıq, nəinki özəl bağçaların yaranmasına şərait yaratmalı. Belə olduqda rəqabət mühiti yaranacaq. Bağçalar daha yaxşı xidmət verməyə çalışacaqlar ki, insanlar məhz onlardan faydalana bilsin. Ancaq sosial ədaləti bərpa eləmək üçün mütləq bağçaların sayı artırılmalıdır.

 

Əlbəttə ki, bir çox tədqiqatların nəticəsi onu göstərir ki, bağçaya gedən uşaqların ümumi akademik nəticələri digərlərinə nisbətdə daha yaxşı olur. Ona görə də dünyada məktəbəqədər təhsil önəmli hesab olunur. Əgər bir insan kənddə, rayonda yaşadığı üçün hansısa bir xidmətdən məhrum qalırsa, bu sosial ədalət prinsipinin pozulmasıdır. Dövlət təhsil ilə sosial ədaləti bərpa eləməyə məsul tərəfdir. Bu məsuliyyət yerinə yetirilsə daha yaxşı olar”.