Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-01 09:23:00
Məzunlar işsizdir – “Tələbə uyğun ixtisaslar üzrə plan yerləri açılmalıdır”

Zaman-zaman gündəmə ali təhsilli gənclərin işsizliyi məsələsi gəlir. Hər il ali təhsil müəssisələrinə qəbul sayları, eləcə də plan yerlərinin artmasıyla bərabər işsiz məzunların da sayı bir o qədər artır.

 

Dövlət Məşğulluq Agentliyindən AzEdu.az-a verilən məlumatda bildirildi ki, keçən il Məşğulluğun Regional filiallarına 14 040 ali təhsilli gənc müraciət edib.

 

Bəs, görəsən regionlarda işsizliyin əsas səbəbi nələrdir? Bunu necə aradan qaldırmaq olar?

 

Mövzu ilə bağlı Millət vəkili Ceyhun Məmmədov AzEdu.az-a açıqlama verib.

 

“Ali təhsillə bağlı proqnozlaşdırmanı düzgün aparmalıyıq”, - deyə deputat bildirib:

 

“Tələbə uyğun ixtisaslar üzrə plan yerləri açmalıyıq. İlk növbədə bazarı öyrənmək lazımdır ki, nə qədər mühəndis, nə qədər müəllim, nə də qədər də digər peşələrə ehtiyac var. Təəssüf ki, son illər universitetlər daha çox maliyyə vəsaiti əldə etmək üçün kütləvi şəkildə tələbə qəbulunu artırıblar. Buna səbəb isə ali məktəblərin öz-özünü maliyyələşdirməsidir. Onlar çalışırlar ki, özlərinə daha çox tələbə cəlb etsinlər. Nəticədə isə bir neçə il əvvəl 5-10 min tələbəsi olan univertsitetin hazırda 20-25 min tələbəsi mövcuddur. Təsadüfi deyil ki, tələbə artımı da özünü birbaşa bazarda göstərir.

 

İnsanların hər biri istəyir ki, ali təhsilli olsun. Ancaq bilmək lazımdır ki, hər kəsin ali təhsil alması şərt deyil. Ən önəmli məsələlərdən biri də yaxşı peşə sahibi və mütəxəssis olmaqdır. Bunun üçün də kütləvi şəkildə ali təhsilə yox, peşə təhsilinə də yönəldilmə həyata keçirilməldir. Gənclərin hamısı diplom üçün ali təhsil alır, amma sonra iş tapıb-tapmayacağı sual altında qalır”.

 

C.Məmmədov vurğulayıb ki, 10 vakansiya olduğu halda həmin ixtisasdan 100 məzun buraxılır. Onların hər birini işlə təmin etmək mümkün deyil:

 

“Azərbaycan bazarında IT (İnformasiya Texnologiyaları) üzrə mütəxəssis qıtlığı var. Şirkətlər işçi tapa bilmir. Gənclərimizin bir çoxu ilə humanitar sahələrə yönəlib. Buna görə də həm inzibatı, həm də maarifləndirmə tədbirləri aparılmalıdır ki, abituriyentin seçimi düzgün olsun, lazımi hallarda peşə təhsilinə də maraq artırılsın. Bizim peşə sahəsində kadrlarımız getdikcə tükənir. Çalışmalıyıq ki, bölgələrdə daha çox yeni iş yerləri yaradaq. Bu gün əhalinin böyük əksəriyyəti Bakıda məskunlaşıb. Bakı isə kifayət qədər yüklənib. Buna görə də bölgələrdə bu məsələ xüsusi planlaşdırılmada və diqqətdə olmaldır.

 

Dövlət Məşğulluq Agentliyinə müraciətlər olunur, əsas məsələ isə həmin vakansiyalar üzrə işin olmasıdır. İş yerləri yaradılarsa, bu problemlər həll ola bilər. Kənd təsərrüfatı üzrə mütəxəssisələrə ciddi ehtiyacımız var. Planlaşdırıma və təbliğat maarifləndirmə işi çox sağlam və düzgün aparılmalıdır ki qarşıya qoyulmuş məsələləri həll edə bilək”.