Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-08 15:20:00
18 yaşından çalışan “Fədakar müəllim”- “Elə bildilər ki, sinif yoldaşlarıyam”

Öyrətmək, öyrənərək inkişaf etmək arzusu nə zaman tanıyır, nə də ki, məsafə. Bilik vermək deyəndə ağıla ilk müəllimlik sənəti gəlir. Bir çox müəllim fənnini tədris etmək, bilik vermək üçün uzaq məsafələr qət edir, əlverişsiz şəraitlərdə belə çalışmağa can atır.

 

AzEdu.az Təhsil Portalı “Fədakar müəllim” rubrikası altında yaşadığı yerdən uzaqda, əlverişsiz şəraitdə dərs deyən müəllimlərlə silsilə müsahibələr təqdim edir.

 

Bu dəfəki müsahibimiz Texnologiya müəllimi Gülnar Kərimovadır

 

O, 18 yaşından bəri 4 müxtəlif rayon və 6 kənddə müəllimlik fəaliyyəti ilə məşğul olur.

 

- Gülnar müəllim, əvvəlcə özünüzü oxucularımıza təqdim etməyinizi istərdik...

 

- Mən, Kərimova Gülnar Yavər qızı. Şirvan şəhərində anadan olmuşam. IX sinifdən çıxaraq Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində İnformatika ixtisası üzrə təhsil almışam. İlk iş təcrübəm 18 yaşımda olub. Müəllimlərin işə qəbulu (MİQ) imtahanından müvəffəqiyyət qazanaraq Hacıqabul rayon Talış kəndində vakant yer üzrə çalışmağa başlamışam. Həmin məktəbdə işləyə-işləyə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Texnologiya müəllimliyi  ixtisasına qəbul oldum. Sonrakı illərdə bir-birinin ardınca Hacıqabul rayon Meyniman kəndi, Salyan rayon Kərimbəyli kəndi, Sabirabad rayon Ulacalı kəndi, Cəlilabad rayon Privolnoye kəndi və Cəlilabad rayon Ocaqlı kəndində müəllimlik fəaliyyətimə davam etdim. Eyni zamanda, peşə təmayüllü məktəbdə qrup rəhbəri və kurikulum təlimçisi kimi fəaliyyət göstərirəm.

 

- 18 yaşınızdan etibarən müəllim kimi fəaliyyət göstərirsiniz. İlk dərs gününüz yaddaşınızda necə qalıb?

 Açıklama yok.

- İlk gün mənim üçün unudulmaz idi. Çox həyəcanlı idim. Şagirdlərlə aramızda 1-2 yaş fərqi olduğu üçün onlar məni görəndə elə bilmişdilər ki, yeni sinif yoldaşlarıyam. İlk dəfə 11-cilərə informatika dərsim var idi. Sinfə daxil oldum, şagirdlərlə tanış oldum və informatika üzrə ilkin biliklərini yoxlamaq üçün suallar verərək onları diaqnostika etdim. münasibətimiz həmişə çox isti olub. Həmin məzunlarla bu gün də əlaqəmiz var.

 

- Qeyd etdiniz ki, 6 müxtəlif kənddə fəaliyyət göstərmisiniz. Həmin məktəbləri dəyişmə səbəbiniz nə olub?

 

- Əvvəlki illərdə bir məktəbdə 3 il işlədikdən sonra yerdəyişmə etmək barədə qanun yox idi. Bəzən dərs saatının çoxluğu, bəzən ərazi yaxınlığı baxımından işlədiyim yeri dəyişirdim. Şirvan şəhərində vakansiya olmadığından müxtəlif rayonlarda fəaliyyət göstərirdim. Hazırkı işlədiyim məktəbə gəlmə səbəbim ailəvi məsələlərdən dolayıdır. Əgər daim Cəlilabadda qalmalı olsaq,  burada fəaliyyətimi davam etdirməyi düşünürəm.

 

- İşlədiyiniz məktəblərlə bağlı yadda qalan xoş xatirələrinizdən bəhs edə bilərsiniz?

 

- Xoş xatirələrim çoxdur. Əvvəlcə onu qeyd edim ki, müəllimlik peşəsi mənim uşaqlıq arzum olub. Bu peşəni özüm seçmişəm. Ona görə də hansı kənddə və ya bölgədə işləməyimin heç bir fərqi yoxdur. Mənim üçün əsas odur ki, şagirdlərlə bərabər olum. Onlarla işləmək məni daha da ruhlandırır. Çalışıram ki, şagirdlərin motivasiyasını yüksək tutum. Bunun üçün də müxtəlif yarışlar keçirərək, hədiyyələr təqdim edirəm. Şagirdlərim hər zaman mənə öz əl işlərindən hədiyyələr düzəldib verirlər. Məzun günlərində, tədbirlərdə, şənliklərdə xüsusi hörmət edirlər. Məktəbi bitirdikdən sonra belə xoş günlərində iştirak etməyim üçün  dəvət edirlər. Hazırda peşə təmayüllü siniflərdə qrup rəhbəri kimi fəaliyyət göstərirəm. Şagirdlər dərzi və aqranom ixtisası üzrə təhsil alırlar. Onlar ilət təcrübə səfərlərinə gedirik. Orta məktəbdə texnologiya dərsində isə mövzuya uyğun əl işləri düzəldirik. 

 

- Gülnar müəllim, texnologiya fənnini maraqlı təşkil etmək üçün hər hansısa üsuldan istifadə edirsiniz?

 Açıklama yok.

- Texnologiya elə bir fəndir ki, burada şagirdi təkcə bilik yox, eyni zamanda, bacarıq da formalaşdırır. Fənn üzrə 4 məzmun xəttimiz var. Hansı ki, elə dərslərimiz var ki, qidayla, parçayla, oduncaqla bağlıdır. Parçayla bağlı dərsimiz olanda şagirdlərlə muncuqdan, parçadan əl işləri hazırlayırıq. Oduncaqla bağlı olduqda, oduncaqdan kiçik maketlər hazırlayırıq, qida mövzularında sinifdə meyvə-tərəvəz salatı, onların doğranması, təqdimi və s. işlərlə məşğul oluruq. Mənə görə dərs o zaman maraqlıdır ki, onu praktiki olaraq şagirdlə işləyəsən. Kitabda yazılanları üzündən oxuyub danışmaqla uşaqlarda maraq oyada bilmərik. Müəllim şagirdlərə əvvəlcə özünü sevdirməyi bacarmalıdır. Bundan sonra fənni sevdirmək daha asan olacaq. Şagird müəllimi sevmirsə, onun fənninə də maraq göstərmir. Kurikulum təlimçisi olduğum üçün dərsləri həmin üsulla tədris edirəm. Şagirdləri qruplara bölərək, yaradıcı tapşırıqlar verirəm. Daha yaxşı maddi-texniki bazamız olsaydı, onlara proyektorla bir sıra mövzuları izah edərdim. Məktəbimiz təmir olunduqdan sonra texnologiya otağı, emalatxana olsa, düşünürəm ki, fənnimi daha əhatəli tədris edə biləcəm.

 

- Uzaq məsafələrə gedib işləməyimiz sizə hər-hansısa çətinlik törədib?

 

- Ciddi yol problemi yaşamamışam. İşlədiyim yerlər uzaq olduğu zaman,  gedib-gələ bilmədikdə, həmin yerdə yaşayırdım. 4 il Hacıqabul rayonunda kirayə qalmışam, Salyanda Sabirabadda işləyərkən gedib-gəlmişəm. Hazırda Cəlilabadda da yenə kirayə qalırıq.

 

- Ekstremal hadisə ilə üzləşdiyiniz olub?

 

- Xeyr, sadəcə bəzən sinifdə risk qrupuna daxil olan uşaqlarla işləmək bir az çətin olur. Şagirdlərin psixologiyasına bələd olduğum üçün çalışdığım qədər onlarla da fərdi söhbətlər apararaq ortaq dil tapıram.

 

 

- İşlədiyiniz məktəblərdə xüsusi bacarığı ilə yadda qalan şagirdləriniz olubmu?

 Açıklama yok.

- 8 illik pedaqoji təcrübəm var. 6 il informatika, 2 il isə texnologiya müəllimi kimi çalışmışam. İnformatika fənnində komputeri yaxşı bilən uşaqlar yadımda qalıb. Texnologiyadan isə bacarıqlı uşaqlar çoxdur. Alim adlı keçən ilki məzunum yadımdadır ki, aşpaz olmağa can atırdı. Və indi aşpaz kimi paytaxtda çalışır. 7-ci sinifdə Əlican adlı şagirdim var ki, o da xüsusi bacarıqlı, qabiliyyətlidir. Kreativ əl işləri düzəldir. Əslində bacarıqlı şagirdlər çoxdur. Adi salfektadan belə nələrsə hazırlaya bilirlər.

 

- Bəs gördüyünüz işə görə aldığınız əməkhaqqı sizi qane edir?

 

- Texnologiya müəllimlərinin əməkhaqqı elə də çox olmasa da, mən məhz ehtiyac səbəbindən çalışmıram. Sevdiyim peşə olduğu üçün işləyirəm. Hansı ki, bir sıra təkliflər, fürsətlər də olub, ancaq arzum müəllimlik olduğu üçün bu sahədə qalmağı düşünürəm. Özümü müəllimlikdən başqa yerdə görə bilmirəm. Gələcək hədəfim isə məktəb direktoru olmaqdır.