Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-01 15:57:00
Bəzi aparıcılar ana dilimizə hörmətsizlik edir - PROFESSOR

Hər bir xalqın ən gözəl sənət nümunələri, əsərləri, mədəniyyəti elə onun öz dilində yazılır. Dil həmin xalqın mənəvi və mədəni simasına çevrilir. Xalq sözə və dilə verdiyi qiymət qədər xalqdır. Bu qiymət nə qədər böyükdürsə, həmin xalq və millət də o qədər zirvədədir.

 

Lakin müşəhidələr onu göstərir ki, yeni nəsil öz ana dilini kənara qoyaraq, ifadələrində, söz və cümlələrində müxtəlif xalqların dillərindən istifadə edirlər. Hətta bəzən fikirlərini ifadə edərkən ana dilində qarşılığını tapmaqda çətinlik çəkirlər.

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan professor Adil Babayev bildirib ki, bu məsələyə səbəb budur ki, bizim millət başqa xalqlara əl açıb yer göstərir, lakin biz özümüzə gəldikdə belə etmirik:

 

“Nə qədər çox dil bilsən, bir o qədər inkişaf edəcəksən. Dil öyrənmək, həmişə müsbət bir nüansdır. Lakin öz ana dilini mükəmməl bilməyən insanların dil öyrənməyinin heç bir əhəmiyyəti yoxdur. Əcnəbi bir alim demişdi ki, dünyada iki elə eynilik ola bilməz ki, bir xalqın ruhu ilə onun dili arasında olan eynilik qədər oxşar olsun. Əgər vətəndaşımız bu gün Azərbaycan dilində normal danışa bilmirsə, deməli o, azərbaycanlı ruhuna, mədəniyyətinə, mənəviyyatına yaddır. Öz dilini bilməyən gənc vətənini, yaşadığı torpağı necə sevə bilər? Ölkənin milli mənaviyyatı onlara necə aşılanacaq?”.

 

Professor qeyd edib ki, bəzi televiziya kanalının aparıcıları efirdə başqa dildə danışmasının nitqinin zəif olmasından irəli gəlir:

 

“Məsələn, Azərbaycanlı övlad valideyni ilə ana dilində deyil, rusca danışanda əgər desə ki, “mən avtobusa mindim”, o rusca tərcümədə artıq "avtobusa oturdum" olaraq səslənir. Ona görə də bizim dilimiz özünüifadə baxımından bütün dillərdən gözəl, anlaşıqlı və mənalıdır. Bəzi televiziya kanalının aparıcılar efirdə başqa dildə danşırlar və yaxud tez-tez xarici sözlərdən istifadə edirlər.Bu böyük bir problemdir. Sanki onlar başqa dildə danışmaqla özlərini savadlı hesab edirlər”.

 

Həmsöhbətimiz son olaraq söyləyib ki, ana dilimizi qorumalı, ifadələrimizdə əcnəbi sözlərdən istifadə etməməliyik:

 

“Bir halda ki, öz ana dili ilə hər hansı bir sözü ifadə etmək mümkündürsə, onu başqa dillərdən söz alıb, ifadə etmək düzgün deyil. Bu birbaşa dilə hörmətsizlikdir. Dilə hörmətsizlikdə öz növbəsində millətin ruhuna hörmətsizlikdir. Bu hallara ilk növbədə aparıcılar fikir verməlidir”.