Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-16 12:26:00
Müəllimlərin maaşı daha düzgün bu cür hesablanmalıdır – Artım və əlavələr nə zaman edilir?

Müəllimlərin maaşının hesablanması onlayn kolkulyator vasitəsilə daha düzgün aparılır. Onlayn kalkulyatorda qırmızı rəngli “*”- la (ulduz işarəsi) ilə verilən  suallar mütləq cavablandırılmalıdır.

Onlay kalkulyatorla AzEdu.az təhsil portalının əsas səhifəsinin sağ küncündən, xəbər lentinin üstündəki “Müəllimlərin maaşının hesablanması” hissəsinə keçid edərək tanış ola və aylıq əmək haqqınızı hesablaya bilərsiniz.

Müəllimlərin maaşı hesablanarkən hansı meyarlar nəzərə alınır?

Kalkulyatorda ilk sual – Diaqnostik qiymətləndirmədən keçmisinizmi?

Bu sualda iki variant təqdim olunur:

Keçib*
Keçməyib*

I variantı MİQ və DQ imtahanlarından keçən müəllimlər seçir. Keçən il MİQ imtahanı ilə müsabiqədən keçərək işə qəbul olunan müəllimlərin maaşı artım ilə yalnız  yanvardan sonra hesablanırdı. Ona görə, müəllimlər “keçməyib”i seçirdilər. İndi isə elə ilk aylardan MİQ-dən keçən müəllimlərin maaşı artımla hesablandığı üçün həmin şəxslər ilk sualda “keçib” variantını seçməlidirlər.

Əgər müddətli müqavilə ilə işə düzəlmisinizsə, o zaman da “keçib” variantını seçirsiniz. Belə olan halda, pedaqoji staj hissəsinə isə 0-3 illik staj yazılmalıdır. Çünki, müddətli müqavilə ilə iş pedaqoji staj hesab olunmur. Müddətli müqavilə ilə işləyən müəllim digər məktəbdə müddətsiz müqavilə ilə işləmiş və müəyyən əmək stajı olsa belə, onun müddətli ilə işlənən məktəbdəki əmək haqqına aiddiyyatı yoxdur.

Diaqnostik qiymətləndirmə ilə bağlı sualı cavabladıqdan sonra iki yeni sualı – təhsiliniz ( orta təhsilli, orta ixtisas təhsilli, ali təhsilli) və pedaqoji stajınız (3 ilə qədər, 3-8 il arası, 8-13 il arası, 13-18 il və 18 ildən çox) soruşulur. Müəllimləri çaşdıran məqamlardan biri də stajla bağlıdır. Siz əgər keçən tədris ilində artıq 13-cü ilinizi tamamlamısınızsa, yeni tədris ilinin maaş hesablanmasında 13-18 pedaqoji staj variantını seçirsiniz.

  • Elmi dərəcəsi olan və ixtisası üzrə fənn tədris edənlər,Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş şəxslər, ümumi təhsil müəssisələrində istifadə edilən dərslik və ya müəllim üçün metodik vəsaitlərin müəllifləri – bu halda maaşa 45 manat əlavə olunur.
  • Fəlsəfə doktoru - bu halda maaşa 60 manat əlavə olunur.
  • Elmlər doktoru - bu halda maaşa 100 manat əlavə olunur.
  • Əməkdar (fəxri adı) - bu halda maaşa 100 manat əlavə olunur.
  • Xalq (fəxri adı) - bu halda maaşa 150 manat əlavə olunur.

Qeyd edək ki, əməkdar və xalq fəxri adları üçün vergi tutulmur.

Növbəti addımda isə sizdən müəssisənin tipi soruşulur. Burada da müəssisənin tipinə görə, maaşa əlavələr nəzərdə tutulur.

Ümumtəhsil məktəblərində işləyən müəllimlərin əməkhaqqısına əlavə olunmur. Əgər iş yeriniz nizamnaməsi olan məktəb-liseydirsə, ümumi dərs yükünün 15%-i qədər əməkhaqqına əlavə olunur.

Lisey və gimnaziyalar, ümumtəhsil internat məktəbləri, internat tipli lisey və gimnaziyalar - ümumi dərs yükünün 15 %-i

Sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbləri - ümumi dərs yükünün 50 %-i

Tədris olunan fənnin adını seçdikdən sonra isə ümumtəhsil və lisey siniflərində dərs yükü, həmçinin ay ərzində tədris olunan dərnək saatları yazılır. Ondan sonra dərəcənizi göstərir və əgər qırmızı diplom almısınızsa, sağ küncdəki xanaya müvafiq olaraq seçim edirsiz.

Qeyd: Müddətli müqavilə ilə işləyən müəllimlər ən aşağı dərəcəni seçməlidirlər.

Əgər sinif rəhbərisinizsə, sizin aylıq əmək haqqınıza 40 manat əlavə olunur.

Əmək şəraitinin ağır və zərərliliyinə görə əməkhaqqına əlavələr aşağıda qeyd olunanlara əsasən müəyyənləşir:

  • Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq,
  1. sahillə quru yol əlaqəsi olduqda - 1 müəllim stavkasının 40%-i
  2. quru yol əlaqəsi olmadıqda və sahildən 0,5 km-ə qədər - 1 müəllim stavkasının 50%-i
  3. 0,5-70 km-ə qədər - 1 müəllim stavkasının 65%-i
  4. 70 km-dən çox - 1 müəllim stavkasının 75%-i
  • Susuz torpaq ərazilərində daimi içməli su mənbəyindən uzaqda yerləşən müəssisə, idarə, təşkilatlar,

     20-40 km - Ümumi dərs yükünün 20%-i

     40 km-dən çox - Ümumi dərs yükünün 40%-i

  • Dəniz səviyyəsindən hündürlükdə yerləşəməsinə görə.

     1200-1500 metr - Ümumi dərs yükünün 10%-i

     1500-2000 metr - Ümumi dərs yükünün 20%-i

     2000 metrdən yuxarı - Ümumi dərs yükünün 30%-i

Qeyd: İşlədiyiniz məktəbin əmək şəraitini məktəb rəhbərliyindən öyrənə bilərsiniz.

Pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş yaşı 35-dək olan gənc mütəxəssisləri stimullaşdırmaq üçün şəhər mərkəzindən yerləşmə məsafəsinə görə əlavə həvəsləndirmə ödənişi tətbiq edilib. Bu məsafədən asılı olaraq dəyişir. H1 gənc müəllimlərə o halda verilir ki, müəllim şəhərdən 20 km-dən az uzaqlıqda yerləşən məktəbdə dərs deyir. H2 isə, məktəb mərkəzdən 20 km məsafədən daha uzaq olduğu halda verilir.

H1 – maaşa əlavə 60 manat (vergi tutulmur)
H2 – maaşa əlavə 160 manat (vergi tutulur)

Bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli, 67 nömrəli qərarına əsasən tətbiq olunur.

Müəyyən vergi güzəştləri isə əllillik, Milli Qəhrəman, himayəsində olanların sayı və s. səbəblərə görə müəyyən olunur.

Növbəti mərhələdə qeyd olunan “həmkarlar” hissəsində üzvdür* həmişə aktiv qalır. Üzvlükdən çıxdığınız halda, üzv deyil* variantını seçin.

Sonda “Digər tutmalar” hissəsindəki əlavə tutmalara, aliment, məhkəmə qərarları, cəmiyyət və partiyalara üzvlük haqları və s. hesab olunur. Həmin hissəyə yazdığınız məbləğ sizin aylıq əmək haqqınızdan çıxılacaq.

Bütün xanaları doldurub “HESABLA” seçdikdən sonra sağ tərəfdə aylıq əmək haqqınız görünəcək.