Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-11 13:04:00
Sertifikasiyadan yüksək bal toplayan müəllim : “Sualda səhv aşkarlayan yalnız mən idim”

Məlum olduğu kimi, avqustun 31-də könüllü şəkildə iştirak etmək istəyən 60 və yuxarı yaşda olan müəllimlər sertifikasiya müsabiqəsindən keçdilər. Elm və Təhsil Nazirliyindən verilən məlumata əsasən, təhsilverənlərin 53 nəfəri 60 və yuxarı yaşda olanlardır ki, həmin müəllimlərin 7-si 51-dən yuxarı bal toplayıb.


Onlardan biri də Xavər Mehrabovadır.

 

 

Belə ki, ibtidai sinif müəllimi olan X. Mehrabovanın 62 yaşı var. O, sertifikasiya imtahanında iştirak edərək 55 bal toplayıb.

 

AzEdu.az-a müsahibə verən Xavər müəllim qeyd edib ki, imtahan zamanı çox həyəcanlanıb.

 

 

Müsahibəni təqdim edirik:

 

 

- İmtahan başlayanda həyəcanınız var idimi?

 

 

- Düzünü desəm, imtahan başladığı vaxt çox rahat idim. Özümə tam güvənərək iştirak etmə qərarı almışdım. Lakin bir qədər sonra, sualları cavablandırdıqca həyəcan basdı. Bir neçə tapşırıq mənə çətin gəldi. Artıq düşünürdüm ki, 50 balı keçməyəcəm. Hətta sonda o qədər həyəcanlanmışdım ki, yekun balıma özüm baxa bilmədim. Nəticəmə baxması üçün, nəzarətçidən xahiş etdim.

 

 

- Bəs 50 balı keçdiyinizi görəndə nə hisslər keçirdiniz?

 

- Əslində, müsabiqəyə qatılanda düşünürdüm ki, 58-59 bal toplaya bilərəm. Özümdən əmin idim. Amma 55 bal topladığımı görəndə də çox sevindim. Çünki gedişatla əlaqədar daha az bal yığacağımı zənn edirdim. Yüksək nəticə göstərdiyim üçün məktəbimizin direktor və müəllimləri məni təbrik etdilər. Məlumat verildi ki, 60 yaşından yuxarı müəllimlərin sertifikasiyasından hələ ki, ən yüksək nəticə mən göstərmişən. Bu məni daha çox xoşbəxt etdi.

 

 

 - Sertifikasiya imtahanında çətinlik çəkdiyiniz məqamlar nə oldu?

 

- Ən çox Azərbaycan dili imtahanında çətinlik çəkdim. Hətta sualların birində yanlışlıq olduğunu müşahidə etdim və bunu nəzarətçiyə bildirdim. Düzü, sual çox asan idi. Amma variantlar yanlış qoyulmuşdu. Bəlkə də sonra həmin səhvi müəyyən edib, müəllimlərin xeyrinə düzəliş edəcəklər. Yadımdadır, nəzarətçi mənə yaxınlaşaraq dedi ki, “Siz yüksək nəticə toplayacaqsınız. Həmin sualda səhv olduğunu sizdən başqa heç kim demədi”. Aramızda belə bir dialoq oldu.

 

- Bəs müsabiqəyə hazırlaşma müddətiniz necə idi?

 

- Özüm hazırlaşırdım. Ödəniş qarşılığı heç bir kursa müraciət etməmişəm. Müəyyən test və sınaq üçün materiallar var idi ki, onlar üzərində sertifikasiyaya çalışırdım.

 

 

 - Yaşınız ilə əlaqədar sertifikasiyada iştirak etməyədə bilərdiniz. Müsabiqəyə qatılmaq üçün əsas motivasiyanız nə oldu?

 

- Mənim əsas məqsədim şagirdlərə nümunə olmaq idi. Onlara göstərmək istəyirdim ki, hər bir zəhmətin bəhrəsini görmək olur. Bir müəllim olaraq əsas məqsəd, biliyimizi daima artırmaqdır. Mən heç nə etmədən dursam, inkişaf edə bilmərəm. Özümə arxayın olduğuma görə nəticəmin yüksək olacağından əmin idim. Ona görə niyə sertifikasiyada iştirak etməyim ki? Əgər müəllim kimi fəaliyyət göstərirəmsə, sertifikasiyadan keçmək mənim borcum və hər bir müəllimin vəzifəsidir.

 

- Müəllimlərin sertifikatlşdırılması müsabiqəsini necə dəyərləndirirsiniz?

 

 - Tanıdığım müəllimlər içərisindən deyilir ki, sertifikasiyadan keçən müəllimlər bir çox xüsusiyyətlərə görə digər müəllimlərdən fərqlənirlər. Çünki kurikulum nəzəriyyələrini, metodlarını öyrənirsən, bu isə dərs prosesinin gedişatına çox müsbət təsir edir.

 

 

 - Daha neçə il müəllim kimi fəaliyyət göstərəcəksiniz?

 

- Mən, 42 ildir müəlliməm. Daha 2 il müddətində bu sahədə fəaliyyət göstərəcəm.

 

 

- Yəqin ki, müəllimlərin diaqnostik qiymətləndirmə müsabiqəsində iştirak etmisiniz. Sizcə, həmin imtahan çətin idi, yoxsa sertifikasiya?

 

- Düzünü desəm, diaqnostik qiymətləndirmə asan idi. Sertifikasiya onun daha təkmilləşdirilmiş, və çətin formasıdır. Sertifikasiya nəticəsində mən biliklərimi daha çox inkişaf etdirə bildim. Özümdəki inkişafı belə izah edə bilərəm ki, diaqnostik qiymətləndirmə asan olsa da, 52 bal toplamışdım. Lakin sertifikasiyadan nəticəm 55 bal oldu.