Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-09 13:20:00
İnformatika fənni abituriyentlərə ciddi problemlər yaradır – SƏBƏB 

Məlum olduğu kimi, 2023-cü ildə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən ali təhsil müəssisələrinə qəbul müsabiqəsində abituriyentlər ilk dəfə olaraq informatikadan imtahan verdilər.

 

Müşahidələr onu göstərir ki, abituriyentlərin İnformatika fənni üzrə nəticələri heç də qənaətbəxş deyil.

 

Şagirdlərin qəbul imtahanlarında həmin fəndən yüksək nəticələr əldə etmələri üçün tədrisdə hansı yeniliklər olmalıdır?

 

Mövzu ilə əlaqədar Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov AzEdu.az-a açıqlama verib.

 

Müsahibimiz bildirib ki, İnformatika dərslikləri şagirdlərin keyfiyyətli dərs keçməsi baxımından  o qədər də qənaətbəxş deyil:

 

“Bu fənnə daha çox fundamental yanaşma lazımdır. Rəqəmsallığın həcminin kifayət qədər artması, texnologiyaların fərqli sahələrdə geniş istiqamətli inkişaf etməsi, rəqəmsallığın tədrisini yaş kateqoriyalarına və seqmentə görə məntiqi bölünməsini vacib edir. Qabaqcıl xarici ölkələrin təcrübəsinə nəzər saldıqda görürük ki, hələ bağça yaşlarından uşaqlar müxtəlif texnoloji oyunlarla, müxtəlif alətlərlə məşğul olur, onları tanıyır, istifadə etməkdə çətinlik çəkmir.

 

Uşaqlara test və şəkillərlə texniki alətləri əzbərlətmə metodunun yerinə əyani tanış etməklə şüuraltı olaraq texnologiya mənimsədilir və sevilir. Təcrübə göstərir ki, həmin uşaqlarda sonrakı yaş dövrlərində bacarmamaq fobiasi olmur. Hazırda Azərbaycanda bu sahədə Elm və Təhsil Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə  fəaliyyəti nəticəsində Texnologiya mərkəzlərinin yaradılmağı kimi kifayət qədər böyük işlər görülür. Hansı ki, bu mərkəzlərdə uşaqlar müasir texnologiyalar ilə birbaşa təmas halında olur”.

 

E.Abbasov qeyd edib ki, bu mərkəzlərin yaradılmağı müsbət hal olsa da, əsasən  bağçalarda və məktəblərdə azyaşlı uşaqlar arasında texnologiyanı sevdirmək üçün praktiki işlər görülməlidir:

 

“Nəzərə alsaq ki, artıq gələcək illərdə şagirdlər bütün fənləri texnologiya üzərindən mənimsəyəcəklər. İndidən bu sahədə fundamental addımlar atılmalıdır. Məktəblərdə şagirdlərə informatika fənnini nəzəri şəkildə  öyrədirlər. Texniki qurğuların adlarını və şəkillərini əzbərlətməklə yüksək nəticələr əldə etmək mümkün olmayacaq. Şagirdlər mütləq texnologiyalarla əyani tanış olmalı, onlarla işləməyi bacarmalıdırlar. Kitablardakı şəkillərlə, yazıyla, test üsulları ilə informatika öyrənmək olmaz. Məktəblərdə texnologiya otaqları şagirdlər üçün əlçatan olmalıdır. Müasir alətlərin, texnoloji yeniliklərin ən azından bir qismi ilə şagirdləri tanış etmək lazımdır”.

 

Sifayə Abbas