Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-10 08:44:00
Ekspertdən abituriyentlərə: “Bu ixtisaslar çox inkişaf edəcək”  

 

 Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər üçün növbəti mərhələ ixtisas seçimidir. Bir çox abituriyent gələcəkdə iş tapa bilməmək qorxusu içərisindədir. Bu da onların ixtisas seçiminə təsir göstərir. Bəs hansı sahələr gələcək üçün perspektivli sayılmır?

 

AzEdu.az xəbər verir ki, əmək bazarında güclü və zəif olan ixtisaslar haqqında danışarkən təhsil eksperti Ramin Nurəliyev bəzi sahələrin adlarını çəkib. O qeyd edib ki, hər bir ixtisasın mütəxəssisi həyatda öz mövqeyini lazımi şəkildə tutur:

 

“İxtisas qrupları üzrə əmək bazarında çox tələbatlı olan ixtisaslar və iş imkanları məhdud olan ixtisaslar barədə danışacam. Əslində bu ixtisaslar tələbata görə illərdir qəbul imtahanlarında keçid ballarına görə formalaşaraq, özünü büruzə verib. Məlumdur ki, yüksək ballı ixtisaslar tələbatlı, zəif ballı ixtisaslar da az tələbatı olan ixtisaslardır".

 

Ekspertin sözlərinə görə, I qrupda tələbatlı ixtisaslar kompüter meyilli ixtisaslardır:

 

"Birinci qrup üzrə tələbatlı ixtisaslar kompüter meyilli ixtisaslardır ki, buraya informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi və Rİ altqrupuna aid digər ixtisaslar daxildir. Bununla yanaşı qida mühəndisliyi, nəqliyyatda logistika ixtisası da son zamanlar tərcih edilən ixtisaslardan hesab olunur.

Bu qrupda zəif tələbatlı ixtisaslar xüsusilə də RK altqrupundadir. Buraya daha çox geologiya və geofizika, geomatika və geodeziya, materiallar mühəndisliyi, maşın mühəndisliyi, mühəndis fizikası kimi ixtisaslardır ki, bu ixtisaslar əmək bazarında tələbatlı görünmür və ya az tələbatlıdır. Bununla yanaşı, aqrar ixtisaslar və el arasında deyilən 150 ballıq ixtisaslar da az tələbatlı ixtisaslar sırasına daxildir və yüksək bal toplayan abituriyentlərin seçimi olmur. Elə ixtisaslar da vardır ki, bu ixtisasların adları cazibəli göründüyü üçün abituriyentlər seçim edir, lakin təhsil aldığı müddətdə peşman olurlar. Bu ixtisaslara cihaz mühəndisliyi, mexatronika və robototexnika kimi ixtisasları aid etmək olar. Etiraf etmək lazımdır ki, mexatronika və robototexnika ixtisası müasir dövrün ixtisasidir, bunun üçün universitetlərdə kifayət qədər bu sahənin peşəkarı olan müəllimlər və lazımlı laboratoriyalar tələb olunur. Əfsuslar olsun ki, bizim bir çox universitetlərdə bu imkanlar yetərincə deyil. Məhz buna görə də bu ixtisası seçən tələbələr sonradan bu ixtisas üzrə kifayət qədər biliyin mənimsənilmədiyini ifadə edirlər.

İctimaiyyətin çox da məlumatlı olmadığı, bitirdikdən sonra bacarıqlı tələbələrə iş imkanları verən 1-ci qrupda hərbi-sənaye ixtisasları da var ki, bunun da gələcəkdə çox inkişaf edəcəyinin qənaətindəyəm. Artıq Azərbaycan hərbi-sənaye istiqamətində sürətlə inkişaf edir. Öz silah və müdafiə xarakterli müasir hərbi texnikaların istehsalını həyata keçirir. Bu istiqamətdə fəaliyyətin genişlənməsi məlum sektora olan marağın böyüməsinə səbəb olacaq".

 

R.Nurəliyev II qrupda az tələbatlı və iş imkanları zəif ola ixtisaslar sırasında sosiologiya, hidrometeorologiyanı qeyd edib:

 

"2-ci qrupda əsas tələbatlı ixtisaslar maliyyə, iqtisadiyyat, beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi, marketinq kimi iqtisad yönümlü ixtisaslardır.

Az tələbatlı və iş imkanları zəif ola ixtisaslar sırasında sosiologiya, hidrometeorologiyanı aid etmək olar. Turizm ixtisasları əvvəllər az tələbatlı olsa da son dövrdə bu ixtisasa maraq artmaqdadır. Qarabağ iqtisadi zonasının azad olunması ilə yanaşı qərb rayonlarımızda sürətlə quruculuq işlərinin görülməsi və gələcəkdə bu bölgənin turizm sektoruna verəcəyi töhfə danılmazdır".

 

 

Ekspert III qrupda tələbatı ən zəif olan ixtisasa filologiyanı aid edib:

 

 

"3-cu ixtisas qrupu üzrə hüquqşünaslıq, beynəlxalq münasibətlər, dövlət və ictimai münasibətlər, tərcümə və pedoqoji ixtisaslar daha çox tələbatlı ixtisaslar hesab olunur. Bununla yanaşı jurnalistika ixtisası üzrə tədris ingilis dilinə daha çox üstünlük verilir.

Az tələbatlı ixtisaslar kimi fəlsəfə, politologiya və incəsənət ixtisaslarını nümunə vermək olar. Filologiya ixtisasına da getdikcə marağın azalması müşahidə oluna bilər. Burada Elm və Təhsil Nazirliyinin bu ixtisası MİQ imtahanında seçimə buraxmaması əsas səbəb kimi görünür".

 

 

R. Nurəliyev IV qrup üzrə isə dövrün tələblərinə kifayət qədər cavab verməyən ixtisaslarda Su bioehtiyatları və akvakultura, baytarlıq, bitki mühafizəsi, bağçılıq və tərəvəzçiliyin adını qeyd edib:

 

"4-cü qrupda tibb ixtisasları və psixologiya daha çox tərcih edilən ixtisaslardır. Bununla yanaşı, son zamanlar biologiya ixtisasına da maraq artmaqdadır, buna səbəb kimi xaricdə bu ixtisas üzrə genetika, mikrobiologiya, biotexnologiya, baktreilogiya kimi sahələr üzrə magistr imkanlarını göstərmək mümkündür. Bu qrupda Su bioehtiyatları və akvakultura, baytarlıq, bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik kimi ixtisaslar əmək bazarında dövrün tələblərinə kifayət qədər cavab vermədiyi hesab olunur.

 

Bununla yanaşı, bütün qruplar üzrə müəllimlik və pedaqoji ixtisasları da çox müraciət olunan ixtisaslar içərisində qeyd etmək istərdim. Xüsusilə də, orta səviyyədə bal toplayan abituriyentlər ilə yanaşı yüksək bal toplayan bir neçə abituriyentlərin də müəllimlik ixtisaslarını seçim etdiyi müşahidə olunur".