Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-23 15:12:48
Universitetlərdə vahid forma tətbiq olunsun - TƏKLİF  

Dünən Azərbaycan Texniki Universitetində (AzTU)  imtahana şortik və çəkələklə gələn tələbəni içəri daxil olmasına icazə verilmədiyi ilə bağlı informasiyalar sosial şəbəkələrdə yayılmağa başladı.

 

Belə ki, tələbənin iddiasına görə, 30 dəqiqəyə yaxın universitetin binasına buraxılmayıb. Mühafizəçi bildirib ki, universitetin prorektoru ona heç kəsi “şortik” və çəkələklə imtahana buraxmamaq barədə şifahi sərəncam verib.

 

Universitetin mətbuat katibi Sevinc İskəndərovanın verdiyi məlumata əsasən isə belə bir hadisə ilə bağlı fakültəyə, imtahan qərargahına tələbə tərəfindən müraciət və şikayət qeydə alınmayıb.

 

O bildirib ki, universitetlərin geyimlə bağlı heç bir qadağa yoxdur.

 

Ümumiyyətlə Azərbaycanın ali təhsil müəssisələrində tələbələrə geyimlə bağlı qadağa qoyulması doğrudurmu?

 

 Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında Sosioloq Sahib Altay tələbələrə geyimlə bağlı qadağaların qoyulmasının doğru olmadığını söyləyib:

 

 “Ümumiyyətlə, özəl universitetlərimiz geyim barədə müəyyən qaydalar tətbiq edə bilirlər. Bu, təkcə universitetlərə deyil, özəl şirkətlərə də aiddir. Daxili nizamnaməyə görə özəl universitetlər öz səlahiyyətləri çərçivəsində qərarlar verə bilirlər. Bəzən hətta dövlətin nəzdində fəaliyyət göstərən ali təhsil ocaqları da daxili nizamnamədə göstərilən qaydalarına əsaslanaraq, bunu tətbiq edə bilirlər. Amma ümumilikdə bunun absurd bir addım olduğunu düşünürəm. Əgər ölkədə bütün təhsil sistemində belə deyilsə, bəzi universitetlərin geyimlə bağlı qadağalar qoyması düzgün deyil. Bu kimi hallar toplumun, insanların düşüncəsi ilə ziddiyyət təşkil edir.

 

 Sosioloq, xarici ölkələrdə geyimlə bağlı tətbiq edilən qaydalardan da söz açıb:

 

 Bir çox inkişaf etmiş ölkələrdə belə bir təcrübə var ki, tətbiq edilən qaydalar yalnız bir təhsil ocağında olmur. Ya təhsil ocaqlarının hamısında müvafiq bir geyim olur, ya da müəssisələr özünə xas geyim forması seçirlər. Məsələn, bir təhsil ocağında 20 min tələbə oxuyursa, onların hər biri eyni tərzdə geyinir. Xaricdə ali təhsil ocaqlarının çoxunun özünə xas geyim forması var. Məsələn, Harvard Universiteti qərar verir ki, tələbələrin hamısı qara şalvar, ağ köynək geyinsinlər. Eyni zamanda, Oksford Universiteti belə bir qərar qəbul edir ki. buradakı tələbələr göy köynək, yaşıl şalvar geyinsinlər. Bu qərarlar universitetin bütün tələbələrinə şamil olur və hər kəs vahid formada dərslərə gəlir. Ancaq ümumilikdə əgər təcrübədə və təhsildə belə bir qanun yoxdursa, bunu tətbiq etmək doğru yanaşma deyil.

 

 S.Altay Azərbaycan universitetlərində vahid formanın olmasını təklif edib:

 

“Mənim şəxsi fikrimə qalsa, universitetlərimizdə vahid formanın olması yaxşı olardı. Amma dünya təcrübəsində bu məcburiyyət yoxdur. Geyimlə bağlı qoyulan məhdudiyyətlərin bir universitetdə tədbiq olunması ayrı-seçkiliyə səbəb ola bilər. Tələbələr də yeniytemə nəsildir, bu qaydaları birmənalı qarşılamırlar.

 

Qeyd etdiyim kimi, ölkəmizin ali təhsil müəssisələrində vahid formanın tətbiq olunması fikrini dəsdəkləyərdim. Lakin bu baş verərsə, gərək bütün universitetlərdə olsun. Və buna nəzarət, ali dövlət orqanları tərəfindən olmalıdır. Sırf bir müəssisədə, bir rəhbərin belə bir qayda-qanun qoyması və buna heç bir halda hüquqi əsaslandırmaması absurddur”.