Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-17 10:09:32
“Dərs var, amma bayramdı deyə, getmirəm” – Şagirdləri “azdıran” Novruz

Bayram tətilinin yaxınlaşması ilə əlaqədar məktəblərdə, universitetlərdə dərslərə davamiyyət zəifləyir. Tələbələrin aid olduqları bölgələrə üz tutması, bayrama görə istirahətə getmələri, digər uşaqların isə boşluqdan istifadə edərək dərslərdən yayınmaları  davamiyyət göstəricilərini aşağı salır.

Məsələylə bağlı danışan təhsil eksperti Etibar Əliyev AzEDU.az-a bildirib ki, davamiyyət məsələsi hələ də problem olaraq qalır:

"Düşünürəm ki, bu, daha çox fərdi xarakter daşıyır. Uşaqlara  əsasən valideynləri nəzarət edir. Əgər bir tərəfdən valideynlərdən asılıdırsa, digər tərəfdən tələbələrdən, şagirdlərdən asılıdır. Yəni, elə mühit yaradılmalıdır ki, onlar dərslərdə daha çox iştirak etsinlər. Bunun üçün də dərslərin darıxdırıcı xüsusiyyətlərini aradan qaldırmaq lazımdır. Hiss olunur ki, onların dərsdən yayınma meyilləri çoxdur”.

Ekspertin sözlərinə görə, bu tendensiya bayramqabağı daha da güclənir:

“Sovet vaxtı da belə idi: hansı dərs maraqlı idisə, şagirdlər ondan ayrılmaq istəmirdilər. Bu proses indi də davam edir. Düşünürəm ki, təhsil müəssisələrinin rəhbərliyi təhsil mühitini yaxşılaşdırmalıdır ki, belə hallara yol verilməsin. Faizlə davamiyyət məsələsi var.  Məcburi olsa belə heç bir effekt vermir. Burada əsas tədris mühitinin yaxşılaşdırılması, müəllimlərin dərslərini vicdanla deməsi və onların həm də tərbiyəçi funksiyasını yerinə yetirməsi olduqca vacibdir".

E.Əliyev bildirib ki, ali məktəblərdə dərs buraxılmasında müəyyən limitlər olur. O limiti keçəndən sonra tələbələr  imtahana buraxılmır və ya bu, ümumi bala təsir edir:   

"Əgər müəllim icazə verərək ona yaxşılıq edirsə də, belə çıxır ki qeydiyyat aparmır. Bunu  neqativ hal kimi dəyərləndirirəm. Bütün hallarda müəllimlərin də dərs demək həvəsi azalıb. Bunun nəylə bağlı olduğunu bilmirəm. Orta məktəb müəllimləri ümumiyyətlə, işləmirlər, ali məktəb müəllimləri isə deyirlər ki kitabxanalarda, kitab mağazalarında olmurlar,  yeni dərsliklər əldə edə bilmirlər. Dərsə həvəs varsa, müəllim - tələbə münasibəti yaxşıdırsa, davamiyyət məsələsi normal şəkildə həyata keçirilə bilər. Tələbənin dərs buraxması həm təhlükəsizlik baxımından, həm də dərsin mənimsənilməməsi, digər tələbələrin etirazına görə müəllimin üzərinə böyük məsuliyyət qoyur".

10 cu sinif şagirdi Gülay Hüseynli son iki günü dərsə getmədiyini bildirir. O deyir ki, bu havanın soyuqluğu və xəstəliyimlə bağlıdır:

"Birinci gün dərs var, amma bayramdı deyə,  getməyəcəm. Tətil yaxınlaşdıqca davamiyyət zəifləyir. Bu da bayramdı, çox uşaq gəlməz, mən də getməyim düşüncəsi ilə bağlı olur".

Ağdam Dövlət  Sosial-iqtisad  Kollecinin müəllimi Fəridə İsmayılova bildirib ki, tətil yaxınlaşdıqca davamiyyət zəifləyir, çünki uşaqlara əvvəldən bildirilir ki, filan vaxtdan tətilə çıxacaqsız:

"Uşaqlar dərsdən tamamilə uzaqlaşırlar. Tətildə hara, kimlə gedəcəklərini planlaşdırırlar. Bütün gün tətilə neçə gün qaldığını düşünürlər. Bayrama bir neçə gün qalmasına baxmayaraq, icazə almağa başlayırlar. Bayram tətili olsun və ya semestr fərq etmir. Dərslərdə  davamiyyət zəifləyir.

Onun sözlərinə görə, bu, tək tələbə və şagirdlərin deyil, həm də müəllimlərin, rəhbərliyin səhvidir:

"Tətil yaxınlaşdıqca bəzi müəllimlər də dərsdən soyuyur, dərsin tempini aşağı salırlar. Dərsdən çox uşaqlarla deyib-gülməyə üstünlük verirlər.  Özüm də tələbə olmuşam, amma həmişə tətilin bu qədər olmasına qarşıyam. Bu özünü tətildən bir həftə əvvəldən göstərir və eynilə tətildən qayıdandan sonra da. 1-2 həftə uşaqları dərs mühitinə uyğunlaşdırmaq çətin olur. Tətil arxayınlıq yaradır, dərsə qarşı həvəsi öldürür.Beyin passsivləşir. Düşünürəm ki ,verilən tətil şənbə və bazarla kifayətlənməlidir. Bayramlarda isə 2 gün bəsdir".

Müəllim deyir ki, 6 aydır işləməsinə baxmayaraq, bir neçə dəfə tətil olub:

"Artıq nəticə çıxarmışam. Fevralın 15-dən dərsə qayıdıblar, bu günə kimi də parta arxasında otura, dərsi mənimsəyə bilmirlər. Və yenə tətildir. İndidən düşünürlər ki, yayda nə vaxt məktəblər bağlanaq. Beynin dərs üçün çalışan hissəsi artıq tətil üçün çalışır".

Əsmər Qabil