Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-31 12:26:00
DTX Akademiyasına qəbul qaydası - Ən çox soruşulan suallara CAVABLAR

Azərbaycanda fəaliyyət göstərən bir neçə ali təhsil müəssisəsi xüsusi təyinatlı hesab olunur.

 

Bu müəssisələrdən biri də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasıdır.

 

AzEdu.az saytı DTX Akademiyası ilə bağlı oxucularını ən çox maraqlandıran sualların cavabını təqdim edir: 

Qəbul üçün necə müraciət etmək olar?

- Akademiyaya daxil olmaq istəyən şəxslər elan olunan tarixdə ərizə ilə yaşayış yeri üzrə DTX-nin yerli orqanlarına (hərbi qulluqçular komanda üzrə raportla) müraciət etməlidirlər.

 

Akademiyada hansı ixtisaslar üzrə qəbul həyata keçirilir?

 

- Akademiyada kursantlara ali bakalavr təhsili verən "Əməliyyat işçilərinin hazırlanması" və "İnformasiya təhlükəsizliyi" fakültələrinə qəbul "Hüquqşünaslıq" və "İnformasiya təhlükəsizliyi" ixtisasları üzrə həyata keçirilir.

 

Akademiyaya kimlər qəbul oluna bilərlər?

 

- Akademiyaya peşə seçiminin bütün tələblərinə cavab verən orta məktəb məzunları olan çağırışçılar, eləcə də respublikanın təhlükəsizlik orqanlarında xidmət edən, zabit hərbi rütbəsi olmayan orta və ya orta-ixtisas təhsilli hərbi qulluqçular qəbul oluna bilərlər.

Akademiyaya qəbul olunmaq üçün yaş hədləri varmı?

Akademiyaya qəbul olunmaq üçün aşağıdakı yaş hədləri müəyyən olunub:
- hərbi qulluqçular – 18 yaşından 23 yaşınadək;
- orta məktəb məzunları olan çağırışçılar – 17 yaşından 20 yaşınadək.

 

Kursantlara aylıq pul təminatı və ya təqaüd verilirmi?

 

- Akademiyada təhsil alan kursantlar aylıq pul təminatı alırlar. Bundan əlavə, təhsildə yüksək müvəffəqiyyət qazanan, elmi-yaradıcılıq fəaliyyəti ilə məşğul olan və Akademiyanın ictimai həyatında fəal iştirak edən əlaçı kursantlara Heydər Əliyev adına təqaüd verilir.

 

Tədris prosesi kimlər tərəfindən həyata keçirilir?

 

- Tədris prosesi yüksək ixtisaslı elmi-pedaqoji kadrlar, o cümlədən elmlər doktorları və fəlsəfə doktorları, DTX-nin rəhbər heyəti və yüksək ixtisaslı mütəxəssisləri, habelə uzun illər təhlükəsizlik orqanlarında xidmət etmiş təcrübəli zabitlər tərəfindən həyata keçirilir.

 

Akademiyanı bitirən məzunlar nə əldə edirlər?

 

- Akademiyanı bitirən məzunlara müvafiq ixtisas üzrə ali təhsil alması barədə dövlət nümunəli bakalavr diplomu, əməliyyatçı ixtisası alması barədə şəhadətnamə və leytenant - ilk zabit hərbi rütbəsi verilir.

 

Akademiya məzunları işlə təmin olunurlarmı?

 

- Akademiya məzunları Dövlət Təhlükəsizliyi Xidmətinin orqanlarında ixtisasları üzrə işlə təmin olunurlar.

 

Qəbul prosesi hansı mərhələlərdən ibarətdir?

- Müraciət edən namizədlər müəyyən olunmuş qaydada tibbi yoxlamadan keçdikdən və fiziki hazırlıq normativlərini ödədikdən sonra onlarla Akademiyada Mandat Komissiyası tərəfindən peşə seçimi ilə bağlı söhbət aparılır. Peşə seçimini müvəffəqiyyətlə keçmiş namizədlər Akademiyanın "Əməliyyat işçilərinin hazırlanması" və "İnformasiya təhlükəsizliyi" fakültələrinə ("Hüquqşünaslıq" və "İnformasiya təhlükəsizliyi" ixtisasları üzrə) qəbul olunmaq üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən test imtahanlarında I və III ixtisas qruplarına qəbul imtahanı verirlər. İmtahanlarda yüksək bal toplayan abituriyentlər Akademiyaya qəbul olunurlar.