Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-09 14:20:00
Bilik yarışında qızıl medal alan şagird: “Nobel mükafatı qazanmaq istəyirəm” - MÜSAHİBƏ

Şəki şəhərindəki Kimya-Biologiya Təmayüllü Liseyin 9-cu sinif şagirdi Rasim Abbaszadə Respublika Fənn olimpiadalarından 3-cü qızıl medalını qazanıb.

 

Rasim AzEdu.az saytının "Maraqlı adam" layihəsinin müsahibi olub. Yeniyetmə şagird deyir ki, gələcəkdə məşhur bioloq olub, yeni kəşflər edərək “Nobel” mükafatını qazanmaq istəyir.

 

Rasim Yusif oğlu Abbaszadə söhbət əsnasında özünü yaşıdlarından fərqli hiss etmədiyini bildirib.

 

- Biologiyaya marağın neçə yaşından və necə yaranıb?

 

- Biologiyaya marağım uşaq yaşlarımdan yaranıb. Yadımdadır, hələ lap balaca olanda “TRT belgesel” kimi kanallarda yayımlanan təbiət, canlı aləm və heyvanlardan bəhs edən verilişlərə baxırdım. Oradakı təbiətin quruluşu məni çox maraqlandırırdı. Hətta oyuncaqlarımın əksəriyyəti yırtıcı heyvanlar, sürünənlərdən ibarət idi. Onların çoxunu hələ də saxlayıram... 

 

- Dərslərini hazırlamaqda kimdənsə kömək alırsan?

 

- Dərslərə hazırlaşmaqda hazırda evdən kömək almıram. Lakin bu yerə kimi üzərimdə məktəb müəllimləri ilə bərabər, anamın da əziyyəti danılmazdır. Müəllimlərimə və anama çox borcluyam. Bu uğurlarımda isə sonsuz zəhməti olan, mənə biologiyanın zənginliklərini öyrədən Əməkdar müəllim Şəlalə müəlliməyə borcluyam. Sağ olsun.


Açıklama yok.

 
- Aprelin 9-da buraxılış imtahanı vermisən. Cavabları necə yazmışdın?

 

 - 9-cu sinif üzrə buraxılış imtahanlarının nəticələri artıq açıqlanıb. Topladığım bal orta səviyyədə olub. 

 

- Gələcək hədəflərin nələrdir? Hansı ixtisas üzrə təhsil almağı, hansı peşəyə yiyələnməyi düşünürsən?

 

- Yaxın gələcəkdə hədəflərimdən biri beynəlxalq olimpiadalarda ölkəmizi layiqli təmsil etməkdir. Böyük hədəfim isə dünyanın tanınmış universitetlərindən birində təhsil almaq, biologiya sahəsində insanların əziyyət çəkdiyi xəstəliklərdən birinin peyvəndini tapmaq və bununla da Nobel mükafatını qazanmaqdır. Dolayısı ilə əsas hədəfim bəşəriyyətə, insanlara faydalı bir iş görə bilməkdir. Qismət… 

 

- Deyəsən, baban həkim olub. Sən də onun yolu ilə gedib həkimlik peşəsini davam etdirməyi düşünürsən?

 

- Bəli. Babam uşaq həkimi olub. Uşaq ikən onun tövsiyyələrini çox dinləmişəm. Tibbə aid bütün kitablarını da mənə bağışlayıb.

Peşə olaraq əvvəllər həkim olmağı düşünürdüm, əsas da beyin cərrahı. Həkimlik çox gözəl peşə və məsuliyyətli bir işdir. Təsəvvür edin, həyatı sizdən asılı olan bir xəstəni ölümdən xilas edirsiniz. Bu çox qürurvericidir. Lakin sağalması mümkünsüz xəstəliklər məni daha çox düşündürür. Bu səbəblə çox sayda insanın həyatını qurtara biləcək bir iş görməyin daha qürurverici olacağını düşünürəm. Ona görə də hələlik bu seçimdə tam qərarlaşmamışam.

 

Açıklama yok. 

 

- Bu yaşda belə uğurlara imza atmaq necə hissdir?

 

- Əlbəttə, bu yaşda belə uğurlara imza atmaq sevindiricidir. Məni daha da çox oxumağa həvəsləndirir. Lakin bu mənim hədəfimin hələ ilk addımları olduğunu düşünürəm. Daha da çox çalışmaq lazımdır.

 

- Özünü yaşıdlarından fərqli hiss edirsənmi?

 
- Əslində, özümü yaşıdlarımdan fərqli hiss etmirəm. Mən də onlardan biriyəm. Liseyimizin digər 10 şagirdi də medal qazanıb, digər 9 şagird isə final mərhələsini gözləyir. Yeri gəlmişkən, onları da təbrik edirəm.

 

Açıklama yok.

 

- Qardaşın və ya bacın var? Varsa, onlar da sənin kimi elmə maraqlıdırlar?

 

- Məndən 4 yaş böyük Nərgiz adında bir bacım var. O, 2021-ci ildə 590 balla Azərbaycan Dillər Unversitetinə ingilis dilinin filologiyası ixtisası üzrə ödənişsiz qəbul olunub. Hazırda II kursda təhsil alır. Respublika üzrə inşa müsabiqələrində və Türkiyə səfirliyinin təşkilatçılığı ilə keçirilən müsabiqələrdə qalib olub. Bu yaxınlarda Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə keçirilən “Heydər Əliyev Azərbaycanın elminin, təhsilinin və mədəniyyətinin böyük hamisidir” adlı ingilis dilində esse müsaqbiqəsinə qatılmış və qalib olmuşdu.  

 

- Son olaraq, nailiyyətlərinin sirri nədir və sənin kimi uğurlu olmaq istəyən yaşıdlarına hansı tövsiyələri vermək istəyərdin? 

 

- Zənnimcə, burada elə bir sirr yoxdur. Əsas iş ixtiyari fənni sevmək, sevərək oxumaq və dərsi sevdirə bilən müəllimdən öyrənməkdir. Bir də çox çalışmaq. Düşünürəm ki, bu dördlükdə nələrəsə nail olmaq olar.

 

 Açıklama yok.

 

Qeyd edək ki, Rasim Abbaszadə 2021-ci ildə keçirilən Respublika Fənn Müsabiqəsində Biologiya fənni üzrə 1-ci yerə layiq görülərək qızıl medal alıb. O, 14 may 2022-ci il tarixində keçirilən Respublika Fənn Olimpiadasında 9-cu siniflər arasında biologiya fənni üzrə növbəti dəfə 1-ci yerə layiq görülməklə qızıl medala sahiblənib.


Nəhayət 4 may 2023-cü il tarixində keçirilən Respublika Fənn Olimpiadasında Rasim yenə 1-ci yeri tutaraq qızıl medal qazanıb.