Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-20 09:13:00
Buraxılış imtahanları martda yox, mayda keçirilisin! - TƏKLİF

"Biz orta ümumtəhsil müəssisələrində buraxılış imtahanlarını mart ayında keçirməməliyik. Bu, şagirdlərin davamiyətinə, dərs prosesində iştirakına öz mənfi təsirini göstərir".

 

Bu fikirləri təhsil eksperti Kamran Əsədov AzEdu.az-a açıqlamasında deyib:

 

"Qeyd edim ki, 2019-cu ildən bizim orta ümumtəhsil məktəblərində şagirdlər üçün buraxılış imtahanı tədris ilinin ortasında, dərs ili sona çatmamış təşkil edilir. Həqiqətən də, monitorinqlər göstərir ki, bizim ümutəhsil məktəblərində təhsil alan şagirdlər imtahandan sonra məktəbə davamlı olaraq getmir. Onların imtahandan sonra dərsə davamiyəti ciddi şəkildə aşağı düşür. Məktəbə gedən şagird də dərsə ciddi yanaşmır, bilik, elm əldə etməkdə maraqlı olmur. Bunun ən başlıca səbəbi, imtahanlar artıq başa çatır və şagird özünü sərbəst hesab edir".

 

Ekspert, buraxılış imtahanı modelində dəyişiklik edilməsinə ehtiyac olduğunu bildirib:

 

"Dövlət İmtahan Mərkəzi (DİM) sualların yoxlanması uzun vaxt tələb etdiyi üçün imtahanın mart ayında keçirildiyini bildirir. Bu problemi aradan qaldırmaq üçün situasiya tipli test tapşırıqları imtahan modelindən çıxarılmalıdır. Bu, cavabların daha tez zamanda elan edilməsinə imkan yaradar.

Buraxılış imtahanları may ayının ikinci yarısında keçirilməlidir. Bu şagirdlərin ümumi psixoloji vəziyətinədə öz təsirini göstərər. Çünki şagird mart ayında imtahan vermək üçün bütün tədris qrafikini sıx çalışır, hazırlığa gedir. Yəni hazırkı situasiyada ən optimal variant buraxılış imtahanı modelində dəyişiklik etməkdir. Qapalı və açıq tipli suallardan istifadə olunmalıdır. Situasiya tipli suallar imtahan modelindən çıxarılmalıdır".