Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-14 12:12:00
Müstəqillik dövrümüzün ilk təhsil islahatı müzakirə edilib

Aprelin 13-ü ADA Universitetində Heydər Əliyev və Azərbaycan təhsilində ilk islahatlar mövzusunda “dəyirmi masa” keçirilib.  

 

Bu barədə Nazirlikdən AzEdu.az-a məlumat verilib.
 

Bildirilib ki, Elm və Təhsil Nazirliyinin və ADA Universitetinin Təhsil fakültəsinin birgə təşkilatçılığı ilə keçirilən müzakirədə 1999-2003-cü illərdə keçirilən təhsil islahatında bilavasitə iştirak edən islahatçılar, bu prosesin icraçıları və təhsil ekspertləri iştirak ediblər. Tədbirdə sözügedən islahatın köhnə ideologiyadan uzaq, milli kimliyimizi özündə əks etdirən təhsil ənənələrinin formalaşmasına və müasir təhsil sisteminə təsirləri barəsində danışılıb. 


  
Açılış nitqi ilə çıxış edən ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal qonaqları salamlayaraq bildirib ki, müasir təhsil mühitindəki uğurlar o dövrdə baş verən islahatın nəticəsidir. 


  
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsil tarixindəki misilsiz xidmətlərindən danışıb, ulu öndərin təhsilin gələcəyi müəyyən edən sahələrdən olduğuna, güclü təhsilin isə güclü iqtisadiyyat əsasında formalaşdığına inandığını bildirib. Vurğulanıb ki, azərbaycançılıq dəyərləri həm öncəki, həm də hazırkı təhsil islahatlarının əsasını təşkil edir. 


  
Tədbirdə çıxış edən Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov 15 iyun 1999-cu il tarixində Heydər Əliyevin Sərəncamı ilə təsdiq olunan "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı"nı səsləndirib. Bu tarixi sənədin milli təhsilin məzmun və mahiyyətinə müasir yanaşma ortaya qoyduğunu ifadə edərək sözügedən islahatları dünya təhsilinə inteqrasiya kimi qiymətləndirib. 


  
ADA Universitetinin Təhsil fakültəsinin dekanı Ülviyyə Mikayılovanın moderatorluğu ilə keçirilən müzakirədə “İslahat Proqramı”nın icrası zamanı əldə edilən təcrübə və müşahidələr bölüşülüb.