Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-29 13:04:00
Məktəb bufetlərinə aid tələblər - Onlara necə əməl olunur?

Təhsil müəssisələrinin daxilində fəaliyyət göstərən bufetlərlə bağlı zaman-zaman narazılıqlar meydana gəlir. Bunların əsas səbəbləri isə qida blokunda fəaliyyət göstərən işçilərin fəaliyyətinin nəzərdə tutulmuş qanunvericilik aktlarına əsasən tənzimlənməməsilə bağlıdır.

 

Təhsil eksperti Arif Gülşadoğlu sözügedən mövzu ilə bağlı fikirlərini AzEdu.az-la bölüşüb. O bildirib ki, xüsusilə ucqar rayonlarda yerləşən məktəblərdə problem daha da qabarıq görünür.  

Ekspert bildirib ki, söhbət şagirdlərin, müəllim heyətinin sağlamlığından gedirsə, bu işi hər kəsə həvalə etmək olmaz. Onun sözlərinə görə, bufet işçilərinin vaxtlı-vaxtında sanitar-gigiyena qaydalarına əməl etmələri, eyni zamanda, onların öz işlərinin öhdəsindən lazımi dərəcədə gəlib-gəlmədikləri yoxlanılmalıdır. Qanunvericilikdə də belə bir müddəa var ki, “Qida blokunun işçiləri iki ildə bir dəfədən az olmayaraq, sanitariya-gigiyena minimumları üzrə hazırlıq kursları keçməlidirlər”. 

 

Ekspert qeyd edib ki, bu məsələlər kompleks şəklində həll olunmalıdır. Bütün məktəblərə eyni sistem, qayda, tələblər tətbiq olunarsa, nöqsanların qarşısını almaq olar. 

 

Məktəb daxilində fəaliyyət göstərən bufetlərin işinin təşkili və keyfiyyəti ilə bağlı qanunvericilikdə təsdiqini tapmış müddəaları təqdim edirik:

 

- Təhsil müəssisəsinin tipindən, növündən və tədris müddətindən asılı olaraq, iaşə obyektləri bufet və (və ya) yeməkxana formasında təşkil edilir.

- Təhsil müəssisəsində iaşə xidməti təhsil müəssisəsi ilə hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilə əsasında qanunvericiyə müvafiq olaraq təşkil olunur.

- Təhsil müəssisələrində fəaliyyət göstərən iaşə obyektləri aşağıdakılardır:

1. ərzaq xammalı əsasında işləyən yeməkxanalar;
2. yarımfabrikat əsasında işləyən yeməkxanalar;
3. bufet-paylayıcı kimi fəaliyyət göstərən iaşə obyektləri.

- Bufet və yeməkxanalar üçün qida qəbulu zalları ayrılır. Onların sahəsi qüvvədə olan tikinti və sanitariya normalarına uyğun olmalıdır.

- Təhsil müəssisələrində fəaliyyət göstərən iaşə obyektlərinin sanitariya-texniki vəziyyəti, xammal və məhsulların saxlanma şəraiti, istehsalat rejimi, istehsalat sahələri, avadanlıqlar və s. sanitariya norma və qaydalarına uyğun olmalıdır.

- Qida blokunun (mətbəx, ərzaq məhsulları anbarı, qida qəbulu zalı, bufet, yeməkxana) işçiləri işə qəbul edilərkən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada ilkin və sonradan dövri tibbi müayinələrdən keçməlidirlər. 

Qida blokunun işçiləri iki ildən bir dəfədən az olmayaraq, sanitariya-gigiyena minimumlar üzrə hazırlıq kursları keçməlidirlər.