Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-29 11:28:00
DİM buraxılış imtahanlarını niyə eyni gündə keçirmir? - İDDİALAR və CAVABLAR

Dövlət İmtahn Mərkəzi (DİM) tərəfindən 2 aprel tarixində Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də növbəti buraxılış imtahanı keçiriləcək.


Bu imtahanlarda mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri, eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər iştirak edəcəklər.

Xatırladaq ki, bu il tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları 5 və 12 mart tarixlərində keçirilib.

Ümumiyyətlə, buraxılış imtahanlarının fərqli tarixlərdə keçirilməsi cəmiyyət arasında bəzi iddialar doğurub. Məsələn, fərqli tarixlərdəki imtahanlarda sualların çətinlik səviyəsinin eyni olamaması barədə narazılıq ifadə edilir.

 

Bəs cəmiyyət arasında müşahidə olunan narazılıqlar əsaslı hesab oluna bilərmi?

 

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov AzEdu.az-a imtahan sualları arasında ciddi fərqin olmadığını bildirib:

 

"Dünya təcrübəsində də belə bir mexanizm var: imtahanalar müxtəlif tarixlərdə keçirilir. Həmin imtahanlar məzmun və standart baxımından eyni olur. Birmənalı şəkildə burada haqq qazandırıla bilən məqamlar da var. Hər kəs elə hesab edir ki, bu ədalətli deyil. Təbii ki, yaxşı olar bütün imtahanılar eyni tarixlərdə keçirilsin və eyni test tapşırığı nümunələrindən istifadə olunsun.

Biz imtahan nəticələrini təhlil etdikdə, fərqli tarixdə keçirilən imtahan sualları arasında ciddi bir fərq müşahidə edilmir. Yaxud biz bunu 2021-2022-ci ildə keçirilən imtahan nəticələrini təhlil etdikdə görürük ki, fərqli tarixlər arasında keçirilən imtahan nəticəsində, ümumi orta balda bir bal belə fərq yoxdur. Amma ən ədalətlisi eyni ölçü vahidində olan imtahanların bərabər keçirilməsidir.

DİM birdən-birə bu qədər imtahan keçirə bilməz. Buna baxmayaraq, eyni imtahan mərkəzində iştirakçıların sayını artırmaqla bu mümkündür. Buraxılış imtahanı şəxsin təhsil aldığı ərazidən maksimum 5 km-dək məsafədə keçirilir. Və prinsip etibarı ilə qəbul imtahanlarının eyni gündə keçirildiyini biz görə bilirik. Buna baxmayaraq qəbul (blok) imtahanı iştirakçılarının sayı, buraxılış imtahanı iştirakçılarının sayından dəfələrlə azdır".

 

Ekspert bilidirib ki, hər bir iştirakçı imtahan verdiyi tarixdə düşən sulların çətin olduğunu iddia edir:

"Düşünürəm ki, eyni bacarıqlar eyni proqram əsasında yoxlanılırsa, eyni qiymətləndirmə alətləri tətbiq olunursa, suallar arasında ciddi bir fərq ola bilməz. Onu da nəzərə almaq lazımdır ki, biz hər bir imtahan iştirakçısının fikrinə əsasən deyə bilmərik ki, imtahan sualları arasında fərq müşahidə olunub. Bu psixoloji bir məsələdir. Hər imtahan iştirakçısı öz imtahan verdiyi tarixdə sualların çətin olduğunu bildirir. Amma yenə də imtahanların eyni tarixdə keçirilməsi daha doğru olar. Bu həm də DİM-in əlavə resurs və xərclərini də azaltmış olar. Eyni xərclər üç dəfə yox, bir dəfə çəkilərsə, daha doğru olar".