Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-16 06:12:26
Dillər Universitetinin tələbəsi: "Qızım həkim, oğlum diplomatdır"
Azərbaycanın ən yaşlı tələbəsi Bəhram Şamilov hazırda  Azərbaycan Dillər Universitetinin Filologiya və jurnalistika fakültəsində dil və ədəbiyyat müəllimliyi (ingilis dili üzrə) ixtisası üzrə  oxuyur. 59 yaşlı Bəhram Şamilov hazırda  üçüncü kurs tələbəsidir. 
AzEDU.az saytı onunla müsahibəni təqdim edir:
 
- Bəhram müəllim, zəhmət olmasa əvvəlcə özünüz haqda məlumat verin:
 
- Mən 1959-cu il martın 10-da Tbilisi yaxınlığında, Zaqafqaziya hərbi dairəsində anadan olmuşam. 7 yaşımda oradan çıxmışam. Atam Sovet ordusunda zabit olub. Siz də bilirsiz ki, hərbçilərin psixologiyası çətin olur. Üstəlik, anam ruhi xəstədir. Buna görə də 5 yaşımdan etibarən, həmişə gərgin vəziyyətdəyəm.  Əgər həkim olmasaydım, sağlamlığım olmazdı. 
 
SSRİ-nin Əfqanıstanla müharibəsində çox təhlükəli zonalarda olmuşam. Amma orduda yaxşı şərait vardı. Sağlamlığımızın qeydinə qalırdılar. Buna baxmayaraq, əsgərlikdə  travma aldım, pnevmaniya keçirdim... bir sözlə, təsadüfən sağ qalmışam. Müharibədə ölüm qorxusunu hiss etmişəm. Bu, çox dəhşətli bir şeydi. Mən bunların hamısının şahidi olmuşam. İndi müharibə veteranıyam. 59 yaşım var və sağlamlığım yaxşıdır. Artıq 3 ildir, gecələri rahat yatıram. Uzun müddət hospitalda travmatoloq kimi çalışmışam. 3 ildir ki, öz istəyimlə işdən çıxmışam. 
 
- Hazırda tələbəsiz, bundan əvvəlki fəaliyyətiniz nə olub? Haralarda oxuyub, haralarda çalışmısız?  
 
- Orta məktəbdə dərslərimi həmişə yaxşı oxumuşam. Hətta o vaxtı qızıl medala namizəd idim. Amma riyaziyyatdan keçə bilmədiyimə görə, onu əldə edə bilmədim. O vaxt deyirdilər ki, Tibb Universiteti yaxşıdır. Mən də ora 1975-ci ildə yüksək göstəricilərlə qəbul olundum. İlk təhsilimi elə burada almışam, amma ondan sonra bir neçə  universitetdə də oxudum.  Tibb Universitetindən əlavə İqtisad Universiteti, sonra isə Rəssamlıq Akademiyasına qəbul olmuşam. İndi də Azərbaycan Dillər Universitetinin tələbəsiyəm. 
 
İqtisadiyyat Universitetində texnoloji dizayn üzrə təhsil almışam. Rəssamlıq Akademiyasına qəbul olunanda, ora hələ yeni açılmışdı. Qəbul olundum, amma yadımdan çıxdı ki, qəbul olmuşam, getmədim.  Ona görə də oranın məzunu ola bilmədim. Arxitektura təhsili almaq istəyirdim. Çünki bu sahə həm elm, həm də incəsənətdir. Böyük maraq və həvəsim vardı. Çox güman ki, məni qrafikaya götürərdilər. Dekan istəyirdi ki, oxuyum.  Həm də bu,  birinci təhsilimə uyğun gəlirdi. Çünki hər ikisində anatomiyanı, topoqrafiyanı bilmək lazımdır. 
 
İndi Rəssamlıq Akademiyasına axın var. O vaxtlar belə deyildi. İndi  ora qəbul olmaq üçün 5 kompozisiya, 5 qrafika, 5 rəngkarlıq tələb olunur. Sonradan özümü sınamaq üçün yenə akademiyaya imtahan verdim. Qabiliyyətdən buraxmadılar. Dedilər ki, bizim kateqoriyalara uyğun gəlmirsən. Keçsəydim, bəlkə də yaxşı rəssam olardım. Nə qədər rəsm çəkmişəm. Şedevrlərim var.
 
Bura isə 2013-cü ildə qəbul olmuşam. İmtahanda 300-dən aşağı bal topladım. Atam da elə bu universiteti bitirib. 
 
- İndi də rəsm çəkirsiz?
 
- Vaxtilə yaxşı rəsm çəkirdim. İndi də məşğul oluram, amma insan rəsmlə işləmədikcə əli yadırğayır. Rəssamlığı çox sevirəm. Sonuncu rəsmimi təxmini 2-3 ay öncə çəkmişəm. O da ki, adi cızma-qara idi. Düzü, indi rəsm çəkməyə elə də marağım qalmayıb.
 
 Hərdən deyirəm ki, bu incəsənət kimə lazımdı axı? Tarix boyu insanlar ideal yerlərdə yaşamaq istəyiblər. Öz mənafelərini, şəraitlərini düşünüblər.
 
- Məsələn, necə rəsmlər çəkirdiz? Hansı janra üstünlük verirdiniz?
 
- Əsasən, portret işləyirdim. Kəllənin quruluşunu çəkmişəm. Yüksək  səviyyədə, formata uyğun işləyirəm.  Akademiya üçün büst şəkli də çəkmişəm. 
 
- Neçə il həkim  işləmisiz?
 
- 30 il travmatoloq kimi fəaliyyət göstərmişəm. Travmatoloq həm rəssam, həm də yaxşı anatom olmalıdı. Topoqrafiyanı güclü bilməlidir. Bu baxımdan rəssamlıq tibblə oxşardır. Mən həkim kimi çox səliqəli işləyirdim. Rusiyada xəstələri əməliyyat edirdim.
 
- Bəs, necə oldu ki, Azərbaycana gəldiz? Bura gələndən sonra da həkim kimi işləməyə başladız?
 
- Azərbaycana təsadüfən gəlib düşdüm. Heç bilmədim necə oldu. Atamın işimə görə başı qarışıq olurdu, anam da ruhi xəstə idi. Gördüm ki, bu cür bacarmıram. Ailə qurdum. Yoldaşım da həkim idi. Hospitalda işləyirdi.  Bir neçə ay keçəndən sonra gördüm ki, halı yaxşı deyil. Sən demə, bunlarda da genetik olaraq ruhi xəstəlik var imiş. Məlum oldu ki, ruhi xəstədir. Xəstəxanada yatırdı. Mən gec bildim. Kim öz xəstəliyini əvvəldən deyər ki? Mən yoldaşım haqda çox fikirləşirdim. Sonra gördüm ki olmur. Artıq onun haqqında fikirləşmədim. Ölənlə ölməzlər ki...
 
- Bir neçə ixtisas üzrə  təhsilini almısız. Tam fərqli sahələrə  yiyələnmə istəyi sizdə haradan yarandı?
 
- Təsadüfən oldu. Həmişə oxumaq, öyrənmək istəmişəm. Normal təhsil almasa insan özünü irəli  apara bilməz. 59 yaşım var, bu gün oxuyuram, öyrənirəm. Hazırda üçüncü kursda oxuyuram.
 
- Tələbə təqaüdü alırsız?
 
- Xeyr, almıram. 
 
- Burada ödənişli oxuyursuz?
 
- Xeyr, müharibə veteranı olduğuma görə ödənişsiz təhsil alıram. Yoxsa, hardandı məndə o pul? Cəmi 300 AZN təqaüd alıram.
 
- Yaşınız 60 –ı haqlayır. Maraqlıdır, universiteti bitirəndən sonrakı planlarınız nədir? Hansı sahədə işləmək istəyərdiz?
 
- Mən heç vaxt planla işləməmişəm. Heç bir arzum, planım olmayıb. Fikirləşmirəm ki, pul qazanım. Oxumaq, öyrənmək istəyirəm. Məsələn, mən riyaziyyatı çox xoşlayırdım. Oturub saatlarla fikirləşirdim, nələrisə beynimdə həll edirdim və bu mənə stimul verirdi. Riyaziyyatla məşğul olanda içki, siqaretdən də uzaq idim. Amma gedib Tibb Universitetinə düşdüm....
 
- Oxumağı bildik, bəs iş necə, hazırda haradasa çalışırsız?
 
- 3 il əvvəl özüm hospitaldakı işimdən ayrıldım. Heç yerdə işləmirəm. Özümü idarə edə bilmirdim, tez hövsələdən çıxırdım.  Hərbidə sistem də pis idi. Qəsdən gəlib adama ilişirdilər. Müharibə vaxtı da düşməndən yox, özümüzkülərdən qorxurdum. Heç bilmirdim nə millətidirlər. Hərə bir yerdən gəlirdi.
 
- İşləmədən ananız və özünüzü  necə saxlayırsız? Maddi problemlərinizi necə həll edirsiz?
 
- O vaxt vəziyyətim pisləşəndə mənə dedilər ki, sizə xəstəliyinizə görə təqaüd yazaq. Razılaşmadım. Dedim ki, ehtiyac yoxdur, mən işləyəcəm. Maaş alıb bir təhər dolanırdım. Təqaüd istəmirdim. Mənə yalnız yemək lazım idi. Bir neçə ay keçəndən sonra gördüm ki, həqiqətən özümü yaxşı hiss etmirəm. İşim də çətin idi. İstəyirdim ki, mənə yüngül iş versinlər. Artıq çox xəstə, qan görəndə dözə bilmirdim. Zarafat deyil, 30 il çətin şəraitdə işləmişəm.  Özüm gedib dedim ki, mənə təqaüd yazın.
 
 İndi 300 manat təqaüd alıram. Bu pula yeməyimi ancaq təmin edə bilirəm. Evin bütün xərclərini mən ödəyirəm. Yaşadığım ev anamın adınadır. Anamla birgə bir otaqlı evdə yaşayıram. O da ki, xəstə adamdır. Hər gün səhər tezdən durub eyni sözləri təkrarlayır.
 
Əvvəlki evimi dağıdıblar. Bilmirəm niyə. Şikayət etmişəm, demişəm, özünüz araşdırın ki, haqlıyam, ya yox? Tam obyektiv araşdırın! 
 
Hərbçilər üçün müasir yataqxanalar tikiblər. Mənə təkcə yatmağa yer lazımdı, neynirəm onu? Onsuz da rəssamlar çox vaxt tək yaşayırlar.
 
- Övladlarınız var?
 
- Bəli, kiçik qızım Tibb Universitetini müalicə işi fakültəsini bitirib. Çox oxuyub. Sonradan gedib Türkiyədə kurs keçib. Bir neçə ay bundan əvvəl gəlmişdilər. Görüşdük. Anası ilə bir yerdə qalırlar. Türkiyədə idilər. Sonra  Səudiyyə Ərəbistanına getdilər. O vaxt ora həkimlər çox gedirdi. Çünki maaş yaxşı idi. O biri övladım ingilis dilində təhsil alıb, diplomatdır. Hazırda bilmirəm Azərbaycandadır, ya yox. 
 
- Onlarla əlaqəniz var?
 
- Telefonla əlaqə saxlayırıq. Evdə telefonum var. Onlar özləri pul qazanır. Maddi ehtiyaclarını ödəyə bilirlər. Köməyimə heç ehtiyacları yoxdur. Mən də öz başımı saxlayıram.
 
Bir ara istəyirdim, qida sektoruna keçim. Qohumlarım, tanışlarım bu sahədə çalışırlar. Yaxşı pul qazanmaq olur. Amma...
 
- Bəhram müəllim, bu yaşda universitetə qəbul olmağınıza, ailənizin, uşaqlarınızın münasibəti necədir?
 
- Bizdə bir-birimizin işinə qarışmaq kimi bir adət yoxdur. Amma anam xəstə qadındır. Əlbəttə ki, hər şeyə mənfi reaksiya verir. Xoş söz danışmır. Həmişə depressiyaya meylli olur. 
 
- Özünüzdən xeyli  kiçik tələbələrlə oxuyursuz. Onlarla ünsiyyətiniz necədir? Bir problemlə üzləşmisiz?
 
- Yox, mən ümumiyyətlə, çox ünsiyyəti xoşlamıram. Rəssamlarla söhbət etmək istəyirəm. Bir adam rəssam deyilsə, onunla danışmaq istəmirəm. Rəssamların psixologiyası başqa olur. Qrupda bir-iki nəfər rəsmdən anlayan uşaqlar var. Onlarla söhbət edirəm. Amma  aramızda olan yaş fərqini qəbul etmirəm. Ümumiyyətlə, bunu heç hiss etmirəm.
 
- İndiki gənc nəsli, xüsusilə də tələbələri necə qiymətləndirirsiz?
 
- İstərdim ki, gənclər yazdıqlarımı oxusunlar, dediklərimə qulaq assınlar.
 
Mən kommunist olmuşam. O vaxtı bizi yaxşı öyrətmirdilər. Özüm oxuyub nəticə çıxarmışam. Ümumiyyətlə, proqramla bağlı bəzi təkliflərim var: 3-cü kursda, ingilis dili və ədəbiyyatı müəllimliyi ixtisasında təhsil alıram. Proqramı bitirəndən sonra mən ingilis kimi danışmalıyam. Metodikanı birinci kursda keçməli idik. Biz artıq sonuncu kursa yaxınlaşırıq. Amma onu indi keçməyə başlayıblar. Belə şey olar?! İlk kursdan metodika keçmək lazımdır. Qoy tələbə necə öyrətmək lazım olduğunu bilsin, sonra öyrənsin. Bundan əlavə proqramla tələbələri çox yükləmək olmaz. Digər fənlərdən saatı azaltmaq, ixtisas fənlərinə, fonetikaya fikir vermək lazımdır. Məncə, auditoriyada müəllim üç nəfərdən az olmamalıdır. Qiymət üç müəllimin  iştirakı ilə yazılmalıdır. Yəni, demokratiya olmalıdır.
 
- Universitetin rektoru ilə görüşünüz olub?
 
- Yox, olmayıb. Mən  qəbul olanda burada rektoru əvəz edən var idi. Onu da elə-belə, dəhlizdə görmüşəm. Qəbulunda olmamışam. Rəsmi danışığımız olmayıb. 
 
- İmtahanlardan kəsiriniz  olub?
 
- Yox, olmayıb. Mən hər gün oxuyuram, hazırlaşıram. Niyə olsun ki?!
 
- Qrup yoldaşlarınız sizə necə müraciət edir?
 
- Bəzən, Bəhram müəllim deyirlər, bəzən, elə Bəhram. Ümumiyyətlə, insan yalnız tanış olanda və müraciət edəndə kiminsə adını çəkə bilər. Tez-tez ad çəkmək düzgün deyil. Məncə, insanlara “xanım” və  “bəy” deməyi daha uyğun bilirəm. Özüm də oğlanlara “bəy”, “cənab” deyə müraciət edirəm. Təəccüblənir, qəribə reaksiya verirlər. İzah edirəm ki, qızlara “xanım” deyirəmsə , oğlanlara da “cənab”, “bəy”  deməliyəm. 
 
- Qrup yoldaşlarınızın sizdən məsləhət aldığı vaxt olubmu?
 
- Yox, çox nadir hallarda. Bəlkə də heç olmayıb. 
 
- Neçə əcnəbi dil bilirsiz?
 
- 52 ildir ki, rusca danışıram. Çətinliyim əlifbalardadır. Neçə ildir ki, kiril əlifbasında oxumuşam. İndi latına keçmək çətin gəlir. Rusca daha tez başa düşürəm, nəinki ingilis dilində. İngiliscə mətnlər olanda onları ruscaya çevirib yadda saxlayıram. Yeddi dildən istifadə edirəm: Rusca, azərbaycanca, gürcücə, ingiliscə, fransızca, almanca və türkcə. Fikrimi sadə cümlələrlə çatdıra bilirəm. İl yarım fransız dili kursuna getmişəm. Başqaları bu dili  uzun müddətə öyrənə bilmir. Fransızcaya çox həvəsim vardı. Alman dili ilə isə yeddi il məşğul olmuşam. O vaxt qonşularım da almanlar idi. 
 
Adətən əlavə bilikləri rus ədəbiyyatından toplayıram. İstəyirəm ki, bildiklərimi müxtəlif dillərdə çatdırım.  İddia edirəm ki, danışdıqlarım, yazdıqlarım fəlsəfə elmləri doktorunun söyləyəcəklərinə bərabərdir.
 
- Müəllimləriniz sizinlə gənc tələbələr arasında hansısa fərqi qoyurlarmı?
 
- Xeyr, mən belə bir şey hiss etməmişəm.
 
- Qəbul imtahanında yığdığınız bal sizi qane edib? 
 
- Mənim üçün neçə bal yığmağın fərqi yoxdur. Bir işə başlayanda maksimum çalışıram ki, öhdəsindən gələ bilim. Mən çox oxuyuram. Həmişə yeni nələrsə öyrənmək istəyirəm. Səhər saat 9-dan 7-ə qədər burada oluram. Dərs bitəndən sonra kitabxanada otururam. Burada Amerika Mərkəzi var. Çox vaxt orada oturub oxuyuram. 
 
- Qrup yoldaşlarınızla aranızda hansısa maraqlı hadisələr olubmu?
 
- Xeyr!
 
- Adətən, semestr imtahanlarından neçə balla keçirsiz?
 
- Bal deyəndə ki, çox vaxt “c” kateqoriyasını alıram.  Çox oxumuşam. Kimya və fizikadan tələbə hazırlamışam. Özü də pulsuz hazırlaşdırmışam. Biri Tibb Universitetinə, biri isə ADNSU-ya qəbul olub. Mən qısa vaxt ərzində ona elə istiqamət verirdim ki, tələbə özü rahatlıqla oxuyub öyrənirdi.
 
- Çoxlu kitab oxuyursuz. Yaş ötdükcə oxuduqlarınızı yadda saxlamaqda çətinlik çəkmirsiz ki?
 
- O vaxt  bütün nəzəri məlumatları əzbər bilirdim. Qalın botanika kitabını əzbərləyib beynimə həkk etmişdim. Qısa vaxt ərzində hazırlaşıb imtahan verirdim. Elə indi də yadımda qalır, çətin deyil! Hətta yaddaşım getdikcə daha da yaxşılaşır. İmtahan vaxtı nələrisə unuduram. Gedirəm, evdə xatırlayıram ki, bu məsələ imtahanda yadımdan çıxdı. 
 
Əslində, düşünürəm ki,  yaşlı olduğuma görə mən inklüziv təhsil alsaydım, daha yaxşı olardı. O da deyəsən, bu universitetdə yoxdu. Dəqiq bilmirəm. Mənim müxtəlif esselərim də var. Kommunikasiya, Nizaminin “Leyli Məcnun”u haqda və s. Məsələn, evdə oturduğunuz vaxt kimsə içəri girir. Deyirsiz ki, mən də elə bu dəqiqə sənin haqqında düşünürdüm. Deyirlər ki, bu adamın ürəyi düzdür. Amma bilmirlər ki, burada kommunikasiya var. Təkcə dil yox, jestlər, fikirlər də kommunikativdir.
 
Lamiyə Süleymanlı
 
Lamiyə Süleymanlı
Müəllifin digər yazıları