Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-22 15:38:00
Müəllimlər şagirdə yalan danışmağı öyrədir - TƏNQİD

Orta məktəblərdə "açıq dərs"lər təşkil olunur ki, bu da özündə bir neçə mərhələni birləşdirir. Bəzi müəllimlər "açıq dərs" anlayışını bir növ şou, göstəriş, qeyri-adi dərs kimi qəbul edir və öz şagirdlərinə qəbul etdirir. Bəziləri əvvəlcədən şagirdin nə deməli olduğunu ona əzbərlədir.

 

Bəs bu cür davranışlar "açıq dərs"i hansı anlama salır? Problemi aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?

 

Tarixçi müəllim Arif Gürşadoğlu AzEdu.az-a deyib ki, problem əksər məktəblərdə müşahidə olunur:

 

"Məktəblərdə "açıq dərs"lərin şouya çevirilməsi son zamanlar çox müşahidə olunur. Bunu bəzi yox, əksər müəllimlərə aid edə bilərik. Mövzu əvvəlcədən müəyyən olunur, bir neçə gün şagirdlərə əzbərlədilir və sonda xırda bir göstəri təqdim olunur. Hətta şagird dərsin hansı saatında nə edəcəyini bir neçə dəfə məşq edir. "Açıq dərs"lər elə bir formada keçirilməlidir ki, onun gedişində digər müəllimlər, məktəb rəhbərliyi iştirak edə bilsin.

 

"Açıq dərs"ə həftələrlə hazırlaşan müəllim həm özünü, həm də şagirdi aldatmış olur. Müəllim şagirdə bu yaşda yalan danışmağı öyrədir. Şagird bunun "açıq dərs" olmadığını özü də anlayır. Təəssüf hissi ilə qeyd edirəm ki, bu ənənə əksər məktəblərdə müşahidə olunur. Bunun qarşısını almaq üçün mütləq şəkildə addımlar atılmaldır".

 

A.Gürşadoğlu "açıq dərs"ə hazırlıqla bağlı vacib məqamlardan danışıb:

 

"Təhsil ocaqlarında "açıq dərs" tam olaraq açıq formada aparılmalıdır. Dərsdə məktəb rəhbərliyi, regional idarə, yaxud hansısa üst qurum iştirak edə bilər. Yalnız bu zaman o "açıq dərs" hesab edilir.


Ümumilikdə, məktəb rəhbərinin nəzarətində "açıq dərs"lərdən öncə yalnız bu məlumatlar verilə bilər ki, növbəti dərs "açıq dərs" olacaq və orada müvafiq üst qurumlar gəlib işgirak edə bilər. Əks təqdirdə,  bu "açıq dərs" olmayacaq".