Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-07 09:51:00
MİQ proqramı universitet proqramına uyğun gəlmir - DEPUTAT

Şagird müəllim olmaq üçün hazırlaşır, lazım olan balı topladıqdan sonra hər hansı pedaqoji ixtisas üzrə tələbə olur. 4 il oxuyur və bitirdikdən sonra orta məktəbdə müəllim ola bilmək üçün yenə hazırlaşmağa başlayır. Qəribədir ki, bu zaman əksərən universiteti yüksək nəticə ilə bitirən şəxslər MİQ imtahanında yüksək nəticə əldə edə bilmir. Bu məqamda sual yaranır:

 

Dörd  il ərzində universitet tələbəyə nə verdi? Nə üçün universiteti yüksək nəticə ilə bitirənlər MİQ imtahanında uğur əldə edə bilmirlər?

 

Mövzu ilə bağlı deputat Sona Əliyeva AzEdu.az-a açıqlamasında bunun səbəbini  iki problemlə izah etdi:

 

“Görünür ki, MİQ proqramı, universitet proqramı ilə eyni deyil. Bu problemi biz orta məktəblərdə də müşahidə edə bilərik. Orta məktəb proqramı ilə DİM-in proqramı da  uzlaşmır. DİM məktəblərdəki dərs səviyyəsinə nisbətən sualları çətin tərtib edir. Orta məktəb müəllimləri bu barədə məlumatlı deyil. Əsasən bu barədə repititor müəllimlər informasiya verir. Eyni problemi biz MİQ imtahanlarında görə bilirik. Universitetdən yüksək nəticə ilə məzun olan tələbələr MİQ imtahanında uğur əldə edə bilmirlər. Burada belə bir nəticəyə gəlinir ki, ya tədris proqramında uyğunsuzluq var, ya da MİQ-in qoyduğu tələblər tədris proqramında tam olaraq ödənmir”.

 

Deputat həmçinin tələbələrin də əsas problemindən söz açıb:

 

“İkinci bir məsələ və reallıq ondan ibarətdir ki, universitetdə təhsil almaq çox rahatdır. İmtahan sualları tələbələrə əvvəlcədən kafedra tərəfindən təqdim olunur. Lakin bizim tələbələr daha çox əzbərçiliyə meyillidirlər. Sualları əzbərləyib universitet imtahanında yüksək nəticə əldə edirlər və daha sonra eyni metodun MİQ imtahanında keçmədiyinin şahidi olurlar. Bu problem DİM-in qəbul imtahanlarında da müşahidə olunur. Belə ki, 600-700 bal aralığı toplayan abituriyentlər universitetlərdə oxumaqda çətinlik çəkirlər”.