Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-29 15:22:00
“Xəstə uşaqlar məktəb və bağçalara buraxılmamalıdır”-Həkimdən ciddi xəbərdarlıq

 

 

“Xəstəlikdən ən çox əziyyət çəkənlər gənclər, xüsusilə azyaşlı uşaqlardır. Bu baxımdan valideynlər məsələyə daha məsuliyyətlə yanaşmalıdırlar”

 

 

AzEdu.az-a açıqlama verən pediatr Vaqif Qarayev son zamanlarda yayılan xəstəliklə bağlı gənclərə, xüsusilə azyaşlı övladı olan valideynlərə vacib tövsiyələr verib.

 

Pediatr yayılan xəstəliklə bağlı hansı profilaktik tədbirlərin həyata keçirilməli olduğunu xüsusi vurğulayıb:

 

“Bugünkü pandemiya həddindən artıq aqressivdir. Yoluxma faktları da artıq. Ölkədə az qala sağlam adam tapmaq olmur. Hazırda yayılan xəstəliyin xüsusiyyətlərindən biri də sağaldıqdan dərhal sonra yenidən yoluxma riskinin olmasıdır. Xəstəlikdən ən çox əziyyət çəkənlər gənclər, xüsusilə azyaşlı uşaqlardır. Bu baxımdan, valideynlər məsələyə daha məsuliyyətlə yanaşmalıdırlar.

 

Hazırki epidemiya da daxil olmaqla, bütün xəstəliklər üçün ən vacib profilaktik tədbir insanların sıx olduğu məkanlara getməməkdir. Hara olmasından asılı olmayaraq insanların sıx yerləşdiyi ərazilərdən özümüzü də, övladlarımızı da uzaq tutmalıyıq. Qış aylarıdır və sıxlıqların olduğu yerlərdə virusların yayılma ehtimalı olduqca böyükdür. Təmiz hava almaq üçün gəzintilərə çıxmaq lazımdır. Ancaq insan sıxlığı müşahidə olunan məkanlar qəti surətdə tövsiyə olunmur”.

 

V.Qarayev uşaqların xəstəliyə yoluxması zamanı məktəb rəhbərliyi və valideynin öz məsuliyyətlərini yerinə gətirməsini  tələb edir:

 

 

“Yoluxmuş uşaqlar tam sağalmayana kimi heç bir kollektivə daxil olmamalıdır. İstər bağça olsun, istərsə də orta məktəbdə digər şagirdləri yoluxdurmaq riski olduqca yüksəkdir. Valideynlərin dediklərinə görə daha çox özəl məktəblərdə və özəl bağçalarda bu məsələyə əməl olunur. Həkim kontingenti fəaliyyət göstərir. Personallar səhər yoxlanışı zamanı xəstəlik aşkarladığı şagirdi məktəbə və ya bağçaya buraxmır. Ancaq bu hal bütün məktəblərdə eyni cür olmalıdır. Valideyn öz məsuliyyətini dərk edib övladını məktəbə göndərməməlidir. Məktəb isə xəstə şagirdi qəbul etməməlidir”.

 

Pediatr:”..valideynlər bu məsələ ilə bağlı öz övladlarına qarşı məsuliyyətsizlik edirlər. Xəstəliyin yayılmasına əhəmiyyət vermədən istirahət məqəsdilə əyləncə mərkəzləri və digər insan sıxlığı müşahidə olunan məkanlara üz tuturlar”.

 

“Pandemiya ilə əlaqədar olaraq təcrid sözü bizi çox qıcıqlandırır. Ancaq bu yerinə yetirilməsi zəruri haldır. Xəstə uşaq evdə yataq şəraitində olsa daha tez sağalar. Tətil müddətində xəstə uşaqın sadəcə olaraq təmiz hava almaq üçün gəzintilərə çıxması tövsiyə olunur. Mümkün qədər ev şəraitində olmağı, həm özünün sağalması, həm də digərlərini yoluxdurmaması baxımından əlverişli olar. Ancaq valideynlər bu məsələ ilə bağlı öz övladlarına qarşı məsuliyyətsizlik edirlər. Xəstəliyin yayılmasına əhəmiyyət vermədən istirahət məqəsdilə əyləncə mərkəzləri və digər insan sıxlığı müşahidə olunan məkanlara üz tuturlar”. 

 

Vaqif Qarayev ev şəraitində olduqda və gəzintilərə çıxdıqda ayrı-ayrı hansı məsələlərə diqqət yetirilməli olduğunu qeyd etdi

 

 

“Profilaktik tədbirlər sırasında qida məsələsini də xüsusi qeyd etməliyik. Meyvə və tərəvəzlərə daha çox üstünlük verilməlidir. Mümkün qədər ət yeməkləri ilə qidalanmalıdır. Gün ərzində bol maye qəbul olunmalıdır. Əgər evdən çıxmırlarsa, otağın havası tez-tez dəyişdirilsin, ilıq duşlardan istifadə etsin. Evdən çıxırsa, burnunu və ağzını kip bağlaması tövsiyə olunmur. Düşünsək ki, təmiz hava almaq üçün gəzintiyə çıxır, nəfəs yolunu bu qədər bağlaması düzgün deyil. Bundan başqa evdən çıxan zaman qalın paltarların üst-üstə geyinməsi məqsədəuyğun sayılmır. Çünki uşaq gəzir, qaçır, oynayır və qalın geyimdə olduqda tərləyir. Bu da xəstəliyə zəmin yaradır. Havaya uyğun geyindirmək lazımdır. Bundan başqa yuxu rejiminə də diqqət yetirilməlidir”.

 

Qeyd edək ki, qeyd olunan bu tədbirlər heç bir ekstra yenilik daşımır. İllərdir eyni məsləhətlər verilir. Əsas məsələ öz məsuliyyətimizi dərk edib, bu tövsiyələrə əməl etməkdir.