https://www.zirve.edu.az/
15.03.2018 08:34
"Nizami irsinin hələ açılmamış çox qatları var" - Alman profesor
Çap et

"Bakıda keçirilən “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” mövzusunda beynəlxalq elmi konfrans çox əhəmiyyətlidir. Bir tərəfdən ona görə ki, bu konfransda müxtəlif ölkələrdən nümayəndələr iştirak edirlər, digər tərəfdən isə mövzu çox aktualdır. Məlum olur ki, bu gün də Nizami ilə bağlı müxtəlif suallar ortaya çıxır. Nizami irsinin o qədər qatları var ki, onların hələ hamısı açılmayıb".

AzEdu.az bu fikirləri VI Qlobal Bakı Forumu çərçivəsində martın 14-də keçirilmiş “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” adlı beynəlxalq elmi konfransın iştirakçısı, Almaniyanın Berlin Humboldt Universitetində fəaliyyət göstərən Azərbaycan tarixi kafedrasının müdiri professor Eva Maria Aux Azərtac-a müsahibəsində deyib.

Müasir dövrün çağırışlarının tədqiqatçıların yaradıcılığında da əks olunduğunu söyləyən almaniyalı professor diqqətə çatdırıb ki, Bakıda keçirilən konfrans bir çox suallara birgə cavab axtarılması üçün gözəl imkandır. Burada müxtəlif ölkələrdən ayrı-ayrı elm sahələri üzrə mütəxəssislər təmsil olunurlar, yəni konfrans iştirakçıları sırasında təkcə dilçilər, ədəbiyyatşünaslar deyil, həm də tarixçilər, filosoflar, islamşünaslar var. Bu mövzu ilə bağlı müxtəlif elm sahələri arasında əlaqəli işləmək çox maraqlıdır. Hətta yeni yaradıcı qrup təşkil etmək, köhnə materialları yenidən nəzərdən keçirmək mümkündür.

“Əlbəttə, Nizami Gəncəvi Azərbaycanda dünyaya gəlib. Lakin daha maraqlı olan onun süjetləri, bəşəri dəyərləri təbliğ etməsidir. Hazırda bizim Azərbaycanda müşahidə etdiyimiz tolerantlıq da elə bu dəyərlərdən biridir. Nizaminin universal dəyərləri həm də Azərbaycanın milli identikliyinin bir hissəsidir”, - deyə almaniyalı professor bildirib.

Xatırladaq ki, “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” mövzusunda beynəlxalq elmi konfrans Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilib.