Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-19 12:00:00
Valideynlər üçün vacib tövsiyə - Şagird psixologiyası ilə ehtiyatlı olun

 

 

“Gənclərin psixologiyasında önəm daşıyan məsələlərin böyük bir qismi valideynlərin üzərinə düşür. Onların psixikasının sağlam şəkildə formalaşmasında ailə faktoru vacib mövqedədir”.

 

Bunu AzEdu.az-a açıqlamasında psixoloq Rövşən Nəcəf bildirib. O, valideyn amilinin şagird psixologiyasına təsirindən danışarkən maraqlı detallara toxunub.

 

Qeyd edək ki, bu gün məktəblərdə psixoloji işin təşkili o qədər də ürəkaçan deyil.  Şagird psixologiyası həssas qrup hesab edildiyi üçün onlarla mütəmadi olaraq bu mövzuda söhbət etmək, problemlərini bilmək vacibdir. Məktəbdə yaranan bu boşluğu valideyn şagird övladı üçün nə dərədəcə kompensasiya edir?

 

 

 

“Valideynlər bilməlidir ki, onlar həm də övladlarının dostudur. Əgər valideynlər övladları ilə dostluq münasibətləri qura bilməsələr, uşaqlar suallarının cavablarını, problemlərinin həllini  başqa ünvanlarda axtaracaqlar. Ən böyük problemlərimizdən biri valideyin və övlad arasında körpünün qurulmamasıdır.  Bu isə qeyri-sağlam münasibətdir.

 

Şablonlaşmış ifadə olsa da, bu bir həqiqətdir ki, "uşaq evin güzgüsüdür". O, ailədən hansı formada münasibət görürsə psixologiyası da həmin istiqamətdə formalaşır. Və ailə fərdlərinin münasibəti uşağın davranışlarında baza rolu oynamağa başlayır. Bu səbəbdən də əvvəlcə ailədə-valideyinlərdə psixoloji mühit sağlam olmalıdır ki, uşağın da psixi vəziyyəti normal şəkildə formalaşsın.

 

Psixoloqun fikrincə, valideynlərin şagird övladlarına psixoloji cəhətdən faydalı olmalarının əsas şərti onların nə istədiklərini, düşündüklərini dərindən bilmələridir:

 

“Valideynlərin övladları ilə sağlam münasibətlər qurmasının əsasını onların bir-birini tanıması təşkil edir. Xüsusən valideynlər övladlarını tanımaq üçün səy göstərməlidirlər. Bu zaman övladının problemlərinə hansı aspektdən yanaşmalı olduğunu dəqiq müəyyən edər. Gəncləri çərçivələrə salmaqdansa, onlara azadlıq vermək, potensialını göstərməyə şərait yaratmaq uşaqların dövrə uyğunlaşmasına müsbət istiqamətdə təsir göstərər.

 

Valideynlər hanısa məsələ ilə bağlı neqativ cavab verirsə, mütləq şəkildə bunun səbəbini də izah etməlidirlər. Övladını hanısa yoldan çəkindirmək üçün kor-koranə qadağalar tətbiq etmək çıxış yolu deyil. Qadağa heç bir zaman tərbiyə üsulu ola bilməz.

 

Uşağın psixikası ancaq sağlam mühitdə sağlam şəkildə formalaşa bilər. Ancaq etiraf etmək lazımır ki, ailələrin əksəriyyətində fərdlərin özünün psixi durumu ürəkaçan deyil. Bunun üçün ailə terapiyaları nəzərdə tutulub. Psixologiyada" üçbucaq görüşlər" adı verilən ailələr üçün nəzərdə tutulmuş faydalı seanslar mövcuddur. Təssüflər olsun ki, Azərbaycanda ailələr bu məsələyə o qədər də isti münasibət bəsləmirlər. Ailəyə obyektiv münasibət yoxdur, daimi olaraq münaqişələr yaşanır. Hər kəs bir-birinin həyatını özü də hiss etmədən "cəhənnəmə" çevirir və və o cəhənnəmdə də sonradan "cənnət" qurmaq olmur".